Yuxarı

Bakıda mənzillər ucuzlaşa bilər

Bakıda mənzillər ucuzlaşa bilər


Azərbaycanda aparılan vergi islahatları tikinti şirkətlərinin daha şəffaf fəaliyyətinə təkan verə bilər.

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının layihəsini hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.

Bu dəyişiklik ölkədə mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Nüsrət İbrahimli: "Dəyişiklik tikinti şirkətlərinin vergidən yayınmasının qarşısını alır”

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması bir neçə məqamdan əhəmiyyətlidir:

"Həmin dəyişikliyə əsasən, bütün tikinti şirkətləri 2020-ci ildən ƏDV ödəyicilərinə çevrilirlər. Yəni burada tikinti şirkətlərinin mühasibat uçotlarını düzgün aparılması - bütün gəlir və xərclərin burada göstərilməsi nəzərdə tutulur.

İkinci faktor ondan ibarətdir ki, həmin 30 faizin qaytarılması ödəyiciləri həvəsləndirir ki, onlar ödənişi nəğd formada deyil, rəsmi formada aparsınlar. Bu da tikini şirkətlərinin vergidən yayınmasının qarşısını alır. Bu şərtlərə əməl etməklə şirkətlərin büdcə ödəmələri artacaq. Düşünürəm ki, bu da yeni tikililərdə qiymərlərin cilovlanmasına şərait yaradacaq. Əgər mənzilin 1 kvadratı tikinti şirkətinə 500-600 manata başa gəlirsə, onu 1200 manata deyil, 30-40 faiz marja ilə satacaq. Yəni mənzillər ucuzlaşa bilər”.

Xatirə Nəsirova