Yuxarı

Turizm gəlirimiz Gürcüstanı keçdi

Turizm gəlirimiz Gürcüstanı keçdi

Gürcüstan bu ilin yanvar-iyul aylarında turizmdən 1,7 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.

Ölkənin Milli Statistika Xidməti bu barədə məlumat yayıb. Belə ki, 7 ay ərzində Gürcüstana 4,6 milyon nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur. Gürcüstana ən çox turist Azərbaycandan (1 il əvvələ nisbətən 10,4% çox), Rusiyadan (24,1% çox) və Türkiyədən (20,4% çox) gəlib.

Dövlət Turizm Agentliyinin məlumatına görə ölkəyə səfər edən əcnəbilərin sayında ötən ilin iyul ayına nisbətdə 5.2%, yanvar-iyul aralığına olan nisbətdə isə 9.3% artım müşahidə olunur. 2018-ci ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən il ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 330 minə çatıb. Əcnəbilərin təqribən üçdə bir hissəsini (119 min nəfər) Rusiya vətəndaşları təşkil edir.

Digər 20% və 15% əcnəbilər isə Yaxın Şərq və Gürcüstanın payına düşür. Ümumən götürdükdə, qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70%-ni təşkil edir. Yaxın Şərq ölkələrindən səfər edən əcnəbilərin sayında ötən ay ilə müqayisədə 30% artım müşahidə olunur. Bu artımın böyük hissəsini Səudiyyə Ərəbistanından gələn qonaqlar təşkil edir. Daha bir böyük artım 63% Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında müşahidə olunsa da, onların sayı, 24 min nəfər olmaqla, respublikamıza səfər edənlərin ümumi sayının 7%-ni təşkil edir. Qonşu ölkələrin bəzilərində isə cüzi artım və ya cüzi azalma müşahidə olunmaqdadır. Belə ki, Rusiya və Türkiyədən gələn qonaqların sayı müvafiq olaraq 2% və 1% azalıb. Gürcüstandan gələnlərin sayı isə 5% artıb. Digər tərəfdən, İrandan gələn əcnəbilərin sayında 35%-ə qədər ciddi azalma mövcuddur.

2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən səyahətçilərin sayı 1,65 milyondan çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artıb. Bu axının böyük hissəsi, 1.5 milyon və ya 31.5%, Rusiyadan olan səyahətçilərin payına düşür. Gürcüstan (20%), Yaxın Şərq bölgəsi (13%), Türkiyə (10%) və İran (10%), həmçinin, əcnəbi axının digər əhəmiyyətli mənbələri sayılırlar. 2017-ci ildə ölkəmizə 2 milyon 691 min 998 xarici vətəndaş gəlib ki, onun da 790 min 258-i Rusiya, 488 min 269-u Gürcüstan, 340 min 702-si İran, 275 min 147-si Türkiyə, 87 min 215-i Birləşmiş Ərəb Əmirlikləri, 58 min 259-u İraq, 53 min 583-ü Ukrayna, 32 min 644-ü Səudiyyə Ərəbistanı, 351 min 831 nəfəri digər ölkələrin vətəndaşlarıdır.

Ekspertlər hesab edir ki, son illər Azərbaycanda turizm sürətlə inkişaf edir. Bunu ölkəmizə gələnlərin statistikası aydın göstərir. Artıq bir neçə ildir ki, Azərbaycana səyahət edənlərin sayı iki milyonu keçir. Bu il xarici turistlərin sayında nəzərəçarpacaq artım var. Təkcə ötən il Azərbaycana 2 milyon 249 min nəfər turist gəlib. Bu ilin ötən dövründə isə bu rəqəm bir qədər də yüksəlib. Statistikaya görə, bu rəqəm indi 2 milyon 700 mini keçib. Gözlənilir ki, ilin sonunadək ölkəmizə gələnlərin sayı üç milyona çatacaq. 

Maraqlıdır, Azərbaycan bu il turizmdən nə qədər gəlir əldə edib?
 

Turizm üzrə ekspert Çingiz İsmayılov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan çalışmalıdır ki, turizm sahəsində ilk yerlərdə dayansın: "Belə bir norma var- orta göstəriciyə görə, Azərbaycana gələn hər turist günə təxminən 60-70 dollar xərcləyir. Bu, orta göstəricidir, az və çox da ola bilər. Gürcüstana öz ərazisində yaşayanlardan çox turist gəlib. Təbii ki, bu rəqabətdir. Biz bu rəqabət şəraitində elə üstünlüklər yaratmalıyıq ki, turistlər bura gəlsin. Əlbəttə ki, Gürcüstanın da üstünlükləri var və ondan istifadə edir. Avropaya yaxın olması, Qara dənizə çıxışı, Rusiya ilə həm dəniz, həm də quru ilə sərhəd olması, eləcə də Türkiyə ilə birbaşa sərhəddinin olması çoğrafi üstünlüklərdir.

Amma əsas üstünlüklər təbii ki, qiymətlər və xidmətlərdir. Bu sahədə müvafiq dövlət qurumları, Dövlət Turizm Agentliyi araşdırma aparmalıdırlar ki, nə üçün turistlər daha çox Gürcüstana önəm verir. Yəni həm qiymət siyasətində, həm də xidmət sahəsində nələr etmək lazımdır ki, turistləri daha çox Azərbaycana cəlb etmək mümkün olsun. Eyni zamanda bu rəqbətdə biz üstünlüklərə malik olaq. Əslində daha çox ərəb ölkələrindən Azərbaycana turistlərin gəlməsi alqışlanası hal deyil. Bir tərəfdən, bu yaxşıdır, digər tərəfdən isə məqbul sayılmır. Latın Amerikasından, Qərbi Avropadan, Yaxın Şərqdən də turistlərin gəlməsi lazımdır. Hansısa bir turizm şirkətinə üz tutsaq, məlum olacaq ki, cəmi 2-3 ölkədən Azərbaycana turist gəlir.

Ona görə də gələn turistlərin coğrafiyasını genişləndirmək lazımdır. Bunun üçün xeyli təbliğat vasitələri, reklam çarxları yaymaq, müxtəlif turizm sərgiləri təşkil etmək lazımdır. Ora qida, şərab, ticarət sərgiləri də əlavə edilməlidir. Yəni bütün imkanlardan yararlanmaq lazımdır. O zaman turizm potensialından tam istifadə etmək imkanımız yaranacaq”.

Kiçik bir hesablama aparaq. Əgər statistikaya görə ölkəyə yanvar ayından indiyədək 2 milyon 700 min turist gəlibsə və onların hər biri günə 60-70 dollar xərcləyirsə, deməli, Azərbaycan həmin dövr ərzində təxminən 1,8 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. Bu rəqəm isə qonşu Gürcüstanla müqayisədə çoxdur. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları