Yuxarı

"Ticarət savaşı” bahalaşma yaradacaq

Avropa Birliyi iyulun 1-dən etibarən ABŞ-dan idxal olunan mal və məhsullara tətbiq olunan rüsumu 2.8 milyard avro artırıb.

Bu qərarın verilməsinə səbəb Ağ Evin Avropadan idxal olunan polad və alüminium tariflərini artırmasıdır. Ekspertlər hesab edir ki, ticarət müharibəsi nə amerikalılar, nə də avropalılar üçün əlverişli deyil. Ancaq Avropa Birliyi bu məsələdə daha çox zərər çəkə bilər. İyulun 1-dən Avropa Komissiyası ABŞ-dan idxal olunan müxtəlif növ məhsullara tətbiq olunan rüsumu 10 faizdən 50 faizə qədər artıracaq. Həmin siyahıya müxtəlif növ içkilər, viski, tütün məmulatları, geyim və digər məhsullar daxildir. ABŞ-ın qərarı Avropa Birliyinə 6.4 milyard dollar dəyərində ziyan vurub. Avropa Birliyi isə sonrakı 3 il ərzində ABŞ-dan idxal olunan məhsullara tətbiq olunan rüsumun 3.6 milyard avro artırmağı planlaşdırır.

Prezident Donald Tramp isə özünün "Twitter” səhifəsində Amerikanın ticarət sahəsində düzgün davranmalı olduğunu qeyd edib. O, "dəhşətli ticarət”lə məşğul olmağı "axmaqlıq” adlandırıb. "Bizim illik xarici ticarət dövriyyəmizdə defisit 800 milyard dollar olduğu halda, siz ticarət müharibəsində məğlub olmağı özünüzə rəva bilmirsiz” - deyə, Tramp bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Avropa İttifaqından başqa, Kanada da Vaşinqtonun bu addımına qarşı ABŞ-dan idxal olunan bir sıra məhsullara əks-tariflər tətbiq edib.


İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, Amerikanın Avropaya ticarətlə bağlı əlavə idxal rüsumlarının tətbiq edilməsi gözlənilən idi: "Xüsusilə, metallurgiya sənayesi üzrə ABŞ və Avropa arası idxal-ixrac əməliyyatlarında ticarət dövriyyəsində mənfi saldo müşahidə edilirdi. Trampın verdiyi bu qərar və yaxud da Avropanın buna adekvat olaraq verəcəyi qərarlar hər iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmur.

Çünki Avropa və Amerika arasında ticarət dövriyyəsində böyük tədiyyə balansı mövcud deyil. Bu isə bütün hallarda hər iki tərəfin xeyrinədir. Avropa ticarət dövriyyəsində ağır metallurgiya sənayesi ilə bağlı münasibətlərdə tənzimlənən xarakter daşıyır. Əslində siyasətçilər bunu ciddi iddia olaraq təsir etmək üçün psixoloji faktor kimi də ifadə edirlər. Onlar birjalarda metallurgiya sənayesi üzrə səhmlərin bahalaşmasına çalışırlar. Çünki uzun zamandır ağır metallurgiya, xüsusilə, əlvan metallurgiya üzrə indekslərdə artım müşahidə edilmirdi”.

Ekspert hesab edir ki, gömrük rüsumlarına dəyişiklik edilməsi Amerika ilə Avropa arasında razılaşdırılmış bir prosedurdur: "Əslində fiskal olaraq ABŞ-la Avropa arasındakı ticarət dövriyyəsi bərabərdir. Yəni, aylıq 90 milyard dollar tədiyyə balansı təşkil edir. ABŞ-la Avropa arasında idxal-ixrac əməliyyatları ilə bağlı rüsumların dəyişdirilməsi hər iki tərəfin xeyrinədir. Yəni, burada həm Amerika, həm də Avropa maraqlıdır. Münasibətlərə politik yanaşsaq, görərik ki, əslində proses qiymətlərin artmasına xidmət edir. Necə ki, neft qiymətlərinin dəyişilməsi üçün bir sıra siyasi gedişlər həyata keçirilir.

Eyni zamanda, Amerika da çalışır ki, bu sahədə də bir sıra gedişlər edərək qiymət dəyişiminə nail olsun. Bu baxımdan, Amerikanın Avropa ilə bağlı gömrük rüsumlarına etdiyi dəyişikliklər razılaşdırılıb”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları