Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında iqtisadi amnistiya mexanizminin yaradılması əksini tapıb. Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin yaradılması nəzərdə tutulur.
Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi müəyyənləşib. Beləliklə, bu il dekabrın 1-dək Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin işlənməsini təmin etməlidir.
Maraqlıdır, sənəddəki "iqtisadi amnistiya” özündə nəyi ehtiva edir? Bu mexanizmin mənfi və müsbət tərəfləri nə olacaq?
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iqtisadi amnistiya deyiləndə bu günə qədər qanunsuz gəlir əldə edənlərin, ölkəyə məhsul gətirənlərin məsuliyyətdən azad olunması başa düşülür: "Məsələn, hansısa sahibkar ölkəyə nəsə mal gətirib və özündən asılı olmayan səbəblərə görə həmin məhsulları rəsmiləşdirə bilməyib. Deyək ki, 500 manatlıq malın 100 manatı rəsmi, qalanını isə qeyri-rəsmi qaydalara uyğun olaraq keçirib. Sahibkar malını çıxarır bazarda satmağa və vergi işçisi gəlib sənəd istəyəndə məlum olur ki, sənədləri yoxdur. Yəni, bu gömrükdən malı keçirəndə baş verən qanunsuzluqdur. Əslində sahibkarın bu məsələdə heç bir günahı yoxdur. Qruplar öz aralarında ötür-ötür oynayır.
İqtisadi amnistiya isə o deməkdir ki, həmin dövrlərdə kimlər bu cür işləyibsə, daha onlardan bu haqda soruşmayacaqlar. Bir növ sıfırdan başlayacaqlar. Hesab edirəm ki, bu sərəncam dövlət orqanlarının daha şəffaf işləməsi istiqamətində atılan addımdır. Yəni, bu günə qədər olan qanunsuzluqların üzərindən keçəcəklər, amma bundan sonra şəffaf işləmək şərti ilə. Bu sırf gömrük və vergi sahəsini əhatə edir. Amma ola bilər ki, prosesin gedişatında başqa sahələrə də şamil olunsun. Çünki amnistiya böyük anlam ifadə edir”.
Ə.Həsənov deyib ki, bütün dünyada sahibkarların əldə etdiyi ilkin kapital bir qayda olaraq qanunsuz hesab olunur: "Bu yalnız Azərbaycana aid deyil, Avropada da, ABŞ-da da bu cürdür. Yəni, sahibkarlıq fəaliyyətinə başlamaq üçün qoyulan iri kapital böyük ehtimalla ya korrupsiya yolu ilə əldə edilib, ya da oğurluqla. SSRİ-dən sonra, bazar iqtisadiyyatı olmayan dövrdə bu qədər vəsait başqa cür necə əldə edilə bilər? Bu yolu ABŞ, Avropa ölkələri də keçib. İndi dövlət deyir ki, bunları bağışlayırıq, amma bundan sonra düzgün işləyin. Gömrükdə də eyni qaydada deyilir ki, gətirdiyin malların həcmini tam şəkildə bəyan edin.
Bir növ sahibkarlara deyirlər ki, əlinizdə nə qədər pul, mülk, xaricdə nə qədər vəsaitiniz varsa, bəyan edin və bunlara dəyməyək və ya birdəfəlik vergi tutulsun. Amma bundan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olmayın. Prinsipcə, hesab edirəm ki, doğru istiqamətdə atılmış addımdır”. Əkrəm Həsənov sonda vurğulayıb ki, iqtisadi amnistiya ilkin addımdır və gələcəkdə bütün sahələrə tətbiq olunacaq: "Dəfələrlə təklif etmişik ki, maliyyə amnistiyası elan edilsin və yastıq altında olan pullar iqtisadiyyata qoyulsun. Bu cür amnistiyanı qanunsuz tikililərə də aid etmək lazımdır. Hesab edirəm ki, hazırda atılan addım başlanğıcdır və zaman-zaman digər sahələrə də aid ediləcək. Bu uzun proses olacaq”.
Vilayət Muxtar