Elməddin
Muradlı: "Təxminən 45
gün orada təmir işləri getdi, proses uzandığına
görə bildirdilər ki, bəs bu, əsaslı təmir işləridir, ona görə proses uzanır”
Noyabrın 25-də gecə saatlarında
baş verən sürüşmə nəticəsində Bibiheybət yolu yenə təmirə bağlanılıb. Avtomobil Yolları Dövlət
Agentliyindən hadisə ilə bağlı verilən
məlumatda bildirilib ki, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə
hərəkət müvəqqəti olaraq məhdudlaşdırılır. Avtonəqliyyat vasitələrinin hərəkəti
köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur. Bildirək ki, Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri
hadisə yerinə baxış keçiriblər.
Məlumat üçün
qeyd edək ki, Bibiheybət yolunun son olaraq bu ilin mart ayındaistifadəsi dayandırılıb.
Səbəb isə martın 1-də Lökbatan
dairəsini "Azneft” dairəsi ilə bağlayan magistral yolun
Bibeheybət məscidi ərazisindəki hissəsinin çökməsi olub.
Sözügedən yol bundan əvvəl 2013, 2015, 2017, 2018-ci ildə də təmir edilib. Hər
dəfə də Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi "əsaslı təmir”in
getdiyini irəli sürüb. Əvvəlki illərdə bərpa bir il fasilə ilə həyata
keçirildisə, bu dəfə müddət 6 aya düşüb, yəni yol heç bir il də tab gətirməyib.
Yəqin ki, budəfəki təmirin nəticəsi heç də öncəkilərdən fərqlənməyəcək...
Bəs görəsən,
yolun bu qədər tez təmirə bağlanmasının səbəbi
nədir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə etinasız yanaşıldığını deyib: "Orada hər il təmir işi aparılırdı, çökəyi doldururlar, guya bununla da təhlükəsizliyi təmin edirlər. Ötən il həmin yolu bir aylıq bağlayacaqlarını bildirdilər. Təxminən 45 gün orada təmir işləri getdi, proses uzandığına görə bildirdilər ki, bəs bu, əsaslı təmir işləridir, ona görə proses uzanır. Amma dünən baş verən hadisə göstərdi ki, heç də əsaslı təmir işi getməyib, yenə də kosmetik işlər görülüb. Sadəcə, yeni asfalt vurublar. "Azəravtoyol”un rəhbərliyi bəlkə də 20 ildir bilir ki, ora tektonik zonadır, sürüşməyə meyillidir. Keçən il o yolu 45 gün bağlı saxlayıb niyə sözdə dedikləri əsaslı təmir işini aparmadılar? Hansı qanunda,qaydada yazılıb ki, yolda əsaslı təmir işi asfaltın qaşınmasından ibarətdir? Yol infrastrukturu elə bir sahədir ki, burada mütləq digər qurumlarla əlaqəli işləmək lazımdır, amma təəssüf ki, "Azəravtoyol”un mühəndisləri, işçiləri başqalarının rəyini bəyənmirlər. Bunun nəticəsində də problem ortaya çıxır. Çox güman ki, onlar özlərinə əziyyət verib Fövqəladə Hallar Nazirliyindən, zəlzələ və sürüşmələri öyrənən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən rəy almayıblar. Çünki özlərindən başqa heç kimi bəyənmirlər. Nəticədə isə belə problemlər yaranır”.
Ekspert vurğulayıb ki, Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bu cür keyfiyyətsiz yollara istismar üçün rəy verməməlidir:
"Yolun təmirinə keçən il o boyda vəsait xərcləndi, bu il isə məlum olur ki, yenə
vəsait xərcləmək lazımdır. Gələn il nə
baş verəcəyini isə yaşayıb görəcəyik.
"Azəravtoyol”dan çox pul ayrılan ikinci bir sahə
görmürəm. Bu gün Milli Məclis yol-nəqliyyat infrastrukturu ilə bağlı büdcəni təsdiqlədi və 742 milyon manat vəsait ayrıldı. Ümumilikdə nəqliyyat sisteminə isə 1 milyard
742 milyon pul ayrıldı. Bu, hərbi büdcədən
də artıq məbləğdir.
Bu qədər vəsaitdən sonra biz yenə problemlər yaşayırıq. Hər
il eyni əngəllər ortaya çıxır. Nə
vaxta qədər belə davam edəcək? Bu qurumlar nə vaxt oturub ciddi bir işlə məşğul
olacaqlar? Hüquq- mühafizə orqanları bircə
dəfə yol infrastrukturu ilə bağlı yeyintiyə
yol verən rəhbər şəxsi ciddi şəkildə cəzalandırsa,
onlar artıq özləri bundan dərs çıxaracaq.
Təəssüflər olsun ki, Hesablama Palatası dəfələrlə
açıqlama verir, məlum olur
ki, həqiqətən, yeyinti var. Amma buna etinasız
yanaşılır. Mənə elə gəlir ki, bu məsələyə ciddi yanaşma ortaya
qoymaq lazımdır. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə bu qədər diqqət göstərilir,
amma yol infrastrukturuna cavabdeh olan qurumların əksəriyyəti
qoyulan tələbləri düzgün yerinə yetirmir, keyfiyyətsiz iş görür. Yollar bu gün
çəkilir, sabah çökür. Buna bariz nümunə də Bibiheybət yoludur. "Azəravtoyol”
bir açıqlama versin, görək niyə belə
oldu? Çökən yolu bərpa etmək üçün keçən il çəkilən xərcdən 3-4 dəfə çoxunu bu
il sərf edəcəklər. Amma heç kim də yolun keyfiyyətinə zəmanət verməyəcək.
Nazirlər Kabineti yanındakı Komissiya bu cür keyfiyyətsiz
yollara istismar üçün rəy verir. Bu, Artur Rəsizadənin dövründə də, Novruz Məmmədovun
dövründə də belə olub. Ümid edirəm ki, Əli Əsədovun dövründə bu komissiya belə
yarıtmaz fəaliyyət göstərməyəcək. Əgər yolda
nöqsan varsa, komissiya bunu istismara qəbul etməməlidir. Onlar bunu istismara
qəbul etdikcə, qurumlar şirniklənir və eyni şəkildə fəaliyyətlərini davam
etdirirlər”.
Səyad Həsənli