Yuxarı

Azərbaycan Rusiyanı bazardan sıxışdırır

Azərbaycan Rusiyanı bazardan sıxışdırır

TANAP artıq beynəlxalq bazarlarda açıq rəqabətə girir. Türkiyə TANAP-a görə Rusiyadan imtina edib.

Təxminən bir aydan sonra Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi olacaq.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ixrac etdiyi təbii qazı Türkiyəyə, oradan isə TAP layihəsi vasitəsilə Avropa bazarlarına çatdırılmasını təmin edəcək TANAP-ın iyun ayının əvvəlində açılış mərasiminin olacağını bəyan edib. İyun ayının 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə qədər sözügedən kəmərin istifadəyə verilməsi planlaşdırılır. 

TANAP konsorsiumunun direktoru Saltuk Düzyol TANAP-ın istismara verilməsindən sonra Türkiyəyə nəql ediləcək qazın həcminin 50 milyard kubmetrə çatacağını deyib: "24-25 milyard kubmetri Rusiya tədarük edir. Ondan sonrakı yerdə 10 milyard kubmetrlə İran, 6,6 milyard kubmetrlə Azərbaycan dayanır”.

"Əlbəttə, TANAP balansı dəyişəcək. Azərbaycanın bu layihəni reallaşdırması ilə daha 6 milyard kubmetr təbii qaz daxil olacaq. Bu, o deməkdir ki, Azərbaycandan idxal olunan təbii qazın ümumi həcmi 12,6 milyard kubmetrə çatacaq. Başqa sözlə, bu layihə alternativ imkanları genişlənəcək və Azərbaycan Türkiyəyə təbii qaz nəqlinə görə İranı ötüb keçəcək. Ölkənin ümumi istehlakında Rusiyanın payı azaldılacaq”. 

Göründüyü kimi TANAP qazı İran qazını sıxışdırıb üçüncü yerə keçirib, Rusiyanın isə ümumi istehlak bazarındakı payı ixtisar olunub. Bu ondan xəbər verir ki, TANAP Türkiyənin istehlak bazarında İran və Rusiyadan alınan təbii qazda əsas rəqiblərdən birinə çevrilib. Azərbaycan bazardakı bu aparıcı mövqeyini qorumaq üçün daha nə etməlidir? Azərbaycanın tədarük etdiyi qazın həcmini artırmaq imkanları varmı?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə açıqlamasında Saltuk Düzyolun belə bir açıqlama verdiyinə inanmadığını bildirib. Ekspert öz fikrini səslənən rəqəmlərin reallığı əks etdirmədiyi ilə əsaslandırıb: "TANAP-ın layihə gücü cəmi 31 milyard kubmetrdir. Digər tərəfdən, Türkiyə bazarında Azərbaycan qazının həcmi maksimal olaraq 12.5 milyard kubmetr olacaq. Ötən il Türkiyə 54 milyard kubmetr qaz istehlak edib. Azərbaycan qazı 12.5 milyard kubmetrə çatanda Türkiyədəki qaz istehlakı 60 milyard kubmetr səviyyəsində proqnoz edilir.

Ümumilikdə götürsək, bu, 20 faizindən az bir səviyyədə olacaq. Türkiyənin Rusiya qazından imtina etməsi mümkünsüzdür. Rusiyadan Türkiyəyə birbaşa iki qaz boru kəməri var. Türkiyə Rusiyadan faktiki olaraq öz qazının yarısını alır. Əgər əvvəllər 54 milyard kubmetr qaz istehlak edirdisə, ötən il Türkiyə bunun 29 milyard kubmetrini aldı. Bu, ümumi istehlakın 50 faizdən çox hissəsini təşkil edir. Doğrudur, Rusiyadan idxal həcmləri tədricən 45-40 faizə qədər azaldıla bilər. Hazırda Türkiyə sıxılmış maye qaz sahəsinə də yatırımlar edir. Rusiya ilə Türkiyə arasında "Türk axını" layihəsi ilə bağlı hökumətlərarası saziş var. Onlar bu layihəyə 10 milyard dollara yaxın investisiya qoyub, Türkiyənin isə bundan imtina etməsi mümkün deyil. Artıq ötən gün Rusiya birinci boru kəməri üzrə dənizdəki tikinti işlərini başa çatdırdı”.

Ekspert hesab edir ki, Azərbaycan TANAP layihəsinin bazarda rəqabətə davam gətirməsi üçün əlindən gələni edib: "Bundan sonra da rəqabətə davamlı olaraq digər ölkələrlə, şirkətlərlə, Türkiyənin daxilindəki bazar qaydalarına uyğun davam etdirəcək ki, öz mövqelərini qoruyub saxlasın. 2021-ci ildə Azərbaycanın tədarük etdiyi qazın həcmi 12.5 milyard kubmetr olacaq. İran adətən Türkiyədən 8-9 milyard kubmetr qaz alır. Ötən il Azərbaycandan isə 6.5 milyard kubmetr aldı. Bu həcm "Şahdəniz-2” layihəsindən sonra 12.5 milyard kubmetr olacaq”.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, TANAP-ın Türkiyənin qaz bazarında Rusiya qazı ilə rəqabət aparması, onları bazardan sıxışdırıb çıxarması məsələsi qəribə görünür: "Rusiyanın boru kəmər qazının Türkiyənin qaz portfelində xüsusi çəkisi Azərbaycanın boru kəmər qazından dəfələrlə böyükdür. Rusiyanın "Qazprom” şirkəti 1 ildə 24 milyard kubmetrə yaxın Türkiyəyə qaz tədarük edir. Rusiyadan Türkiyəyə qaz Qara dənizin dibi ilə çəkilmiş "Mavi axın” və Transbalkan qaz kəməri vasitəsilə çatdırılır. 

Nəzərə almaq lazımdır ki, Türkiyənin qaz bazarı şaxələnmiş bazardır. "Qazprom” Türkiyənin illik qaz portfelində xüsusi çəkiyə malikdir. Amma Türkiyə istənilən vaxt başqa mənbələrdən qaz almaq imkanına malikdir. Bir çox hallarda İrandan Türkiyəyə tədarük edilən qaz həcmləri kontrakt öhdəliklərinə cavab vermir. Türkiyə 2007-ci ildən başlayaraq Azərbaycandan qaz tədarük edir. Azərbaycandan bu ölkəyə ən yuxarı həddə 6 milyard 500 milyon kubmetrdən çox qaz ixrac edib. Qarşıdakı illərdə də müəyyən həcmlər artırılacaq”.

Türkiyənin sıxılmış qaz terminallarının olmasına diqqət çəkən ekspert qeyd edib ki, ölkə bu terminallar vasitəsi ilə qaz ixrac edir: "Hər bir terminalı 6 milyard kubmetrdən yuxarı qaz qəbuletmə gücü var. Sadalananlara nəzər salsaq elə bir mənzərə yaranır ki, əslində Türkiyənin heç bir dövlətdən qaz asılılığı yoxdur. Baxmayaraq ki, Rusiyadan böyük həcmlərdə qaz idxal edir, amma alternativ variantlar da var. Burada İranla ixrac güclərinin ötürücülük imkanlarını artırmaq imkanları var. Əslində İran bu regionda aparıcı oyunçulardan biri sayılır.

Ona görə də bu gün Türkiyə nə Azərbaycanın, nə Rusiyanın, nə də İranın boru kəmər qazından asılı vəziyyətdə ola bilməz. 
Qarşıdakı illərdə də digər ixrac güclərinin Türkiyəyə yönəldiləcəyinin şahidi ola bilərik. Söhbət İraq Kürdüstanındakı qaz yataqlarından gedir. TANAP-ın Türkiyənin qaz bazarında xüsusi çəkisi ola bilər. Amma aparıcı mövqedə olması ilə bağlı fikirlər yerinə düşmür. 

Təbii ki, Azərbaycan qazının Türkiyə ərazisinə daxil olması bu ölkənin qaz bazarlarında qiymət formalaşmasına təsir edəcəkdir. Həmçinin bölgənin enerji xəritəsində müəyyən dəyişikliklər olacaqdı”.

Zəfər Vəliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi Avropanın, eləcə də kəmərin keçdiyi coğrafi bölgələrdə enerji xəritəsinə ciddi dəyişiklik edən bir layihədir: "Cənub Qaz Dəhlizinin üstünlük fəlsəfəsi ondan ibarətdir ki, Xəzərin enerji resursları ilə zəngin rayonlarını Aralıq dənizi ilə birləşdirir. Bu, demək olar ki, son bir neçə ildə Avropanın enerji xəritəsinə çox ciddi dəyişiklik edəcək yeganə layihədir. Sovet məkanına daxil olan ölkələr arasında Rusiyadan sonra ikinci ölkə Azərbaycandır ki, belə böyük layihələrə imza atır. Bu layihənin perspektivi ondadır ki, Cənub Qaz Dəhlizi vasitəsilə Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarını, Avropa, eləcə də Türkiyə bazarlarına çıxarmaq şansımız olar. 

Əgər Xəzərin hüquqi statusu həll edilsə, Rusiya və ya İran Xəzərin dibi ilə ixrac güclərinin çəkilməsinə göstərdikləri əsassız dirənişlərdən imtina edərlərsə, təbii ki, yaxın gələcəkdə Türkmən qazı da, Qazaxıstanın da müəyyən qaz həcmləri də Azərbaycanın ixrac gücləri vasitəsilə Avropa bazarlarına çıxarılar. Cənub Qaz Dəhlizinin, TANAP-ın, o cümlədən, TAP layihələrinin üstünlükləri bunlardır”.

Yeganə Oqtayqızi






Həftənin ən çox oxunanları