Yuxarı

"UCUZ PUL”: Əlimiz ona nə vaxt çatacaq?


Azərbaycan Mərkəzi Bankının rəsmiləri etiraf etməsə də, ölkədə kredit faizləri yüksəkdir.

Nəinki Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisə etdikdə, kifayət qədər böyük fərq ortaya çıxır. Xatırladaq ki, Avropa ölkələrində istehlak kreditləri orta hesabla 3-5 faiz arasında verilir. Azərbaycanda isə banklar istehlak kreditlərini orta hesabla illik 23%-lə, biznes kreditlərini isə illik 8%-lə təklif edir. Kredit faizlərinin aşağı salınması ölkənin maliyyə siyasətində vacib məqam hesab olunur.

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, 2020-ci ildə maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində səylər artırılacaq. Bankın açıqlamasına görə, faiz dərəcələrinin azaldılması tədbirləri ilə bağlı 2020-ci ildə AMB ilə bank ictimaiyyəti arasında fəal dialoq davam etdiriləcək. Ölkədə nağdsız ödənişlərin genişlənməsi ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması növbəti ildə də faiz dərəcələrinə azaldıcı təsir göstərən amil olacaq.

Bəs növbəti il faiz dərəcələrinin azaldılması mümkün olacaqmı?

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında faiz dərəcələrinin azaldılmasının mürəkkəb məsələ olduğunu bildirib: "Qısamüddətli dövrdə texniki addımların atılması faiz dərəcələrinə ciddi təsir göstərmir. Azərbaycanda bazarın konyukturu fərqlidir. Bu günə qədər faiz dərəcələrinin 3 faizdən 15 faizə qədər artırılması və yaxud uçot dərəcəsinin 15 faizdən 7 faizə qədər azaldılmasının kredit faizlərində ciddi effekti olmayıb. Buna əsas səbəb bazarın konyukturu - tələb və təklif arasında münasibətlər, bazar iştirakçılarının müəyyən "karter razılaşmaları”nın olması, liberal mühitin olmaması, hazırda bazarda kredit portfelində geri dönüşlə bağlı risklərin yüksək olmasıdır. Bu istiqamətdə müvafiq dekolderlərin qarşılıqlı əməkdaşlıq həyata keçirməsi, müsbətə doğru dəyişikliklərin əldə edilməsi istiqamətində cəhdlər başadüşüləndir və müsbət qarşılanmalıdır”.

İqtisadçı ekspert deyir ki, bu mövcud problemlərin aradan qaldırılması, faiz dərəcələrinin yüksək olmasına səbəb olan faktorların təsirlərinin azaldılması istiqamətində fundamental addımların atılması yolu ilə mümkündür: "Bu baxımdan da təbii ki, sadalanan faktorların faiz dərəcələrinə təsirləri olacaq. Bu istiqamətdə müəyyən qədər rəqabət də artıb. Çünki, ötən dövr ərzində müştəri bazası da əhəmiyyətli dərəcədə azalıb. Müştərilərin böyük əksəriyyəti problemli kreditorlara çevirilib, digərləri isə hazırkı şərtlər daxilində, mənfəət normasının azaldığı bir vəziyyətdə bu vəsaitlərdən istifadə etməyə o qədər də üstünlük vermirlər. Ona görə də ola bilsin ki, mövcud konyuktur banklar qarşısında yeni çağırışlar formalaşdırır. Bu çağırışların fonunda ola bilər ki, banklar mərhələli şəkildə az da olsa, kredit faizlərini azaltsınlar”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları