Yuxarı

"ASAN” DOST: Bildiyimiz və bilmədiyimiz xidmət


Vətəndaşlara daha operativ xidmətin həyata keçirilməsini təmin etmək üçün ölkədə bir neçə ildir ki, ciddi işlər aparılır. "Asan xidmət” və Dost Agentliyi kimi qurumların yaradılması da məhz bu sahəyə ayırılan diqqətin göstəricisidir. Cebhe.info bildirir ki, ilk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən, "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. 5 sentyabrda isə Prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olunub. Bundan sonra fəaliyyət prosesi başlayıb.

O, "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. Bildirək ki, hazırda 15 mərkəz mövcuddur. Onlardan 5-i Bakıda, 10-u isə bölgələrdədir. Hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır.

Qeydiyyat prosesi avtomatlaşdırılıb və xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün səyyar avtobuslardan istifadə olunur. Qurumun tərkibində funksional yardımçı xidmətlər kimi, bank, sığorta, hüquqi yardım, tibb, tərcümə, foto, mədəniyyət tədbirlərinə bilet satışı xidmətləri fəaliyyət göstərir. Diqqətə çatdıraq ki, "ASAN xidmət” mərkəzlərində 12 dövlət qurumu və özəl müəssisələr tərəfindən birgə 300-dən çox müxtəlif xidmətlər həyata keçirilir:

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) isə Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılıb. Agentliyin tərkibində 1 DOST mərkəzi fəaliyyət göstərir. İlk DOST mərkəzi 2019-cu ildə fəaliyyətə başlayıb. Hazırda agentliyin tərkibində 96 nəfər sosial agent, "Gənc DOST” proqramı üzrə isə 50 könüllü vətəndaşların xidmətində durur. Bu günədək 50 min müraciət daxil olub. Orada işinin təşkili 12 departamentdə aparılır və vətəndaşlara 130-dan çox xidmət göstərilir.

Agentliyin aparatında isə DOST Xidmətləri departamenti 142 Çağrı Mərkəzi, Maliyyə və müqavilələr, Hüquq , Vətəndaş müraciətləri və sənədlərlə iş , Satınalmalar və təminat, Risklərin idarə edilməsi və daxili nəzarət, İnformasiya texnologiyaları, Strateji planlaşdırma və innovasiyalar, İnsan resurslarının idarə edilməsi və təlim, Təhlil və statistika, İctimaiyyətlə əlaqələr və kommunikasiyalar, Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti kimi 13 daxili struktur bölməsi mövcuddur.

Səyad Həsənli