Yuxarı

Xaricə yatırılan sərmayə - Natiq Cəfərli: "SOCAR-ın Türkiyədəki obyektlərdən ciddi gəlir götürmə imkanları var”

Xaricə yatırılan sərmayə - Natiq Cəfərli:


Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır. Məlumata görə, ölkələr arasındakı bu potensialdan tam şəkildə istifadə edilməyib, bu rəqəmi  2-3 dəfə artım mümkündür. Maraqlıdır, Azərbaycanın investisiya qoyduğu digər ölkələr hansılardır? Xarici ölkələrə təqribən nə qədər vəsait yatırılıb və bunlar hansı sahələrə ayrılıb?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki,  Azərbaycanın daha çox investitsiya qoyduğu ölkə Türkiyədir: "İzmirdəki "Star” və neftayırma zavodlarının yaradılmasına indiyədək təqribən 16 milyard dollar vəsait qoyulub. Hələ işlər tam bitməyib, bütünlükdə neft-kimya kompleksində işlərin gələn il yekunlaşması nəzərdə tutulur. Təqribən 4 milyard dollar əlavə vəsait qoyulacaq. 20 milyard dollarla SOCAR Azərbaycanın adından Türkiyəyə ən böyük yatırım qoyan şirkətlərdən birinə çeviriləcək”.

İqtisadçı bildirir ki, Azərbaycanın yatırım qoyduğu ölkələr arasında ikinci yeri Gürcüstan tutur: "İndiyə qədər təkcə SOCAR-ın xətti ilə Gürcüstana 1,2 milyard vəsait qoyulub. Doğrudur, bunun dividentləri də əldə edilib, SOCAR orda ən böyük yanacaqdoldurma şəbəkələrinə malikdir. Həmçinin qazpaylayıcı şirkət kimi də fəaliyyət göstərir. Əhaliyə təbii qazı birbaşa SOCAR paylayır və vəsaitləri yığır. Türkiyə və Gürcüstandan başqa Balkan ölkələrində -Serbiya, Makedoniya, Monteneqroda sərmayələr var ki, bunlar da həm siyasi, həm də iqtisadi maraqların təmin olunması üçün yatırılıb. Bu ölkələrə sərmayələrin yatırılması daha çox siyasi məqsədlidir - yəni söz sahibi olmaq, dost qazanmaq niyyəti ilə atılan addımlardır. Ukrayna və İsveçrədə də Azərbaycanın investisiyaları var. İsveçrədə təqribən 190 yanacaqdoldurma məntəqəsi SOCAR-ın törəmə şirkətinə məxsusdur. Xaricdə qoyulan investisiyaların böyük əksəriyyəti demək olar ki, SOCAR xətti ilə qoyulub”.


"Xaricə ölkələrə qoyulan investisiyaların geri dönüşünün realaşması, gəlir gətirmə şansları nə qədərdir?” sualına cavabında Natiq Cəfərli bildirib ki, bu məsələ kompleks yanaşma tələb edir: "Çünki SOCAR-ın özündə vəsaitlərin idarəolunması şəffaf deyil. Buna görə də burada da rentabelliklə bağlı suallar ortaya çıxır. Amma ən azından Türkiyədəki zavod tam fəaliyyətə başlayandan sonra ciddi gəlir gətirmə imkanları var. Doğrudur, ilkin mərhələdə qoyulan investisiyaların geri dönüşü prosesi olacaq, çünki həmin vəsaitin içərisində SOCAR-ın götürdüyü kreditlər də var. Kreditlər qaytarıldıqdan sonra SOCAR-ın Türkiyədəki obyektlərdən ciddi gəlir götürmə imkanları var, çünki Türkiyə böyük, 81 milyonluq bazardır, əlverişli yerdə yerləşdiyinə görə xaricə ixrac üçün potensial böyükdür. Gürcüstanda da "SOCAR Georgia Petroleum" kifayət  qədər aktivlərə malikdir, gəlirli olmalıdır, amma bu günə qədər bu şirkətin fəaliyyəti ilə bağlı ciddi audit yoxlamasına rast gəlməmişəm”. "Qeyri-neft sektorunda Azərbaycanın xarici ölkələrdə investitsiyaları varmı?” sualına gəldikdə, iqtisadçı bü cür investitsiyaların çox az olduğunu bildirib: "Demək olar ki, yox dərəcəsindədir. Yalnız Balkan ölkələrində, kurort şəhərçiyinin tikilməsi içün investisiya qoyulub. Təqribən 400-450 milyon dollara yaxın həmin investisiya da SOCAR-ın xətti ilə qoyulub, amma qeyri-nedt sektoruna yönəlib”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları