Yuxarı

Milyonlarımız yenə Gürcüstana axacaq

Milyonlarımız yenə Gürcüstana axacaq

Gürcüstanda vergilər 5 dəfə azaldılır.Gürcüstanın Maliyyə Nazirliyi kiçik sahibkarlar üçün böyük güzəştlərin nəzərdə tutulduğu yeni vergi təşəbbüsü ilə çıxış edib.Ən maraqlısı budur ki, vergi sistemində oxşar yeniliyin edilməsi təşəbbüsü bir neçə gün əvvəl Azərbaycanda da səsləndirilib.Amma Gürcüstanda bu məsələ daha tez reallaşacaq."Qruziya Online” nəşri məlumat verir ki, qonşu ölkədəki vergi islahatı təşəbbüsünə əsasən, illik dövriyyələri və ya gəlirləri 500 min larini (200 min dollar) keçməyən şəxslər kiçik sahibkar sayılacaqlar.Qeyd edək ki, hazırda Gürcüstanda kiçik sahibkarlar o şəxslərə deyilir ki, illik gəlirlər 100 min larini (40 min dolları) keçməsin.Başqa sözlə, kiçik sahibkar olmaq həddi 5 dəfə artırılır.

Amma yeniliyin ən mühüm tərəfi vergi dərəcələrinə aiddir.Yeni təşəbbüs çərçivəsində sahibkarlara indiyədək görünməmiş güzəştli vergi dərəcəsi təklif ediləcək. Belə ki, kiçik sahibkarlar üçün vergi dərəcəsi beş dəfə azaldılaraq - 5 faizdən 1faizə endirilir. Təklifləri jurnalistlərə açıqlayan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze bildirib ki, yeni layihəyə əsasən, əvvəlcədən vergi ödəmə təcrübəsi ləğv olunur və kiçik sahibkarlar 1 faizlik vergini yalnız hər ayın sonunda ödəyəcəklər.

Bundan başqa, yeniliklərdən sonra kiçik sahibkarlara mühasib də lazım olmayacaq. Nazir bildirib ki, bu yenilik nəticəsində iş adamları əlavə müsahibatlıq işlərindən də azad ediləcəklər. Onlar yalnız nəzarət-kassa aparatı və qaimə-fakturalardan istifadə etməli olacaqlar.

Gürcüstanda tətbiq edilən və böyük ehtimalla qəbul ediləcək bu yenilik 120 min nəfəri əhatə edəcək.Dəyişikliklərin iyulun 1-dən qüvvəyə minməsi gözlənilir. Nazir bildirib ki, hökumətin bu dəyişiklikləri etməkdə məqsədi ölkə iqtisadiyyatında kiçik və orta biznesin payını artırmaqdır: "İstəyirik elə iqtisadi artıma nail olaq ki, bu əhalinin bütün təbəqələrini əhatə etsin”.

Kiçik sahibkarlarla bağlı vergi sahəsində oxşar yenilik Azərbaycanda da təklif olunub.Belə ki, fevralın 13-də Bakıda keçirilən "Vergilər.Şəffaflıq. İnkişaf” adlı konfransda çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov, sadələşdirilmiş vergi ödəyiciləri (bu əslində kiçik sahibkarlar sayılan təbəqədir) üçün dövriyyənin həddinin indiki 200 min manatlıq (117 min dollarlıq) həddinin aşağı olduğunu və onun qaldırılmasını təklif etmişdi.

Vergi dərəcəsinə gəlincə, maraqlıdır ki, hazırda bu məsələdə Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri üçün dərəcələr Gürcüstandan daha aşağıdır. Belə ki, hazırda Gürcüstanda bu göstərici 5 faiz olduğu halda, Bakıda bu dərəcə 4 faiz, regionlarda isə 2 faizdir. Amma Gürcüstandakı bu yenilikdən sonra bu ölkədə vergi dərəcəsi daha aşağı olacaq.

Maraqlıdır, Gürcüstanın cəlbediciliyi artdıqca azərbaycanlı sahibkarların qonşu ölkəyə axınına səbəb ola bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Gürcüstanda son illər həyata keçirilən islahatlar, Vergi Məcəlləsinin sadələşdirilməsi, qanunun aliliyinin təmin olunması bir çox ölkələrdən investisiyaların bu ölkəyə cəlb olunmasına səbəb olub:

"Son 5 ildə Gürcüstana 8 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycan dövlət səviyyəsində Gürcüstana investisiya qoyan ölkələr arasında liderdir.Burada daha çoxu dəmiryolu, nəqliyyat, neft-qaz kəmərləri, həmçinin böyük dövlət infrastruktur layihələrinə investisiyalar yatırılıb.Amma sadə insanlar da Gürcüstanda biznesini xeyli dərəcədə artırıb.Təəssüf ki, Azərbaycanda rəsmi rəqəmlər əldə etmək çətindir, bəzən də mümkün deyil. Amma Gürcüstan tərəfinin verdiyi məlumata görə, son 5 ildə azərbaycanlı iş adamlarının qeydiyyatdan keçirdikləri şirkətlərin, o cümlədən, aktiv iqtisadi fəaliyyət göstərməklərinin həcmi təqribən 5 dəfədən çox artıb. Bu isə onu deməyə əsas verir ki, Gürcüstan cəlbedici hala gəlib.Gürcüstanın Maliyyə Nazirliyinin yeni vergi təşəbbüsü ilk öncə kiçik sahibkarlığın həcmini artırır.Hazırda 500 min lariyə qədər illik dövriyyə kifayət qədər böyükdür. Ay ərzində təqribən 17500-1800 dollara yaxın vəsait edir ki, bu da kiçik sahibkar üçün kifayət qədər böyük rəqəmdir. Həm dövriyyənin həcminin artması, həm dövriyyədə olan verginin 1 faizə qədər aşağı salınması, Gürcüstanda iqtisadi aktivliyə ciddi təsir göstərəcək.Yəni, 500 min lari dövriyyəsi olan fiziki şəxs ildə cəmi 5 min lari vergi verəcək.Bu da kifayət qədər aşağı göstəricidir.Təbii ki, bu, azərbaycanlı sahibkarların marağını artıra bilər”.

İqtisadçı onu da qeyd edib ki, Azərbaycan hökuməti də, Vergilər Nazirliyi də qonşu ölkələrdə gedən proseslərdən nəticə çıxarmalıdır:

"Çünki bənzər proses Qazaxıstanda da gedir. Çox güman ki, mart ayında Qazaxıstanda oxşar vergi təşviq paketi açıqlanacaq.Heç olmasa, Azərbaycan qonşu ölkələrdən kənarda qalmamalıdır.Ölkədə Vergi Məcəlləsi kökündən dəyişməlidir. Çünki kifayət qədər qəliz yazılmış, çoxlu maddələrdən ibarət Vergi Məcəlləsi var ki, bu da iş adamlarına böyük problem yaradır. 

Həmçinin yoxlamaların həcmi azaldılmalıdır, eyni zamanda insanların vergi ödəməsi üçün təşviq proqramları həyata keçirilməlidir.Əgər vergi dərəcələri kifayət qədər aşağı olsa, heç kimdə maraq yaranmır ki, qeyri-qanuni işləsin.Məlumdur ki, qeyri-qanuni fəaliyyətin üstü açıldıqda şəxs böyük məbləğdə cərimələnir, hətta cinayət məsuliyyətinə cəlb olunur.Vergi dərəcəsinin aşağı salınmasının fəlsəfəsi budur.Azərbaycanda buna bənzər addımların atılması çox vacibdir. Çünki Gürcüstanın cəlbediciliyi artdıqca azərbaycanlı iş adamlarının bu ölkəyə qoyduğu yatırımlar artacaq. Bu da dolayısı ilə Azərbaycanda iqtisadi aktivliyin azalmasına səbəb olacaq.Yaxşı şərait olsa, həmin vəsait Azərbaycan iqtisadiyyatına yatırılardı.Bu nöqteyi-nəzərdən Azərbaycan hökumətinin üzərinə böyük məsuliyyət düşür.Qısa zamanda buna bənzər adekvat addımların atılmasına, yəni, vergi qanunvericiliyinin sadələşməsinə, Vergi Məcəlləsinin sıfırdan yazılmasına ehtiyac var”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları