Yuxarı

"Çirkli pullar"ı yumamaq üçün banklara qadağa var: Onlayn hesab gələcəyə qaldı

"Çirkli pullar"ı yumamaq üçün banklara qadağa var: Onlayn hesab gələcəyə qaldı

Bir müddət əvvəl onlayn qaydada bank hesabı açmaq məsələsi müzakirə olunurdu. 

Hətta mütəxəssislər bu prosesin Azərbaycanda həyata keçiriləcəyini bildirirdilər. Bu ilin may ayında Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri olan Tamerlan Rüstəmov bununla bağlı açıqlama verərək Palatanın Mərkəzi Bankla bu mövzuda danışıqlar apardığını da  bildirmişdi.

Xatırladaq ki, noyabrın 28-i Prezident İlham Əliyev tərəfindən Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalandı və sərəncama görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi.

Nəticədə maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə olundu.

Maraqlıdır, bu hadisədən sonra onlayn qaydada bank hesabları açmaq məsələsinin aqibəti necə oldu?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlama verərək bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, hazırda belə bir addım atmaq mümkün deyil:

""Çirkli pul"ların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun var. Qanunvericilik tələb edir ki, banklar müştərilərini tanımalı, görməlidirlər. Hesab edirəm ki, bu prosesi hazırda həyata keçirmək mümkün deyil. Onun olması üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Dəyişiklik olacağı təqdirdə, onlayn qaydada bank hesabı yaratmaq əlbəttə ki, mümkün ola bilər”. 

Səyad Həsənli





Həftənin ən çox oxunanları