Yuxarı

Kölgə iqtisadiyyatını bitirəcək sistem

Kölgə iqtisadiyyatını bitirəcək sistem

Dünyada, xüsusilə də Avropa ölkələrində nağd puldan istifadə getdikcə azalır."Bloomberg" agentliyinin yaydığı məlumata görə, İsveç, nağd pulun istifadəsi ortadan qalxan ilk ölkə ünvanını qazanmaq üzrədir.İsveçdə nağd pulla ödəniş demək olar ki, qəbul edilmir.Ödənişlər ya plastik kartla, ya da mobil telefonla həyata keçirilir.Lakin bu durum İsveç hökumətini narahat etməyə başlayıb.Yayda İsveç Mərkəzi Bankı nağd pulların yox olması və bunun iqtisadiyyata təsiri ilə bağlı məruzə hazırlayacaq.Mərkəzi Bankın rəsmisi bildirib ki, bu qədər yüksək sürətlə nağd puldan imtina, pul infrastrukturunun qorunması baxımından problem yarada bilər.

Qeyd edək ki, ötən il İsveçdə dövriyyədə olan nağd pulun həcmi 40 faiz geriləyib. "Insight Intelligence" araşdırma saytının illik sorğusuna əsasən, isveçlilərin 36 faizi demək olar ki, nağd puldan istifadə etmir.Əhalinin 25 faizi isə həftədə bir dəfə nağd pula müraciət edir.Bu məqsədlə Mərkəzi Bank rəsmi olaraq elektron kron tətbiqi barədə düşünür.

Maraqlıdır, nağd puldan tam imtina etmək mümkündürmü? Ümumiyyətlə, bunun iqtisadi fəsadları ola bilərmi?

İqtisadçı-ekspert Əli Əhmədov "Cümhuriyət” qəzetinə bildirib ki, nağd puldan imtina tamamilə mümkündür:

"Kommunal və digər xidmət haqqının ödənişində, alış-verişdə nağd puldan imtina mümkündür. Hər kəsə məlumdur ki, həmin pulun ekvivalenti ölkənin Mərkəzi Bankında, eləcə də digər banklarında var. Yəni, biz istər nağd, istərsə də elektron pulla ödəniş edəndə həmin vəsaitlər fiziki cəhətdən də çatdırılır. Ödənişlərin nağdsız getməsi mümkündür.Amma Mərkəzi Bankın bununla bağlı ya qarantiyası, ya da hansısa formada pul ehtiyatı olmalıdır ki, ehtiyac yaranarsa, əməliyyatın ya sübutu kimi, ya da etibarlılıq göstəricisi kimi qəbul olunsun.Amma fiziki cəhətdən nağd puldan imtinanın heç bir problemi yoxdur.Gündəlik  kartdan istifadə edə biliriksə, məsələn, mağazaya, aptekə girəndə, maaş veriləndə, kommunal xidmət haqqı ödəyəndə, avtomobil alarkən bank hesabından köçürmə həyata keçirə biliriksə, bu, faktiki olaraq nağdı pulun ortadan çıxması deməkdir. Sadəcə, nağd pul kreativdir, beynimizdə qalıb ki, bunu dəyişmək olmaz. Əgər aldığımız maaş və gəlirlərimizin bütünlüklə hamısı karta keçsə, hər şeyin pulun kartla ödəyə bilərik. Hətta Azərbaycanda belə hər şeyin pulunu kartla ödəmək olar.Azərbaycanda problem yaradan əsas məsələlərdən biri elə nağd pul dövriyyəsidir.Zənnimcə, nağd pul dövriyyəsi kəskin azaldılmalıdır ki, kölgə iqtisadiyyatı ləğv olunsun.Kölgə iqtisadiyyatı azalsa, vergilər də yaxşı ödənilər, rəqabət də artar”.

Ekspert onu da xatırladıb ki, ötən il Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik etdi:

"Yeniliyə əsasən fiziki və hüquqi şəxslərə təqvim ayı ərzində 30 min və ya 15 min manat məbləğində nağd qaydada ödəniş edə bilərlər. Bu, çox yaxşı qaydadır və mən bu yeniliyin tərəfdarıyam.Əgər sahibkar heç bir qanunsuz fəaliyyətlə məşğul deyilsə, göstərdiyi xidməti də, köçürdüyü pulu da bank hesabına köçürsün.Ona görə də nağd pul dövriyyəsi kəskin şəkildə məhdudlaşdırılmalıdır.Bu, çirkli pulların yuyulmasının qarşısını alar, vergidən yayınan gəlirlərin aradan qalxmasına kömək edər.Araşdırsaq, görərik ki, azərbaycanlı sahibkarların çoxunun problemi ondadır ki, nağd pul ödəyib aldığı malları sonra sata bilmirlər.Qarşı tərəf onlara qaimə vermədiyinə görə, həmin sahibkarların səbəbi nağdı ödənişlərdən qaynaqlanan kifayət qədər problemləri olur.Nağdı ödəniş olmasa, bütün qanunsuz sexlərin, istehsalların hamısı leqallaşar”.

Azərbaycanda vergi dərəcələrinin aşağı salınmasına ehtiyac varmı?

Əli Əhmədov ehtimal edir ki, vergi dərəcələrinə yenidən baxıla bilər:

"Əslində, Azərbaycanda əsas problem vergilərin yüksək olması deyil. Burada əsas problem ondan ibarətdir ki, vergini hər kəsə eyni dərəcədə tətbiq etmirlər.Tutaq ki, iki şəxs mağaza işlədir.Sahibkarlardan biri qanuni yolla vergini 100 manat ödəyir.İkinci sahibkar isə vergini 20 manat ödəyir, 80 manata qənaət edir (rəqəmlər şərtidir).Bu zaman ikinci sahibkar mala endirim edə bilir.Endirim edə bildiyinə görə ikinci sahibkar birincidən irəlidə olur.Başqa sözlə, müştərilərə sərfəli qiymətlərə mal təklif edə bildiyinə görə ikinci sahibkar birincinin alıcısını əlindən alır.Deməli, ölkəmizdə əsas problem verginin yüksək olması deyil, onun hamıya ədalətli tətbiq olunmasıdır.Sahibkar rəqabəti mühüm məsələdir”.

"Azərbaycanlı sahibkarlar vergidən yayınmağa meyillidir”

İqtisadçı onu da qeyd edib ki, bəzi xarici ölkələrdə sahələrdən və regionlardan asılı olaraq endirimlər tətbiq edilir:

"Məsələn, uşaq qidaları üçün daha aşağı gəlir vergisi ödənilir. Azərbaycanda sahibkarlar o qədər də təmiz işləmirlər.Əgər hansısa sahəyə vergi güzəşti təyin olunsa, bu sahədə çalışmayanlar da xırda bir sex açacaqlar ki, guya onlar da bu sektorda çalışırlar.Halbuki detalın böyük bir hissəsi başqa sahəyə aiddir, amma vergidən yayınmaq üçün balaca sahəni də bura qatacaqlar.Ümumiyyətlə, azərbaycanlı sahibkarlar vergidən yayınmağa meyillidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları