Yuxarı

Bankların 3 məqsədə xidmət edən 1 hesabatı

Bankların 3 məqsədə xidmət edən 1 hesabatı

Bank sektorunun bugünkü ağır vəziyyəti heç kəsə sirr deyil.

Problemi kreditlərin həcminin çox olması, maliyyə çatışmazlıqları, kredit siyasətinin iflasa uğraması və ən əsası, vətəndaşların banka olan etimadının böyük ölçüdə itməsi bu sektoru sözün həqiqi mənasında böhrana saldı. Son günlərə qədər bankların verdiyi hesabatlarda da vəziyyətin kritik olması açıq şəkildə görünürdü. Bir çox banklar var ki, son 3 ili ardıcıl olaraq zərərlə başa vurub. Ancaq 30 iyul 2018-ci il tarixində bankarın cari ilin ilk 6 ayı üzrə yaydığı son hesabatda 27 bankdan 22-si mənfəətlə işlədiyini açıqlayıb. 

Maraqlıdır, bu hesabatlara nə qədər inanmaq olar? Bank sektorunun həllini tapmayan problemləri, real durumu haqqında "Cümhuriyət” qəzetinin suallarını bank məsələləri üzrə ekspert Əkrəm Həsənov cavablandırıb.

-Əkrəm bəy, əvvəl bank sektorunda olan real vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdik. Bu gün bank sektorunda real mənzərə nədir? Sağlamlaşdırma prosesi bitdi və banklar problemini həll etdimi?

-Əslində bankların arasında fərq var. Ümumi götürsək, bankların vəziyyəti qənaətbəxş deyil. Problemli kreditlər çoxdur, əmanətlərin qaytarılmasında çətinliklər yaşanır, likvididlik problemi var, amma bu heç də bütün banklara aid deyil. Təbii ki, sağlam banklarımız da var. Sadəcə olaraq, qeyri- sağlam banklar digərləri haqqında da mənfi fikir formalaşdırıb. Elə buna görə də dövlət başçısının tapşığına görə bu ilin sonuna qədər banklarda sağlamlaşdırma prosesi bitməlidir. Bitəcək, bitməyəcək, bu, artıq başqa məsələdir. Bu məsələni Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) icra etməli idi, amma görünən odur ki, Palata hələ ki, işin öhdəsindən gələ bilmir və ona görə də sağlamlaşdırma prosesi bitmir. Sağlamlaşdırma o deməkdir ki, banklarda əsasən problemli kreditlər məsələsi həllini tapmalı, xilas edilən banklar kapitallaşdırılmalı və yerdə qalanlar ya birləşməli, ya da bağlanmalıdır. Böyük təhlükə var ki, ilin sonuna qədər qalan 5 ay müddətində də bu proses bitməyəcək və problem növbəti illərə də miras qalacaq.

-30 iyul 2018-ci il tarixinədək Azərbaycanın 30 bankından 27-si cari ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Onlardan 22-si xalis mənfəətlə işlədiyini bəyan edib. Bu hesabata əsasən bankların normal işlədiyini demək olarmı? Ümumiyyətlə, bu hesabat həqiqəti, real vəziyyəti nə dərəcədə əks etdirir?

-Bəzi banklarda kapitallaşma oldu. Ola bilər ki, bəzi banklarda həmin kapitallaşmaya görə xalis mənfəət həqiqətən var. Sadəcə, Maliyyə Bazarlarına Nəzarət Paltası (MBNP) ötən il etiraf etdi ki, bankların verdiyi hesabatlarda yanlışlar var. Bu baxımdan, indi də birmənalı şəkildə demək olmaz ki, bankların açıqladığı rəqəmlər doğrudur və həqiqətən də mənfəətlə işləyirlər. Bəzi banklar hesabatlarda problemli kreditlərinin həcmini azaldır və kapitalını olduğundan çox göstərir. Ona görə də bugünkü hesabatlara etirbar yoxdur. Həm də bu hesabatlar rüblük olduğu üçün kənar auditdən keçmir. Ona görə də rüblük hesabatlara o qədər də etimad edilmir. Gözləmək lazımdır ki, il bitsin və illk hesabatlar verilsin.

-Qəribə bir mənzərə yaranıb. Bir müddət əvvəl daha çox problem olan maliyyə qurumlarının hesabatlarında indi onların mənfəətlə işlədiklərini görürük.

-Bankların mənfəətlə işləməsinin açıqlamasında 3 alt məqsəd var. Əsas məqsəd təbii ki, vəziyyətin yaxşı olduğunu göstərməkdir. Birincisi, təbii ki, bank onlara nəzarət edən qurumlara göstərir ki, vəziyyət yaxşıdır. İkincisi, öz müştərilərinə göstərir ki, orada əmanət saxlayaranlar qorxmasın, qaçmasın. Üçüncüsü isə banklar xarici kreditorlara vəziyyətin yaxşı olduğunu göstərmək istəyirlər ki, kredit cəlb edə bilsinlər. Prinsipcə, bu, normal haldır. Çünki banklar çalışmalıdır ki, vəziyyətin yaxşı olduğunu göstərsin və etibarlı imicini qorusun. Məsələn, bağlanan banklardan "Bank Standart” və "Texnika Bank” ölkənin ən iri iki bankı idi. Uzun illər bu bankların hesabatlarına baxanda heç bir problem görünmürdü və ya az görünürdü. Hətta "böyük dördlüyə” daxil olan şirkətlər bu banklar haqqında qismən müsbət rəy vermişdi ki, hər şey qaydasındadır. Amma sonradan məlum oldu ki, əslində vəziyyət deyildiyi kimi deyil. "Bank Standart”ı bağlanmamışdan 1-2 il öncə yoxlayanda deyilirdi ki, itkiləri 15 milyon manatdır. Ancaq bağlanandan sonra elan olundu ki, bankın itkiləri 1 milyardı keçib. Bu, artıq o deməkdir ki, hesabatlar düzgün verilmir və kənar audit qiymətləndirməsi aparılmır. Ona görə də hər kəs ehtiyatlı olmalıdır, bu hesabatları hərtərəfli oxumaq və yoxlamaq lazımdır.

Hesabatlara birmənalı şəkildə etibar etmək olmaz.

-Əkrəm bəy, necə düşünürsünüz, banklar əvvəlki etimadını bərpa edə biləcəkmi?

-Əvvəl-axır yəqin ki, banklar etimadı bərpa edəcəklər. Sadəcə olaraq, bunun nə zaman olacağı bəlli deyil. Düşünmürəm ki, bu yaxın bir neçə il ərzində baş versin. Etimadı qazanmaq çətindir, amma onu itirmək çox asandır. Necə ki, bir müddət öncə bu baş verdi. Yəni, bankların etimadı yenidən bərpa etməsi üçün uzun zaman lazımdır ki, banklar və idarəedici orqanlar sağlamlaşsın və bu sektoru düzgün idarə etsinlər. Hələlik bunu görümürük və yəqin ki, yaxın illərdə də görə bilməyəcəyik.

-Son olaraq bankların bağlanma məsələsinə toxunmaq istəyirik. Artıq bir neçə müddətdir ki, qeyri-sağlan bankların bağlanması və ya birləşməsi məsələsi gündəmdədir. Bankların son hesabatda mənfəətlə işlədiyini açıqlaması bu məsələni gündəmdən çıxara bilərmi?

-Düşünmürəm ki, bankların bağlanması məsələsi gündəmdən çıxsın. Hesab edirəm ki, bu məsələ ilin sonuna qədər gündəmdə qalacaq. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları