Yuxarı

Sona qədər problem: Həll yolu görünmür

Sona qədər problem: Həll yolu görünmür

Azərbaycanın bank sektorundakı problemlərlə yanaşı, problemli aktivlərin tempi də artıb.

Mütəxəssislər hesab edir ki, hər rüb artan problemli kreditlərin restrukturizasiya üçün ayrılan kredit ehtiyatları azdır. Bu səbəbindən problemli kreditlərin həcmində azalma və problemin həlli mümkünsüz görünür.

Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği bu il martın 31-nə 1 milyard 710,2 milyon manat təşkil edib. Bu isə fevralın sonu ilə müqayisədə 9,3 milyon manat çoxdur. Fevralın sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 700.9 milyon manat təşkil edib.

Ötən ilin sonu ilə müqayisədə isə ödəmə vaxtı keçmiş kreditlər 83,5 milyon manat artıb. Martın sonunda 11 milyard 663.5 milyon manatlıq kredit qoyuluşlarının 14,7 faizinin ödəmə vaxtı keçib.

Analitiklər bildirdi ki, problemin həlli bir növ vətəndaş və bankların öz öhdəsinə buraxılıb. Hər iki devalvasiyada əhalinin gəlirləri azalıb, bu azalma fonunda isə əhali xərclərini minimumlaşdırıb. Düşünülür ki, problemli kreditlərlə bağlı hökumət və kommersiya bankları tərəfindən müəyyən təkliflər, yüngülləşdirmə siyasəti aparılmalıdır. Kompensasiya siyasəti Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsə də, onların bu siyasəti həyata keçirmələri real görünmür.

Maraqlıdır, problemi həll etmək üçün hansı yeni üsullara ehtiyac var?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Cümhuriyət” qəzetinə bildirib ki, problemli kreditlərin kökü bankların öz işlərini doğru-düzgün təşkil edə bilməməsindən qaynaqlanır: "Bütövlükdə bank sektorunda islahatlar dərinləşdirilməlidir. Bu, günün ən aktual tələbidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının real sektorunun bank kreditinə olan tələbatı heç vaxt bugünkü qədər böyük olmamışdı. Son bir neçə il ərzində dövlət başçısının təşəbbüsü ilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində çox işlər görülüb.

Ancaq real sektorun bünövrəsini təşkil edən kiçik və orta biznes bu gün kreditlərlə bağlı məsələdə çox ciddi çətinliklərlə üzləşib. İstənilən bank və bank olmayan kredit təşkilatlarının saytlarına daxil olub bu reallıqları görmək mümkündür ki, onlar biznes üçün hansı şərtlərlə kredit təklif edirlər. Əksər banklar və ya kredit təşkilatları biznes üçün təklif etdikləri kreditləri illik 18-28 faizlə verir. Bu, biznes üçün çox böyük bir rəqəmdir. Eyni zamanda istehlak kreditləri də müştərilərə illik 30 faizə qədər təklif olunur. Bu isə Mərkəzi Bankın uçot dərəcəsindən dəfələrlə yüksəkdir.

Banklar daha asan yol tutub qısamüddətli istehlak kreditlərinə üstünlük verir. Bu isə o deməkdir ki, verilən kreditin müqabilində hər hansı bir girov götürülür. Yəni, kredit götürəndən ya əməkhaqqı kartı, ya da hansısa əmlakı girov qoymaq tələb olunur, yaxud da kimsə zamin durub bank qarşısında öhdəlik götürməsi şərti qoyulur. Banklar istehlak kreditlərini illik 30 faizə qədər və müxtəlif şərtlərlə müştərilərə verərkən maksimum özünü sığortalayır. Ancaq yenə də problemlər yaranır. Çünki illik 30 faizlik kredit real deyil”.

"Banklar öz məhsullarını satarkən, lombard psixologiyasından çıxmalıdır”

Ekspert onu da qeyd edib ki, əgər hazırda ölkədə inflyasiya səviyyəsi birrəqəmli həddə saxlanılırsa, illik 30 faizlə kredit vermək faktiki olaraq fantastikadır: "Bu, nəticə etibarilə qayıtmayan kreditlərin riskini artırır. Vaxtı ötmüş kreditlərin həcminin artmasının təməli manatın birinci və ikinci devalvasiyasından sonra qoyuldu. Bankların yüksək faizlərlə verdikləri kreditlərin devalvasiyadan sonra insanların üzləşdiyi çətinliklər səbəbindən qaytarılması müşkülə çevrildi. Bu səbəbdən də vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır. Hesab edirəm ki, banklar siyasətini dəyişməlidir.

Cari ilin birinci rübündə bütün bank sistemi öz fəaliyyətini 55 milyon manat ziyanla başa vurub. Əgər bu fəaliyyət düzgün qurulubsa, bank sektoru nəyə görə zərərlə işləməlidir? Digər tərəfdən, 11.7 milyard kredit portfelinin cəmi 4-5 faizi iqtisadiyyatın qeyri-neft sektorunun aparıcı sahələri olan sənaye və kənd təsərrüfatına verilir. Bu kredit portfelinin 40 faizi isə yüksək istehlak kreditlərinə məxsusdur. 2015-ci ildə ümumi kredit qoyuluşu da bu rəqəmlər çərçivəsində olub. Deməli, heç nə dəyişməyib. Belə bir şəraitdə bank sektorunun inkişafı, onun yenidən qurulması və müasir tələblər səviyyəsində təşkil edilməsi mümkün deyil. Banklar öz məhsullarını satarkən, lombard psixologiyasından çıxmalıdır. 

Onlar uzunmüddətli, normal biznes layihələrinə kreditlər verməyə üstünlük verməlidir. Təbii ki, bu zaman bankların gəlirləri yüksək və sabit qazanc mənbələri olacaq. Bunun üçün ilk növbədə əziyyət çəkib, həmin biznes planını  təhlil edib, risklərini hesablamaq lazımdır. 

Eyni zamanda, həmin biznes planının keçiriləcəyi yerə gedib baxmaq lazımdır. Yeni yaradılacaq müəssisənin quruculuq prosesinə nəzarət etmək lazımdır. Bir sözlə, bu, zəhmət və iş tələb edir. Amma bunun əvəzinə kiminsə əməkhaqqı kartını götürüb ona illik 30 faiz kredit vermək çox asan bir işdir. Çünki müştəri həmin krediti qaytara bilməsə, borc onun əməkhaqqı kartından silinir. Banklar çox sadə bir yol tutublar. Bu yolun sonu isə, bank sistemi üçün yaxşı heç nə vəd etmir”.

Fikrət Yusifov dəfələrlə dövlət başçısının bankların fəaliyyətini tənqid etməsini də xatırladıb: "Hələ 2016-cı ildə İlham Əliyev Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında bildirmişdi ki, iqtisadiyyatımıza ən böyük zərbəni bank sektoru vurur. Çünki banklar öz ünvanlarına bunu qazandılar. Heç bir dövlətdə bank sektoruna hökumət bu qədər yardım etmir. Təbii ki, hökumət göstərdiyi yardımlar müqabilində bankların iqtisadiyyata üz tutmasını istəyir. Ancaq banklar hələ ki, bunu istəmirlər. 

Bəlkə də aqrar sektorda əkib-becərmək istəyən və vəsaitə ehtiyacı olan minlərlə insan var. Amma gəlin, görək bu vəsaitlər onlara hansı şərtlərlə verilir? Respublika üzrə ümumi kredit qoyuluşunun 82 faizi Bakı şəhərinin, yerdə qalan 18 faiz isə bölgələrin payına düşür. Paytaxta illik kredit faizi 10 faiz, regionlarda 22, 23, hətta 24 faizdir. Fermer və ya kəndli illik 22-24 faizlik kredit götürüb tərəvəz əkə bilər? Bu, sadəcə, dəhşətdir. Qənaətimcə, banklar kredit faizlərini bilərəkdən yüksək səviyyədə qoyublar ki, heç kəs müraciət etməsin. Ağlı olan insan biznes üçün 22-24 faizlə kredit götürməz”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları