Yuxarı

Dollar kreditləri üçün son bir həftə

Dollar kreditləri üçün son bir həftə

Dollar kreditləri ilə bağlı məsələ hələ də mübahisə mövzusudur. Banklar manatın dollar qarşısında devalvasiyaya uğramasından sonra kredit borclarını ABŞ valyutasının yeni məzənnəsi ilə qaytarmağı tələb edirlər. Problem isə ondadır ki, bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi gündəlik məzənnə deyil, kredit vermiş bankın özünün təyin etdiyi məzənnə əsas götürülür. Buna görə də dollarla kredit götürmüş vətəndaşların borclarını hansı məzənnə ilə ödəməli olduqları mübahisə yaradır. 

Qeyd olunan məsələ ilə bağlı iqtisadçılar və kredit mütəxəssisləri tərəfindən çoxsaylı təkliflər irəli sürülüb. Amma hökumət bu təklifləri nəzərə almır və problem getdikcə dərinləşməkdə davam edir. Xatırladaq ki, İqtisadi və Sosal İnkişaf Mərkəzi (CESD) 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb və hökumətə təqdim edib. Orada üçtərəfli mexanizmin tətbiqi təklif olunub və bu "üçtərəfli güzəşt” mexanizmi adlanır: "Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir.

Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Təşkilatın bildirdiyinə görə, təəssüf ki, bu təklifə hökümət tərəfindən heç bir reaksiya gəlməyib. 

Bu il fevralın 1-nə olan məlumata görə  problemli kreditlərin həcmi 1 milyard 695,9 milyon manata yüksəlib. Yanvarın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat idi. Mərkəzi Bank fevralın 1-nə kreditlərin məbləğini 11 milyard 242,2 milyon manat, əmanətlərin həcmini 7 milyard 497 milyon manat göstərir. Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək, hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Ekspertlərin fikrincə, bu, o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var. Problemli kreditlərin həcminin də çox olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, əslində problemli kreditlər xeyli sayda insanı əhatə edir. Bununla yanaşı, son illər problemli kreditlərin həcmində artımlar müşahidə olunur. 

Bu günlərdə millət vəkili Siyavuş Novruzov  mətbuata müsahibəsində dollar kreditləri ilə bağlı məsələyə toxunub. O, bununla əlaqədar komissiya yaradıldığını və araşdırmadan sonra qərar veriləcəyini də önə çəkib. 

Maraqlıdır, komissiyanın bu məsələ ilə bağlı qərarı nə olacaq? Bu kreditlər bağışlana, yoxsa ödəniş əvvəlki məzənnə ilə aparıla bilər? 

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda dollar krediti ilə bağlı problem 3 ildir ki, var:

"Düzdür, bir neçə millət vəkili bu məsələni nəzarətdə saxlayıb və təkliflərini veriblər. Təklif ondan ibarətdir ki, məzənnə zərəri itmiş tərəflər - yəni borc alan, dövlət və bank arasında bərabər bölüşdürülməlidir. Devalvasiyadan əvvəl dollar 1 dollar 0,78 qəpik idisə, indi 1 manat 70 qəpikdir. Fərq 92 qəpikdir. Bunu üç hissəyə bölmək lazımdır. Yəni 30 qəpiyi borc alan, 30 qəpiyi banka dövlət verməlidir və digər 30 qəpiyi bank bağışlamalıdır. Bu o deməkdir ki, faktiki vətəndaş dollar kreditini 1 manat 10 qəpik məzənnəsindən qaytarmalıdır. Bu təklif çoxdan var və dəfələrlə də müzakirə olunub. Yaxşı olar ki, bu təklif Milli Məclisdə qanun şəklinə salınsın və hökumət də onu icra etsin. Hesab edirəm ki, qarşıdakı bir həftə ərzində bununla bağlı qərar veriləcək. Verilməsə, bundan sonra belə bir qərarı gözləmək lazımd deyil”.

Dollar kreditlərinin konkret həcmi ilə bağlı məsələyə gəlincə, Əkrəm Həsənov deyib ki, təəssüf ki, bununla bağlı konkret rəqəm səsləndirilmir: "Axı, həm də məlum deyil ki, bu kreditlərin nə qədəri vətəndaşlarındır... Əslində şirkətlərin kreditlərinin daha çox olduğunu bilirəm”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları