Yuxarı

Azərbaycana ucuzlaşma dalğası gəlir

Azərbaycana ucuzlaşma dalğası gəlir

ABŞ dollarının əlverişli kursu bütün dünyada güclənir.ABŞ-da istiqrazların 7 illik faiz dərəcəsinin yüksəlməsi, inflyasiya gözləntilərinin artması dünya bazarlarında dollara güc qazandırdı.Dollar indeksi bu ilin zirvəsinə çıxarkən inkişaf etməkdə olan pul vahidlərində itkilər yaşandı.Dolların möhkəmlənməsi Türkiyənin milli valyutası - lirəni kəskin ucuzlaşdırır.Son məlumatlara görə, Türkiyədə ABŞ dollarının məzənnəsi 4.4631 lirəyə, avro isə 5.3023 lirəyə çatıb.Vətəndaşlar 100 dollar almaq üçün 440 lirəsindən keçməli olur. Prezident Rəcəb Tayyib Ərdoğanın Londonda Bloombergə verdiyi reportajla əlaqədar müzakirələr, beynəlxalq kredit dərəcələndirmə təşkilatları "Moody s” və "Fitch”in Türkiyə iqtisadiyyatına yönəlik şərhləri, eləcə də xəzinə tenderlərinə gələn aşağı tələb də türk lirəsinin dəyər itkisini sürətləndirib.

Valyuta məzənnəsinin artması ilə yanaşı, ölkədə qızılın qiymətləri rekord səviyyədə artıb. Qram qızıl 186,90 TL, dörddə bir qızıl 304 TL, Cümhuriyyət qızılı isə 1,232 TL-dən satılaraq yüksək səviyyəyə çatıb. Analitiklər tenderlərə aşağı təklifi olduğunu irəli sürərək, xəzinə ötən gün keçirilən iki təhvil layihəsində 3 milyard 176,5 milyon lirə borc yarandığını açıqlayıb. Analitiklər hesab edir ki, buna səbəb ölkədəki siyasi qeyri-müəyyənlik və Orta Şərq regionunda baş verən hadisələrdir.Ekspertlər lirənin ucuzlaşmasını həm də dünya bazarında xam neftin bahalaşması və hökumətin xərclərinin artması ilə əlaqələndirirlər.

Maraqlıdır, türk lirəsinin sürətli dəyər itkisini devalvasiya adlandırmaq olarmı?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov "Cümhuriyət” qəzetinə açıqlamasında hazırda türki lirəsinin ucuzlaşmasının iqtisadi köklərini görmədiyini bildirib:

"Lirənin dollar qarşısında dəyərdən düşməsi, siyasi proseslərin nəticəsidir. Türkiyə iqtisadiyyatı çox normal  şəkildə inkişaf edir. Bu fonda isə, təbii ki, milli valyutanın zəifləməsi praktik olaraq qeyri-mümkündür. Lakin Suriyanın şimalında aparılan hərbi əməliyyatların yaratdığı gərginliklər və qarşıdan gələn prezident seçkiləri müəyyən psixoloji məqamlar yaradır.Məhz Türkiyə lirəsinin ucuzlaşması daha çox bu psixoloji təsirlərlə bağlıdır.Hesab edirəm ki, sakitlik yarandıqca, hər şey əvvəlki axarına düşəcək.Çünki ortada heç bir iqtisadi səbəb yoxdur”.

Dolların məzənnəsinin artması Türkiyədən Azərbaycana idxal olunan malların qiymətinə necə təsir göstərəcək?

İqtisadçı hesab edir ki, Türkiyə iqtisadiyyatının bugünkü vəziyyətini müsbət dəyərləndirmək olar:

"Çünki iqtisadiyyatda inkişaf var və ixrac potensialı da çox böyükdür. Bu isə ölkəyə kifayət qədər xarici valyuta gətirir.Ona görə də məsələdə iqtisadi tərəf axtarmağa dəyməz.Lirənin ucuzlaşması davamlı olarsa, bu Türkiyədən idxal olunan malların qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları