Yuxarı

10 faizə də kredit vermək olar - Ekspert bank faizlərini aşağı salmağın yolunu göstərdi

10 faizə də kredit vermək olar - Ekspert bank faizlərini aşağı salmağın yolunu göstərdi

Akif Nəsirli: "Ölkədə faiz dərəcələrini 10 faizdən aşağı sala bilərik”

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun Azərbaycanda kredit faizləri ilə bağlı fikirləri cəmiyyətdə, sosial şəbəkələrdə rezonans doğurub. Xatırladaq ki, Palata rəhbəri bildirib ki, hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil. Onun sözlərinə görə, hazırda yerli banklar istehlak kreditlərini orta hesabla illik 23%-lə, biznes kreditlərini isə illik 8%-lə təklif edir:

Qeyd edək ki,”Cümhuriyət” qəzetinin ötən saylarında qonşu ölkələrlə Azərbaycandakı bank faizlərinin müqayisəsi aparılıb. Palata rəhbəri Azərbaycanda kredit faizlərinin yüksək olmadığını desə də, məlum olur ki, onun müqayisə etdiyi Rusiyada istehlak kreditləri 8-10, biznes kreditləri isə 9 faizdən verilir. Gürcüstanda 5 faizdən biznes, 9 faizdən isə istehlak kreditlərini təklif edən banklar var. Qazaxıstanda da təklif edilən kredit faizləri təqribən eynidir. Yerli mətbuatda gedən araşdırmalara görə, qonşu ölkələr arasında Türkiyədə kreditlər daha aşağı faizlərlə təklif olunur. Burada, hətta 0,99 faizli istehllak krediti təklif edən banklar da var.

Azərbaycanda kredit faizləri Avropa ölkələri ilə müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Məsələn, Fransa, İspaniya və digər inkişaf etmiş ölkələrdə daxil olmaqla Avropada istehlak kreditləri təxminən 4-7 faiz, biznes kreditləri 2-5 faiz, ipoteka kreditləri isə 1-3 faiz arasında verilir. Xatırladaq ki, Azərbaycanda ən aşağı isteklak kreditləti müxtəlif şərtlər nəzərə alınmaqla 16 faizdən təklif olunur. Biznes kreditlərinə gəlincə, isə banklar ümumiyyətlə kreditin bu növünü verməyə üstünlük vermirlər ki, bu da ölkədə sahibkarlığın inkişafını ləngidən vacib amillərdən biridir. Bəs,  Azərbaycanda kredit faizlərinin yüksək olmasının başlıca səbəbləri hansılardır? Niyə əhalinin rifah səviyyəsi nəzərə alınaraq, kredit faizlərinin əlçatanlığı təmin edilmir?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasına bildirib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbləri çoxdur. Onun sözlərinə görə, yüksək faizlər həm bankların beynəlxalq səviyyədə ucuz maliyyə resurslarına çıxış imkanlarının məhdudlaşdırılması, həm də hökumətin banklara donorluq etməməsinin nəticəsidir: "Banklar da məcburiyyət qarşısında kredit portfelini əmanətlərin hesabına formalaşdırır. Kredit portfelinin təqribən 70 faizi əmanətlər hesabına formalaşır. Əmanətlər 9-12 faizlə götürülür, bunun üzərinə Mərkəzi Bankın xidmət faizləri gəlir ki, bu da 3-6 faiz arasında dəyişir. Bankın özünün xidmət faizləri də gəldikdə, bu 19 faiz edir. Bankın müəyyən mənfəəti də olmalıdır. Bu qayda ilə Azərbaycanda kredit faizləri 20 faizdən yüksək olur”.

İqtisadçı deyir ki, Azərbaycanda kredit faizlərinin aşağı salınması üçün bir sıra tədbirlər həyata keçirilməlidir: "Azərbaycan neft ölkəsidir, ölkənin valyuta ehtiyatlarının həcmi 50 milyard dollara çatıb. Bu vəsaitin müəyyən hissəsini ölkə daxilində ucuz kreditlərin verilməsinə yönəltmək olar. Təkcə xarici banklara qoyduğumuz vəsaitin hesabına yəni 3-5 faizlə, yerli banklara  kredit verilə bilər. Bu zaman kreditlərin baza hissəsi 9-12 faizdən, 5-6 faizə düşə bilər. Yəni bunun hesabına bank kreditlərinin faizini 50-60 faiz aşağı salmaq olar. Bundan başqa Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası niyə görə, kreditlərin rəsmiləşdirilməsi üçün 3-6 faiz xidmət haqqı almalıdır. İnkişaf etmiş ölkələrdə həmin xidmət haqqı 1 - ən yüksək halda 1,5 faiz olur. Xidmət haqlarının aşağı salınması ilə kredit faizlərini daha 5 faiz aşağı salmaq olar. Əgər 6 faiz baza hissəsi, 2 faiz Mərkəzi Bankın xidmət haqqı,5 faiz də yerli bankın mənfəəti olarsa, bu cəmi 12 faiz edir. Yəni, Azərbaycan hökuməti olaraq, bizim marağımız və siyasi iradəmiz olarsa, bu gün ölkədə faiz dərəcələrini 10 faizdən aşağı sala bilərik. Nəyə görə Azərbaycan hökuməti neftdən gələn gəlirləri xarici banklara 3-5 faizlə verə bilir, ölkənin kommersiya banklarına donurluq etmir. Hazırda bankların kredit portfelinin həcmi bir neçə milyarddır, amma valyuta ehtiyatlarımız 50 milyarda yaxındır. Xalq olaraq, bizim haqqımızdır ki, həmin valyutadan bəhrələnərək. Onsuz da həmin valyutanın yerləşdirilməsindən Azərbaycan hökuməti rəsmən mənfəət götürə bilmir”.

Xatirə Nəsirova 





Həftənin ən çox oxunanları