Yuxarı

Sahibkarların pul gətirməyən biznes planı

Sahibkarların pul gətirməyən biznes planı


Sabit Bağırov: "Banklarda biznes planını qiymətləndirə bilən mütəxəssislər yoxdur”


Azərbaycanda şirkətlər istehsal fəaliyyətinin artmasına ən çox hansı amillərin mane olduğunu bildiriblər. Belə ki, Azərbaycan Sahibkarlar Konfederasiyanın (ASK) apardığı sorğu zamanı "Şirkətinizin istehsal fəaliyyətinin artmasını ən çox hansı amil məhdudlaşdırır” - sualına sahibkarların 43 faizi maliyyəyə çıxışın çətin olduğunu bildiriblər. 14 faiz xammala çıxışın, 8 faiz kadrların çatışmazlığını, 4 faizi isə qanunları göstərib. Sahibkarların 31 faizi bu suala "bilmirəm” cavabını verib.

Həmçinin "Şirkətinizin gələcək 12 ay ərzində gəlirlərinin artacağını gözləyirsinizmi” sualına sahibkarların 59 faizi "mümkündür” cavabını verib. 11 faizi "çox ehtimal ki”, 10 faizi "bilmirəm”, 2 faizi "ehtimal yoxdur”, 18 faizi "ehtimalı azdır” cavabını verib. Maraqlıdır, sahibkarların maliyyəyə çıxış imkanlarını necə əlçatan etmək olar?

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, burada həm sahibkarlarla, həm də bankların bugünkü şərtləri ilə əlaqəli problemlər var: "Bəllidir ki, bankların kifayət qədər kredit resursu var. Yəni onlar biznes krediti verə bilərlər. Sahibkarların əsas çətinliyi zəmanətlə bağlıdır. İpoteka və Kredit Zəmanət Fondu yaradılıb, amma hələ də arzuolunan səviyyədə işləmir. Faiz dərəcələri və digər şərtlər sahibkarlar üçün ağır olaraq qalır. Sahibkarların zəif tərəfi bankların tələblərinə uyğun olaraq biznes planların hazırlanmamasından ibarətdir. Bir çox halda sənədlər tələb olunan səviyyədə hazırlanmır. Yəqin ki, sahibkarların bir çoxu müvafiq bacarığa malik deyil. Bu sahədə fəaliyyət göstərən konsaltinq şirkətlərinə isə müraciət etmirlər. Çünki bu, əlavə vəsait tələb edir”.

İqtisadçı deyir ki, şirkətlərin maliyyəsini təmin etmək üçün yalnız bir mənbə yox, bir neçə mənbə olmalıdır: "İlk növbədə digər investorların maliyyəsindən istifadə məsələsi öz həllini tapmalıdır. Amma potensial investorlar konkret sahibkarın biznes layihəsinə sərmayə yatırmağa o vaxt razı olar ki, həmin sahibkarın fəaliyyəti şəffaf olsun. Əsas şərtlərdən biri həmin sahibkarın öz şirkətini idarə etməsində korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasıdır. Ümumiyyətlə, bu gün mentalitet baxımından Azərbaycan sahibkarları şərikliyə o qədər də maraqlı deyillər. Çalışırlar ki, ideyasını öz və ya digər maliyyə mənbəyi hesabına, amma digər sahibkarın iştirakı ilə yox, məhz özü həyata keçirsin. Bu da Azərbaycan sahibkarına xas olan bir təfəkkürdür. Göründüyü kimi, burada bir çox həllini gözləyən problemlər var. Burada söhbət tək iri sahibkarlardan getmir, onların kifayət qədər səviyyəli biznes plan hazırlama bacarıqları var. İri sahibkarların əsas problemləri əldə etmək istədikləri kreditlərin yüksək faizli olmasıdır. Mikro, kiçik və orta sahibkarların isə həm müvafiq biznes planı hazırlamaq bacarığı problemi var, həm iri sahibkarlardakı kimi kredit faizlərinin yüksək olması problemi var, həm də zəmanət problemi”.

Sabit Bağırovun qənaətincə, hazırda Azərbaycanda fond birjaları kifayət qədər inkişaf etməyib: "Fond birjalarının inkişaf etməsi də şirkətlərin buna can atmasından asılıdır. Çünki fond birjası nədir, hansı imkanları yaradır şirkətlər üçün kifayət qədər anlaşılan deyil. Digər tərəfdən şirkətlər fond birjasının siyahısına düşmək üçün müəyyən tələblərə cavab verməlidir. İlk növbədə şəffaflıq, korporativ idarəetmə kimi tələblərə əməl olunmalıdır. Gördüyümüz kimi, maliyyəyə əlçatanlıqda həm şirkətlərin özlərinin həll edəcəkləri problemlər var, həm də ümumi xarakter daşıyan ölkənin makroiqtisadi şərtləridir ki, onlar banklara yüksək faizlə kreditlər təklif edir. Ümumən ölkənin makroiqtisadi amilləri onları buna vadar edir”.

Fond prezidenti hesab edir ki, banklar istehlak kreditləri ilə yanaşı, biznes kreditləri verməkdə də maraqlıdır: "Məndə olan məlumata görə, problem resursun olub-olmamasında da deyil, kredit resursu var. Sadəcə olaraq, müəyyən səviyyədə biznes planı hazırlanmalıdır. Doğrudur, biznes planların qiymətləndirilməsi baxımından bankların özündə də müəyyən problemlər var. Hələ ki, banklarda biznes planı kifayət qədər qiymətləndirə bilən mütəxəssislər yoxdur. Ümid edək ki, bir çox məsələlər yaxın zamanda öz həllini tapacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları