Yuxarı

Mərkəzi Bankdan "candərdi” hesabat

Mərkəzi Bankdan

Azərbaycan Mərkəzi Bankı 2017-ci il üçün maliyyə hesabatı verib.

Hesabatlarda diqqət çəkən bir sıra məqamlar var. Belə ki, maliyyə hesabatından aydın olur ki, Mərkəzi Bankın Beynəlxalq Banka verdiyi 10 milyard manatlıq borcun 518 milyon manatı 2017-ci ildə geri qaytarılıb. Ancaq hansı resurslar üzrə qaytarıldığı göstərilməyib. Digər tərəfdən, Beynəlxalq Bankın problemləri dövlət hesabına həll edilmişdi və göstərilən məbləğ Dövlət Neft Fondu və büdcə vəsaitləri hesabına təmin olunmuşdu. Prosesin gedişatında Mərkəzi Bankın adıçəkilən banka hər hansı bir maliyyə yardımı etdiyi haqqında heç bir məlumat yox idi. 

Bununla yanaşı Mərkəzi Bank özü valyuta sabitliyini bərpa etmək üçün Dövlət Neft Fondundan 7.2 milyard manat vəsait almışdı. Mümkündür ki, borc öhdəliyi Mərkəzi Bankın balansına keçib və qurum Beynəlxalq Bankın borcalanına çevrilib. Ancaq bütün hallarda maliyyə hesabatında bu məsələyə əsaslı şəkildə aydınlıq gətirilməli idi. Ən azı borcların hansı mənbədən təmin olunduğu göstərilməlidir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində bu məqamlara rəsmi qurumların detallı şəkildə aydınlıq gətirməli olduğunu deyib: "Beynəlxalq Bankın 10 milyardlıq daxili borcunu digər dövlət qurumuna ötürməklə sildilər. Nəticədə 10 milyardlıq borc dövlət qurumunun ayağında qaldı. Bu borcun yavaş-yavaş təmizlənməsi lazımdır. Çünki dövlət büdcəsinin yarısı qədər bir şirkətin ayağında borc qala bilməz. İndi Mərkəzi Bankın iştirakı ilə həmin borcun bir hissəsinin yuyulması prosesi baş verib. Çünki o qədər borcun şirkətin ayağında qalması ümumi makroiqtisadi göstəriciyə də mənfi təsir göstərir.

Mərkəzi Bankın gəlirlərindən bir hissəsini, təxminən 4 milyard manatdan yuxarı vəsaiti dövlət büdcəsinə transfert etdiyi də deyilir. Ancaq düşünürəm ki, bu kağız üzərində göstərilən rəqəmdir. Beynəlxalq Bankın borcunun silinməsi və büdcəyə transfert kağız üzərində olduğu üçün iqtisadi göstəricilərə hər-hansı bir təsiri də yoxdur. Bu çox cidd məsələdir. Əslində Mərkəzi Bank mətbuat konfransı keçirməli idi və əlaqədar qurumlar ictimaiyyəti məlumatlandırmalıdır. Ancaq çox çətin bir dildə, heç bir izahı olmadan, ancaq rəqəmlərdən ibarət açıqlamalar verilir ki, bu da çox ciddi çaşqınlıq yaradır”.

Digər tərəfdən, Mərkəzi Bankın kommersiya bankları hərracları vasitəsilə borc verdiyi məlumdur. Ancaq hesabatlarda görünür ki, bu vəsaitlərdən ciddi şəkildə azalma var. Belə ki, 2017-ci ildə Mərkəzi Bank kommersiya banklarına cəmi 400, 869 manat borc verib. 2016-cı illə müqayisədə bu məbləğ təxminən 10 dəfə azdır. Belə ki, 2016-cı ilin eyni dövründə Mərkəzi Bank kommersiya banklarına 4,061,362 manat borc verib. Əslində bu azalma normal qəbul oluna bilərdi, ancaq o, zaman gərək bank sektorunda sağlamlaşma prosesi tam şəkildə bitmiş olardı. Məlumdur ki, ölkənin bank sektorunda vəziyyət nəinki düzəlir, hətta getdikcə daha da ağırlaşır. Bankların nağd vəsaitə hazırda daha çox ehtiyacı var. Bəs banklara verilən kreditin 10 dəfə azalması nə ilə əlaqədardır?

Natiq Cəfərli deyir ki, bu nə qədər qəribə səslənsə də, əslində bank sektorunun nə qədər ağır bir durumda olduğunun göstəricisidir: "Çünki istənilən dünya ölkəsinin Mərkəzi Bankı bankların əsas donorudur. Dünyada böhran yaşanarkən Federal Ehtiyatlar Sistemi (FED), Avropa Bankı likvididliyin bollaşdırılmasına start veridi. Yəni, banklara, maliyyə qurumlarına çox aşağı faizlə, hətta Avropa Bankı faizsiz kreditlər verməyə başladı ki, iqtisadi riçaqlar hərəkətdə olsun. ABŞ ayda 80 milyard dollarlıq, Avropa Mərkəzi Bankı isə 60 milyard avroluq belə əməliyyatlar həyata keçirirdi. Yaponiya, Çin Mərkəzi Bankı da eyni addımlar atdı. Yəni, iqtisadiyyatın canlanmasında əsas donorlar Mərkəzi Banklardır. Azərbaycanda isə Mərkəzi Bank sanki sterilizasiya rolunu oynayır, manat kütləsinin artmasından qorxur. Çünki ölkədə normal iqtisadi model yoxdur və manat kütləsi artdıqca valyutaya təzyiqlər artacaq. Banklara manat kütləsi isə ona görə verilmir ki, banklar demək olar kredit vermir. Hazırda banklardan kredit almaq həddindən artıq problemə çevrilib. Həm problemli kreditlərin həcmi artır, həm də banklar verdikləri kreditlərin geri dönəcəyinə əmin deyillər.

Mərkəzi Bankdan aldıqları borcları isə banklar elə AMB-nin repo hərraclarına yatıraraq ordan vəsait qazanırdılar. Bu da əslində Azərbaycanda bank sektorunun nə qədər qeyri-sağlam olduğunun açıq sübutudur. Mərkəzi Bank əgər bu rolu oynamayacaqsa, bankları likvidikliklə təmin etməyəcəksə, bunların rolu nədən ibarətdir? Mərkəzi Bank hər səhər durub məzənnəni inzibati qaydada təyin etməklə işini bitmiş hesab etməməlidir. Bu rəqəmlər bir daha onu göstərir ki, Mərkəzi Bank ölkədə manat likvidikliyinin artmasından çəkinir. Ölkədəki iqtisadi sistemin çox primitiv olduğunu bilir, manat likvidikliyinin artmasının valyutaya meyillənmənin güclənməsinə səbəb olacağını anlayır və ona görə də bu cür sərt pul siyasətini davam etdirir”.

Mərkəzi Bankın aktivlərinin və öhdəliklərinin həcmində də azalmalar müşahidə olunur. Belə ki, AMB-nin 2016-cı ildə aktivləri 25,564,063, 2017-ci ildə isə 22,635,554 manat olub. Öhdəliklərin həcmi isə 2016-cı ildə 19,691,594, 2017-ci ildə isə 18,122,382 manatdır. Nəticədə 1 il ərzində Mərkəzi Bankın aktivləri 3 milyon manat, öhdəlikləri isə 1,569,212 manat azalıb. Mərkəzi Bankın aktivlərinin və passivlərinin azalması qurumun fəaliyyətinə necə təsir göstərəcək?

Natiq Cəfərli hesab edir ki, Mərkəzi Bankın indiki vəziyyətdə  ciddi bir durumu yoxdur. Çünki Mərkəzi Bankın özü də neft qiymətlərindən gələn bonuslardan və manatın məzənnəsindən xeyli dərəcədə qazanır: "Mərkəzi Bankın ehtiyatları dollarla idi və manatın ucuzlaşması onun manat ekvivalentində daha çox pula sahib olduğunu göstərdi. Amma problem ondadır ki, öhdəliklərlə bağlı gedən proseslər Mərkəzi Bankın özünün işləməsinə də mənfi təsir göstərir. Mərkəzi Bank dünyada baş verən proseslərə paralel olaraq öz işini görməlidir. İqtisadi riçaqların dönməsində, iqtisadiyyatın pulla təmin olunmasında aktiv rol oynamalıdır. İqtisadi canlanmaya səbəb olan addımlar atmalı, banklarda yaranmış problemli kredit məsələsini həll etməyə çalışmalı, bununla bağlı layihə ortaya qoymalıdır. Ancaq Mərkəzi Bank bunların heç birini etmir. Mərkəzi Bank çox sadə və primitiv işlə məşğuldur: inzibati qaydada məzənnəni tənzimləyir və sterilizasiya əməliyyatı aparır. Qeyd edim ki, artıq heç bir rəsmi sənəddə üzən məzənnə sözü istifadə olunmur. Bu isə o deməkdir ki, üzən məzənnə artıq yoxdur. Mərkəzi Bank hansısa bankda və ya iqtisadiyyatda artıq manat görən kimi, repo hərraclar vasitəsilə onu toplamağa çalışır. Bu da iqtisadiyyatın halsızlaşmasına səbəb olur. İqtisadiyyatın qan-damar sistemi puldur, bank sektorudur. Bu gün Mərkəzi Bankın apardığı siyasət iqtisadiyyatın hazlsızlaşmasına gətirib çıxardır. Bu da onu deməyə əsas verir ki, Mərkəzi Bankın problemləri iş prinsipidir, öhdəlikləri deyil”.

Ümumi məzərəyə nəzər saldıqda görürük ki, Mərkəzi Bankın 2016-cı üçün açıqladığı hesabat 2017-ci illə müqayisədə daha yaxşıdır. Maraqlıdır ki, getdikcə əslində böhran səngiyir, ancaq Mərkəzi Bankın statistik göstəricisi tamamilə əksini deməyə əsas verir. Bəs statistik göstəricilərdə baş verən geriləmələrin səbəbləri nədədir?

Ekspert bunu 2017-ci ildə bank sektorunda baş verən proseslərlə əlaqələndirdi. Natiq Cəfərlinin sözlərinə görə bağlanan banklar Mərkəzi Bankın əlavə xərclərini artırdı: "2016-cı ildə vəziyyət yaxşı deyildi. Sadəcə olaraq 2017-ci ildə Mərkəzi Bankın yükləri çoxaldı. Məsələn, bank sistemində başlayan çöküş, bir neçə bankın bağlanması Əmanətlərin Sığortalanması Fondunda problem yaratdı. Fond birdən-birə ayıldı ki, insanların əmanətlərini qaytara bilmirlər, vəsait yoxdur.

Təkcə Standart Bank bağlananda 600 milyon manat əmanət var idi. Mərkəzi Bank məcbur oldu ki, Fonda elə bu həcmdə kredit adı altında vəsait verdi. Ancaq yaxşı bilirik ki, bu ölmüş puldur və Fond onu qaytara bilməyəcək. Çünki Fondun bu vəsaiti qaytara biləcək gəliri yoxdur. Yəni, Mərkəzi Bankın bu cür xərcləri artdı deyə, 2016-ya nisbətən göstəriciləri pisləşdi. Ölkə olaraq bəxtimiz onda gətirdi ki, neft qiymətləri gözləniləndən daha çox bahalaşdl. Bu həm makroiqtisadi sabitliyi bərpa etdi, həm də Mərkəzi Bankın vəziyyətinin daha da pisləşməsinin qarşısını aldı. Nə qədər qəribə səslənsə də, Mərkəzi Bankın vəziyyətinin nisbətən yaxşı olması yaxşı idarəetmə deyil, nə qədər qəribə səslənsə də neft qiymətlərinin bahalaşması oldu”.

Vilayət






Həftənin ən çox oxunanları