Yuxarı

Borc alan ölkədən borc verən ölkəyə çevrilə bilərik?

Borc alan ölkədən borc verən ölkəyə çevrilə bilərik?

Borc anlayışı müasir dünyanın iqtisadi terminlərindən birinə çevirilib. İqtisadi münasibətlər bilərəkdən elə qurulub ki, demək olar ki, hər bir dövlətin kiməsə borcu var. Və həmin borcların da həcmi getdikcə artır. Götürülən borcların nə qədər efektiv xərclənməsi isə məsələnin digər tərəfidir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin bu ilin aprel ayında verdiyi məlumatlara görə, Azərbaycan Respublikasının xarici dövlət borcu 9,642.9 milyon ABŞ dolları (16,392.9 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.0 faiz təşkil edir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

İndi isə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya təsdiq edilib. Bir sıra iqtisadi amillər sadalanaraq, nəticədə dövlət sektorunun borc tələbləri, buna müvafiq olaraq borca xidmət xərcləri və ümumilikdə dövlət borclarının həcmi gözlənilmədən arta biləcəyi bildirilir.

Göründüyü kimi, borclarımızın həcmi artır. Eyni zamanda, məlumdur ki, Azərbaycan xarici ölkələrədə bir sıra layihələrə yatırım qoyur. Belə olduğu halda ölkəmiz  həm də borcverən ölkələr siyahısındadırmı?

İqtisadçı alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, hər bir dövlətin ümmümdaxili məhsulun müəyyən faizinə qədər xarici borcunun olması normal haldır: "Əgər dövlət bazar münasibətlərində inkişaf yolu götürübsə, borc ola bilər”.   

Azərbaycanın eyni zamanda borc verən ölkə olduğunu deyən iqtisadçı ölkəmizin bir çox ölkələrdə layihələr həyata keçirdiyini, investisiyalar yatırdığını qeyd etdi: "Bu ölkələrin arasında MDB ölkələrinin adı var. Məsələn Belarus, Gürcüstan və s. ölkələr var ki, Azərbaycan həm ölkələrə bir çox layihələr üzrə borc verib”.

Ölkəmizin borclarından danışan iqtisadçı qeyd etdi ki, iri investisiya fondlarından, maliyyə şirkətlərindən, Dünya Valyuta Fondundan əsasən bank sektoru üçün borclar götürüb: 

"Xüsusilə 2015-ci ildə neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində bank sektorunda yaranmış problemlərlə bağlı çətinliklər yarandı. Amma təftiş aparılaraq, gələcəkdə bunun kəskin forma almaması üçün lazımı tədbirlərin görüldüyü bildirilir. Bu tədbirlərin hansı effektləri verəcəyini gələcəkdə görəcəyik. Amma hazırda sığortalanma prosesi baş verib”.
Gələcək nəslə qoyulan borcların həcmin artmasının arzuolunmaz hal olduğunu deyən Fuad İbrahimov qeyd edir ki, borcları iki qismə bölmək olar: "Efektiv borc – yəni gələcəkdə qaytarılma perespektivi olan borclar və bank sektoru üçün götürülən borclar var ki, onlar həmin banklar tərəfindən tamamilə yararsız hala gətirilib. Hansı ki, həmin banklardan bəzilərinin lissenziyaları əllərindən alınıb”.

İqtisadçı deyir ki, borclanmaya bir az da getmək olar: 

"Amma perespektiv layihələrlə bağlı ki, Azərbaycan qısa zaman ərzində ondan mənfəət əldə edərək, həm  borcunu qaytarsın, həm də ondan istifadə edərək, öz iqtisadi inkişafına tövhə versin. Düşünülməmiş kreditlərə, borclara əl atacağıqsa, bu əlbəttə ki, arzuolunmaz nəticələrə gətirib çıxaracaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları