Yuxarı

Banklar 24 saat işləməyə pul tapmır

Banklar 24 saat işləməyə pul tapmır

Qeyri iş günlərində və saatlarında fəaliyyət göstərən banklar paytaxt sakinlərinin və gələn turistlərin sayına adekvat deyil. Bəzən görürük ki, iş qrafikinin 724 olduğunu elan edən banklar saat 21:00-dan sonra fəaliyyət göstərmir. Bu da axşam saatlarında xarici valyutanı yerli pul vahidilə dəyişmək istəyən şəxslərə əlavə problemlər yaradır. Qeyd edək ki, bir müddət öncə Bakıda dollar dəyişən bankomatların işə düşməsi barədə rəsmi məlumat təsdiqlənmişdi. Bu bankomatlar vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı ərzində nağdlaşdırılma üzrə valyuta əməliyyatları aparmaq mümkün olacaqdı. 

Bununla da pulu istər dollardan manata, istərsə də tərsinə dəyişdirmək rahat olacaqdı. Valyuta mübadiləsi bankomatlarında ölkədə daha çox tədavüldə olan 3 valyuta manat dollar və avronu dəyişmək mümkün olacaqdı. Bu isə valyuta dəyişmək prosedurunu asanlaşdırmaqla yanaşı, eyni zamanda növbələrin yaranmasının da qarşısını almağa xidmət edəcəkdi. İlkin olaraq 2-3 bank bu prosesin tətbiqinə başlamışdı. Lakin məlum olmayan səbəblərdən sözügedən bankomatların fəaliyyəti məhdudlaşdırıldı.

Hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, qanunvericilik bankları hansı saatlarda fəaliyyət göstərməyə məcbur etmir: "Banklar sahibkarlıq fəaliyyətinin subyektidirlər və istədikləri vaxtda işləyə bilərlər. Ümumiyyətlə, banklar hər kəsin qəbul etdiyi iş günlərində fəaliyyət göstərməyə bilərlər. Çünki onların əsas məqsədi sahibkar olaraq gəlir götürməkdir. Təbii ki, gəlir götürmək üçün də onlar elə saatda fəaliyyət göstərməlidirlər ki, müştəriləri çox olsun. Əgər banklar, hətta özlərinin bəyan etdiyi vaxtlarda fəaliyyət göstərmirsə, bunun əsas səbəbi maliyyə cəhətdən sərfəli olmamasıdır. 

Əmək Məcəlləsinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Tutaq ki, işçinin hər saata görə çalışması 20 manatdırsa, əlavə iş saatına qaldığı üçün ona 40 manat əməkhaqqı ödənilməlidir. Həmin günlərdə bankın gəliri də çox olmalıdır ki, bu, onlara sərf etsin. Sahibkar hesablayanda ki, gəlirləri və banka müraciət edən müştəriləri azdır, üstəgəl, əlavə iş saatına görə işçisinə ikiqat əmək haqqı ödəməlidir, bu zaman təbii ki, həftənin 7 günü, günün 24 saatı işləmək ona sərf etməyəcək”. 

Ekspert hesab edir ki, Azərbaycanda bank xidmətlərinə tələb azalıb. O, bunun başlıca səbəbini əhalinin gəlirlərinin azalması və müştərilərinin aktivliyinin aşağı düşməsi ilə izah edib: "Bu prosesə təkan verən digər bir səbəb də bankların öz filiallarını bağlamasıdır. Banklar buna görə də öz işçilərini ixtisar ediblər”. 

Valyuta mübadiləsi bankomatlarının fəaliyyəti məhdudlaşdırılmasına gəlincə, Əkrəm Həsənov qeyd edib ki, bankomatlar banklara sərf edir: "Banklar bankomatı onlara sərf etdiyinə görə icad ediblər. Məhz işçiyə əməkhaqqı ödəməkdən, məzuniyyət verməkdən, müştərilərə bank şöbələrinə getmək asan olsun deyə deyil, sırf banka sərf edir deyə, bankomat icad edilib. Nəticədə işçilərin gördüyü funksiyanı bankomatlar yerinə yetirir. Azərbaycanda valyutadəyişmə bankomatlarının olmaması kimlərinsə maraqlarına sərf etmir. Çünki banklar valyutadəyişmə əməliyyatlarında rol oynaya bilirlər. Yəni valyutanı istədiyi anda satır, istəmədiyi məqamda imtina edir. Bir növ bazarın necə oynamasını müşahidə edib əlavə vəsait qazanmaq istəyirlər. Onlar, hətta mütəmadi məzənnəni dəyişə də birlər. Məlum məsələdir ki, Azərbaycanda milli valyuta üzən məzənnə sistemində deyil. Əgər məzənnəni bazar müəyyən etsəydi, bəli, bankların başqa yolu qalmaycaqdı. Bazardakı vəziyyətdən sui-istifadə etmək üçün banklara valyuta mübadiləsi bankomatlarının fəaliyyəti sərf etmir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları