Karbohidrogen
ehtiyatlarından alınan enerjidən
alternativ enerjiyə keçid məsələsində mübahisəli məqamlar mövcuddur. İlk növbədə alternativ enerjinin maya dəyərinin baha
olması, buna qarşı olanların arqumentinə
çevrilib. Digər tərəfdən isə alternativ enerji üçün daha çox investisya yatırılması və bu sahənin inkişafı vacib hesab olunur.
Energetika
nazirinin müavini Elnur Soltanov bu günlərdə bildirib ki, alternativ enerjini
istehsalında problem ondan ibarətdir ki, onun
qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir: "Azərbaycanda da həmçinin. Məsələn,
hazırda Avropa ölkələrində ənənəvi
yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla
35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri
isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək, sosial çətinliklər
ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”.
Coğrafiya İnstitutunun Azərbaycanın
iqtisadi və siyasi coğrafiyası şöbəsinin
elmi işçisi Nicat İmamverdiyev isə "Azərbaycanda
külək elektrik stansiyalarının yer seçimində
coğrafi informasiya sistemlərinin tətbiqi”
mövzusunda təqdimatla çıxış edərkən nazir müavinindən bir qədər fərqli fikir səsləndirib.
Məruzəçi bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik
elektrik stansiyalarından atmosferə ildə 18,5
mln. ton karbon qazı buraxılır. Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa
və Ordubad rayonlarında küləyin
yüksək potensiala malik olduğunu müəyyən
edib. O, coğrafi informasiya sistemlərinin köməyi
ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin
ümumi sahəsini hesablayıb, turbinlərin
texniki xüsusiyyətlərini təhlil edərək istehsal oluna bilən elektrik
enerjisinin miqdarını təyin edib: "Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS
proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyən
edilib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti
yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq edilib. Müəyyən edilib ki, Azərbaycanda
elektrik enerjisinə tələbatın 17%-ni külək
elektrik stansiyaları vasitəsilə almaq
mümkündür. Bu həm də Azərbaycanın "Paris
Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması
öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir”.
Açıqlamaları eyniləşdirsək, bir sıra qaranlıq qalan məqamlar üzə çıxır. Əgər alternativ enerji baha başa gəlirsə, bu kimə və niyə lazımdır? Alternativ enerjinin alıcısı az olacaqsa, xərc çəkməyə, milyardlarla investisya yatırmağa dəyərmi? Karbohidrogen ehtiyatlarından əldə olunan enerjidən istifadəni davam etdirmək və bununla da əhaliyə daha ucuz enerji satmaq daha uyğun yol olmazmı?
İqtisadçı-ekspert
Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında alternativ enerjiyə keçidin əhəmiyyətli olacağını, gələcək üçün daha vacib olduğunu
bildirib. A.Nəsirli hesab edir ki, ən doğru
yol neft və qaz gəlirlərini alternativ enerji sahəsinin
inkişafına yatırmaq lazımdır: "Azərbaycanda karbohidrogen ehtiyatlarından alınan enerjinin maya dəyəri bəlkə də 8 qəpik deyil,
daha ucuzdur. 1 kiloqram mazutdan təxminən 4-5 kilovat elektrik enerjisi almaq
olar. 1 kiloqram mazutun qiyməti isə 10 qəpikdir. Yəni hazırkı karbohidrogen ehtiyatlarından alınan elektrik enerjisinin
xammalının maya dəyəri təxminən 2-3 qəpikdir. Orada müxtəlif
texnologiyalardan istifadə olunur ki, bu da 1-2 qəpik xərc tələb edir. Məsələ
bundadır ki, karbohidrogen ehtiyatları tükənən
enerjidir. Qaz da, neft də nə vaxtsa bitəcək. Deyək ki, İndoneziya OPEC üzvü olan ölkə idi və geniş karbohidrogen
ehtiyatları var idi. Amma İndoneziyanın ehtiyatları bitdi və OPEC-dən çıxarıldı. Bizim ehtiyatlarımız isə o qədər
deyil ki, OPEC-in üzvü olaq. Azərbaycan neft və qaz hasil edən ölkə kimi
OPEC-in üzvü deyil. Yəni Azərbaycanın ehtiyatları kifayət
qədər azdır. Ona görə də Azərbaycan alternativ
eneri baha başa gəlsə də, onun istehsalını
genişləndirməliyik. Yeni texnologiyalar tətbiq etməklə,
inkişaf etdirib maya dəyərini aşağı salmağa çalışmalıyıq. Bu, dünyanın inkişafa
doğru apardığı prosesdir. Azərbaycan da bu prosesə töhfə verməlidir. Alternativ
enerji tükənməyən, karbohidrogen ehtiyatlarından
alınan enerji isə tükənəndir. Bugünkü neft və qaz gəlirlərindən
investisiya qoyub, alternativ enerjinin alınması
texnologiyasını inkişaf etdirmək və gələcək üçün buna nail olmaq
vacibdir. Bu gün alternativ enerjinin alınması
2 qat baha başa gəlsə belə, hesab edirəm ki, Azərbaycan hökuməti
bu istiqamətdə texnologiyanı inkişaf etdirməkdə
davam etməlidir. Bu doğru yoldur”.
Vilayət
Muxtar