Yuxarı

Erməni inqilabı Qarabağda müharibəyə aparır

Erməni inqilabı Qarabağda müharibəyə aparır

Ermənistanda baş verən "məxməri inqilab” siyasi elitada və cəmiyyətdə parçalanmalara səbəb oldu. Görünən odur ki, hazırda əsas mübarizə Qərbmeyilli və Rusiyayönümlü qüvvələr arasında gedir. Hakimiyyətdə təmsil olunanlar arasında Rusiyayönümlü qüvvələr, yəni, Sarkisyan rejiminin dəstəkçiləri çoxluq təşkil edir. Birinci mərhələdə faktiki inqilaba rəhbərlik edən Nikol Paşinyanın baş nazir seçilə bilməməsi də məhz bu amillə bağlıdır. Ermənistanda baş verən hadisələr Azərbaycan cəmiyyəti tərəfindən də diqqətlə izlənilir. 

Nəzərə alsaq ki, 20 ildən artıqdır Ermənistan-Azərbaycan münaqişə tərəfidir və Qarabağ probleminin həll olunmamasında Rusiyanın ermənilərə verdiyi dəstək də gözardı edilməməlidir. Bu gün Ermənistanda baş verən hadisələr, İrəvanın Rusiyanın orbitindən çıxmaq istəyi Şimal qonşumuzun maraqları çərçivəsində deyil. Bu baxımdan Ermənistanda hadisələrin hansı yöndə inkişaf edəcəyi önəmlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova deyib ki,  Ermənistanda siyasi rəhbərlik formalaşana qədər bu proses aparıla bilməz. Analitiklər hesab edir ki, Rusiya Ermənistandakı vəziyyətin onların maraqları çərçivəsində həll olunmasına çalışır. Ona görədir ki, rəsmilər Qarabağ məsələsi ilə bağlı Ermənistanda inqilaba rəhbərlik edənlərə bir növ təzyiq göstərir.

Maraqlıdır, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, Rusiya Qarabağla  bağlı mövqeyini dəyişə bilərmi?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində bunun çox həssas bir məqam olduğunu deyib. N.Miri hesab edir ki, Paşinyan baş nazir olarsa, Rusiya Qarabağda hərbi əməliyyatlara yaşıl işıq yandıracaq: "Bu gün Ermənistan toplumunda, xüsusilə də son etiraz mitinqlərində anti-Rusiya mövqeyi hakimdir. Bunun qarşılığında isə artıq Rusiyanın siyasi çevrələrində anti-Ermənistan ovqatı hiss olunur.

Bu çox əhəmiyyətli məsələdir. Artıq Rusiya elektron informasiya vasitələrində  intensiv anti-erməni təbliğatı aparılır. Hesab edirəm ki, bu qətiyyən təsadüfi bir hadisə deyil. Bunu Ermənistanın siyasi çevrələrinə, xüsusilə də baş nazir olmaq istəyən Nikol Paşinyana bir təzyiq vasitəsi kimi düşünmək lazımdır.

Digər tərəfdən Rusiya bunu ona görə edir ki, Paşinyan Rusiya mövqeyində olan biri deyil. Paşinyanı Qərbə inteqrasiya xəttinin davamçısı kimi qəbul edirlər,  onun  Ermənistanı Rusiyanın orbitindən çıxaracağını düşünürlər. Bu da çox həssas və əhəmiyyətli məqamdır. Əgər bu proses baş verərsə, hesab edirəm ki, Rusiyanın Afrində əməliyyat keçirmək üçün Türkiyəyə tanıdığı haqqı, bu dəfə Qarabağda hərbi-əməliyyatlar keçirmək üçün Azərbaycana tanıyacaq. Bu da Azərbaycan üçün çox böyük önəm daşıyır”. 

Natiq Miri qeyd edib ki, Rusiya Ermənistanı Qarabağla cəzalandıracaq: "Əslində Azərbaycanın bu gün Ermənistanın bu çətin vəziyyətində fürsətdən istifadə edib hərbi əməliyyat keçirməməsinin əsas səbəblərindən biri də məhz bu məqamdır. Çünki Bakı  bu gün Ermənistanda baş verən proseslərin Azərbaycanın maraqlarına xidmət etdiyini düşünür. Ona görə də hələlik bu prosesin hansı nəticələr verəcəyini gözləmək daha doğru addımdır. Azərbaycanın bu gün tutduğu mövqe də budur. Ona görə də proseslər bu yöndə gedərsə, Azərbaycan Rusiyanın Ermənistana çox ciddi təzyiqlər edəcəyinə əmindir. Rusiya birbaşa hərbi-siyasi çevriliş etməsə də, bunu etmək üçün Azərbaycana yaşıl işıq yandıra bilər. Azərbaycan da çox qısa müddətdə öz işğal altında olan torpaqlarını azad edə bilər. Nəticə etibarı ilə də Rusiya bu yolla Ermənistanı cəzalandıracaq”.

Vilayət Muxtar