Yuxarı

Gömrükdə ciddi dəyişikliklər anonsu

Gömrükdə ciddi dəyişikliklər anonsu

Dövlət Gömrük Komitəsi gömrük qanunvericilikdə dəyişikliklərlə bağlı təklif paketi hazırlayıb. Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev jurnalistlərə açıqlamasında deyib ki, təkliflər paketində gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunulub. Bunlardan biri ölkəni avtomobillə tərk edən vətəndaşların iki ildən gec olmayaraq geri qayıtması ilə əlaqədar qoyulan qaydadır ki, təkliflər paketində bu qaydanın ləğvi ilə bağlı müraciət var.

Daha sonra idxal-ixrac əməliyyatları, ticarətin sadələşdirilməsi, gömrük sərhədindən sürətli keçidin təmini ilə bağlı da təkliflər hazırlamışıq. Hazırda bu təkliflər üzərində çalışırıq və tezliklə Nazirlər Kabinetinə göndəriləcək.

Maraqlıdır, Gömrük Komitəsində nələrin dəyişməsinə ehtiyac var?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Gömrük Komitəsində ciddi dəyişikliyə ehtiyac var: "Uzun zamandır gömrükdə olan problemlərdən danışsaq da, bu, qulaqardına vurulmuşdu. İndi yeni bir situasiya yaranıb, gömrükdə və vergi sistemində müəyyən dəyişikliklərin olması ehtimalları yüksəlib. İlk növbədə gömrük orqanlarının işə yanaşması, fəlsəfəsi dəyişməlidir. Ən azından iş adamlarına düşmən kimi yox, dost kimi yanaşmalıdırlar. İş adamlarının işinə mane olmaq üçün yox, onlara kömək etmək üçün fəaliyyət göstərməlidirlər. Ümumiyyətlə, orta əsrlərdən bəri gömrük orqanlarına bənzər qurumların yaranma fəlsəfəsi daxili bazarı qorumaqdan ibarət olub. Beləliklə, daxili bazarda daxili istehsalçılara dəstək olurdular. Amma çox təəssüf ki, hazırda Azərbaycanda gömrük siyasəti bu fəlsəfənin çox kənarındadır.

Daxili bazarda istehsalı olmayan məhsullara böyük gömrük rüsumları tətbiq olunur ki, bu da nəticə etibarilə əhalinin cibindən çıxır. Gömrük rüsumları, eləcə də vergi dərəcələri nə qədər çox olarsa, əhali həmin mal və xidmətə daha çox vəsait ödəyir. Bu isə birbaşa qiymət artımına xidmət edir. Heç bir iş adamı özünə ziyan vuracaq şəkildə gömrük və vergi rüsumlarını öz cibindən çıxarda bilməz. Bu zaman biznesin məntiqi ölər və fəaliyyət sıfıra enər. Ona görə də ilkin olaraq gömrüyün iqtisadiyyata yanaşması dəyişməlidir. Eyni zamanda gömrük orqanları daxili bazarlarda daxili istehsalçının qorunması üçün çalışmalıdır. Daxili istehsalı olmayan və birbaşa tələbat mallarına aid olan, əhalinin dolanışıq səviyyəsinə təsir edən malların gömrük rüsumları ya sıfırlanmalı, ya da xeyli dərəcədə aşağı çəkilməlidir. Məsələn, süni uşaq qidaları, eləcə də müxtəlif dərman preparatları Azərbaycanda istehsal olunmur. Amma onlara çox böyük gömrük rüsumları tətbiq olunur. Bu, məntiqli deyil. Nəticə etibarilə bu vəsait vətəndaşın büdcəsindən gedir”.

Ekspert hesab edir ki, Gömrük Komitəsində çoxşkalalı sistem ləğv olunmalıdır: "Azərbaycanda şəxsdən və ya fərdlərdən asılı bir sistem qurulub. Gömrük orqanlarının işçiləri hansı malın hansı rüsumla hesablanmasını özləri müəyyən edir. 0-dan 15 faizə qədər gömrük rüsumları şkalası var. Hesab edirəm ki, bu şkala ləğv olunmalıdır. Maksimum iki rəqəm üzərindən hesablamalar aparılmalıdır. Amma gömrük orqanlarının istənilən faiz dərəcəsini tətbiq etməyə ixtiyarları var. Bu da iş adamlarının işini çətinləşdirir və ölkədəki bahalaşmanın əsas səbəblərindən birinə çevrilir. Ona görə də ilk növbədə bu şkaladan imtina edilməlidir, insan faktorunun tamamilə ləğv olunmasına çalışılmalıdır ki, konkret bir rüsumu olsun. Məsələn, ölkə daxilində istehsal olunan məhsullara 10 faiz, istehsal olunmayan məhsullara isə simvolik olaraq 1 faiz gömrük rüsumu tətbiq oluna bilər.

Həmin 1 faiz də ölkəyə daxil olan məhsulların hesabatlılığının daha dəqiq aparılması üçün tətbiq edilməlidir. Bunun arasında 0-dan 15 faizə qədər dərəcələndirmənin olmasına ehtiyac yoxdur. Qənaətimcə, bu iki məsələ öz həllini tapsa, gömrük orqanlarının fəaliyyətində pozitivə doğru dəyişiklik ola bilər. Müstəqillikdən bu yana iş adamlarının ən çox ziyan gördüyü və ən çox narazı olduğu orqanlardan biri Gömrük Komitəsidir. Əgər bu qurumun nizamnaməsində dəyişiklik olacaqsa, bu, iş adamlarının fəaliyyətinə də müsbət təsir göstərəcək. Dərman preparatlarına nəyə görə 15 faiz gömrük rüsumu tətbiq olunmalıdır? Həmin 15 faizi vətəndaşlar cibindən ödəyir. Gömrüyün fəlsəfəsi dəyişsə, daxili bazarın qorunması və iş adamlarının dostluq funksiyasını yerinə yetirsə, ölkədə qiymətlərin ən azı 10-15 faiz azalmasının şahidi ola bilərik”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları