Yuxarı

Banklarda müəmmalı əməliyyat

Banklarda müəmmalı əməliyyat

Kommersiya banklarının fəaliyyəti qənaətbəxş hesab olunmur. Baxmayaraq ki, bu gün bazarda 30 bank fəaliyyət göstərir, amma onların bir çoxunun ciddi kapital problemi mövcuddur.

Rüblük və illik hesabatlarda bankların fəaliyyətinin hansı səviyyədə olduğu açıq şəkildə görünür. Təsədüfi deyil ki, kommersiya banklarının bir çoxu ili böyük zərərlə başa vurur və proses artıq 3 ildir davam edir. Bankların vəziyyəti ölkədə baş verən manatın iki kəskin devalvasiyası ilə izah olunsa da, məsələnin kökündə daha ciddi məsələlər dayanır. 

Əslində bankların əsas problemi yanlış aparılan pul-kredit siyasətidir. Bütün bu və digər məsələlər artıq 3 ildir ki, müzakirə olunur, problemin həlli yolları istiqamətində təkliflər verilir, amma hələ də məntiqi nəticəyə nail olmaq mümkün olmayıb.  

Bu günlərdə bankların bir çoxunda əməliyyat sistemi işləməyib. Maraqlıdır ki, sistemində problem yaranan banklar ölkənin ən iri bankları hesab olunur. Məsələn, Kapital Bank kifayət qədər böyük struktura və ciddi imkanlara malik kommersiya qurumu olsa da, artıq bir neçə gündür ki, bankda heç bir əməliyyat aparmaq mümkün deyil. Qurumun Cəfər Cabbarlı filialında müştərilərdən biri hesab açdırmaq istəsə də, məlumat bürosundan bankın heç bir əməliyyat apara bilmədiyini, sistemin nə zaman işə düşəcəyindən isə məlumatsız olduqları deyilib. Nəzərə alsaq ki, bu gün bir çox ödənişlər, xüsusilə də dövlət təyinatlı -əmək haqları, pensiyalar, məcburi köçkünlər üçün aylıq müavinət (Çörəkpulu-müəl.), sosial yardım və digər bir çox ödənişlər məhz Kapital Bank vasitəsilə ödənilir. Bankın əməliyyat sistemində yaranan problemlər sözügedən ödənişlərin vətəndaşların hesabına köçürülməsi mümkün deyil. Bu da əlavə narazılıqların yaranmasına səbəb olur.

Məlumatlara görə digər bir neçə bankın-"Unibank” ASC, "AtaBank”, "Express Bank” və "YapıKrediBank”ın əməliyyat sistemində problemlər yaranıb. Yaranan problemlər isə ilk növbədə bank müştərilərinin ciddi narazılığına səbəb olur. Nəzərə alsaq ki, onsuz da son iki ildə gedən proseslər banklara olan inamı minimuma endirib, bu cür texniki problemlərin olması vəziyyəti bir az çətinləşdirir.

Maraqlıdır, banklarda bu cür problemlərin yaranmasına səbəb nədir? Təbii ki, bu sual banklara yönləndirilməlidir və problemin nədən qaynaqlandığına özləri aydınlıq gətirməlidir. Amma təəssüf ki, banklar bu cür ənənəyə malik deyillər və onlardan hansısa məlumat almaq demək olar ki, mümkünsüzdür. Ancaq ekspertlər yaranan vəziyyəti izah edir və müxtəlif ehtimallar səsləndirir.

Məsələn, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bankların əməliyyat sistemində yaranan problemlər onların zəif texniki imkanlara malik olmaları ilə bağlıdır: "Bankların əməliyyat sistemi İnformasiya Texnologiyalarına (İT) bağlı məsələdir. Müəyyən vaxtlarda mən də bank sistemində işləmişəm. Bu elə bir sistemdir ki, buraya daim pul qoymaq lazımdır. İT sistemi daim inkişaf etdirilməlidir ki, yeni tələblərə cavab versin. Bunun üçün isə pul xərcləmək lazımdır. Bankların isə son vaxtlar pulu azalıb, azalmayıbsa da xəsislik edirlər və bu sistemin yenilənməsinə pul xərcləmirlər. Ona görə də bu cür problemlər yaranır. Məsələn, bir çox banklar var ki, bankomatlarında video görüntü yoxdur. Yaxın görüntü var, amma zəifdir. Sonra bankomatdan oğurluq olur və deyirlər ki, polis axtarıb tapsın.

Polis necə axtarsın tapsın ki, sənin bankomatında adi videogörüntü yoxdur. Bu halda da deyirlər ki, qanunda videogörüntünün olması ilə bağlı tələb yoxdur. Gərək elə mütləq qanun tələb etsin? Eynilə əməliyyat sistemində də eyni hal müşahidə olunur. Qanunvericilikdə konkret tələb olmadığı üçün banklar daxili qaydalara uyğun işləyirlər. Banklar özləri maraqlı olmalıdır ki, müştəri məmnuniyyətini təmin etmək üçün sistemləri daim yaxşı işləsin. Bank pul verib İT şirkəti ilə müqavilə bağlamalı və həmin şirkət də daim banka xidmət göstərməlidir. Banklar isə bir müddətdən sonra pul xərcləmək istəmirlər və bu cür problemlər yaranır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə "Cümhuriyət” qəzetinə şərhində bir sıra məqamlara aydınlıq gətirib: "Yaranan problemlər çox güman ki, proqram təminatı ilə bağlıdır. Çox yaxşı olar ki, hansı banklarda bu cür problem yaranıb, özləri rəsmi açıqlama verib səbəbini izah etsinlər. Ümumiyyətlə, əməliyyat sistemində yaranan problemlər mərkəzləşmiş qaydada olur. Mərkəzləşdirilmiş qayda da aradan qaldırılmalıdır. Bankların proqram təminatı zəif olduğu üçün bu cür problemlər yaranır. Digər tərəfdən, ola bilər ki, haker hücumu ola bilər. Bu da çox ciddi təhlükədir. Bununla bağlı da banklar ciddi açıqlamalar verməlidir. Çünki ola bilər ki, haker hücumları nəticəsində bankların əməliyyatlarında və fiziki şəxslərin hesablarında problem yaşansın. Ona görə də çox yaxşı olar ki, banklar yaranan problemlə bağlı ətraflı məlumat versin”.

Natiq Cəfərli hesab edir ki, bu cür hadisələr onsuz da etibarlılığı zəifləmiş banklara qarşı daha da güvənsizlik yarada bilər: "Vətəndaşların təxminən 2015-ci ildən bu yana demk olar ki, bank sektoruna güvəni sıfırlanıb. Belə bir hadisələrin baş verməsi və normal açıqlamaların olmaması bank sektoruna inamı tamamilə məhv edə bilər. Banklar özləri başa düşməlidir ki, ictimaiyyətlə normal əlaqə qurmasalar, ən böyük zərəri özləri çəkəcəklər”.

Eksert bu problemin banklar tərəfindən bilərəkdən törədilmə ehtimalına da toxunub. N.Cəfərli qeyd edib ki, əgər problem bilərəkdən törədilibsə, o zaman günahkarlar cəzalandırılmalıdır: "İndiki sistem çərçivəsində bütün ehtimallar ola bilər. Amma hesabatlılığın verilməsi əməliyyat sisteminin çökməsinə səbəb olmamalıdır. Əgər bu qəsdən edilən hadisədirsə, o zaman hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırma aparıb səbəbkarları cəzalandırmalıdır”. 

Sonda onu da qeyd edək ki, ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) elektron xidmətlər sistemində də problem yaranmışdı. Məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada - Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları