Yuxarı

Manat üçün 2020-ci il SINAĞI

Manat üçün 2020-ci il SINAĞI


Ölkədə qiymət artımı hər bir vətəndaşın hiss edəcəyi səviyyədədir.

Demək olar ki, bütün mal və məhsullarda, xidmətlərdə qiymət gözəçarpacaq dərəcədə artıb. Rəsmi rəqəmlərdə də bahalaşma qeyd olunur, amma müstəqil ekspertlər hesab edir ki, rəsmi inflyasiya rəqəmləri reallığı əks etdirmir.

Dövlət Statistika Komitəsinin (DSK) rəsmi rəqəmlərinə görə 2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.

Ekspertlər isə hesab edir, bahalaşma göstərilən rəsmi rəqəmlərdən ən az 2 dəfə çox olub. Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il üçün inflyasiya göstəriciləri yanvar ayı üçün 1.7, fevral ayı üçün 1.9, mart ayı üçün 2.1, aprel ayı üçün 2.4, may ayı üçün 2.4, iyun ayı üçün 2.5, iyul ayı üçün 2.7, avqust ayı üçün 2.7, sentyabr ayı üçün 2.6, oktaybr, noyabr və dekabr ayı üçün 2.6 faiz olub. 2018-ci ilin inflyasiya göstəriciləri isə 5.5 faizlər başlayıb, 2.3 faizlə bitib.

Maraqlıdır, 2020-ci il üçün inflyasiya gözləntiləri necədir? Bazarda bahalaşma artacaqmı? Rəsmi rəqəmlərlə real bazar qiymətləri arasında fərq nə qədər olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, əslində Azərbaycanda statistik rəqəmlərin şübhə doğurduğu və siyasiləşdirildiyi artıq heç kimə sir deyil:

"Yəni rəsmi inflyasiya rəqəmləri, makroiqtisadi göstəricilərlə reallıq arasında ciddi təzad var. Bu isə, əsasən, iki faktorla bağlıdır. Birincisi, statistikanın hesablanması məsələsidir ki, Azərbaycanda bu məsələ beynəlxalq standartlara cavab verir. İkinci problem isə alternativ mənbənin olmamasıdır. Digər ölkələrdə, hətta qonşu Rusiya, Türkiyə və Gürcüstanda da alternativ mənbələr var. Bizdə isə bu yoxdur. Buna görə də rəsmi statistik mənbələrə istinad etməyə məcburuq. Burada da hesablama qaydaları ilə bağlı problem var deyə, daha çox siyasiləşmiş statistikanı görürük. Statistika hökumətin apardığı siyasətə uyğun olaraq açıqlanır. İnflyasiyanın rəsmi rəqəmlərə görə Azərbaycanda 3 faiz civarında olması təbii ki, reallıqla üst-üstə düşmür. Çünki gündəlik bazarlarla təmasda olan vətəndaş inflyasiyanın-qiymət artımının hansı səviyyədə olduğunu görür. Kifayət qədər ciddi qiymət artımını müşahidə edirik. Xüsusilə də qiymət artımı dekabr ayında daha da sürətləndi. Yeni İl bayramı ilə əlaqədar ərzaq qiymətlərində artım müşahidə olunub. Ümumiyyətlə, Azərbaycanda hər bayram ərəfəsində bahalaşam tempinin sürətləndiyinin şahidi oluruq”.

N.Cəfərli hesab edir ki, 2020-ci ildə inflyasiya yaradan amillər artacaq. İqtisadçının sözlərinə görə 2020-ci ildə inflyasiya rəsmi rəqəmlərdən ən az 2 dəfə çox olacaq:

"2020-ci il üçün inflyasiya göstəricilərinə gəlincə isə Maliyyə Nazirliyinin proqnozuna görə 4.6 faiz inflyasiya olacaq. Bu da 2019-cu ilə nisbətən də çoxdur. Bunun əsas iki səbəbi var: birincisi, gələn il sosial yönümlü xərclər, yəni maaş və təqaüdlərin artımı nəzərdə tutulub. Bu da pul dövriyyəsinin artmasına səbəb olur. Bu il də Azərbaycanda nəğd pul dövriyyəsi 9 faizə yaxın artdı. İnflyasiyanı yaradan əsas səbəblərdən biri də budur. Nəğd pul dövriyyəsi artdıqca, inflyasiya yaradan səbəblər də artır. İkinci səbəb isə manatın məzənnəsi ilə bağlıdır. Heç bir iqtisadi əsası olmadan ancaq Mərkəzi Bankın inzibati məzənnə sisteminə keçmişik. Əvvəllər heç olmasa elan edirdilər ki, manat üzən məzənnədədir, amma artıq bu termindən də imtina ediblər. Özləri də etiraf etdilər ki, məzənnə inzibatidir. Azərbaycanda manat dollar qarşısında "siyasi məzənnə”nin tətbiqi ilə sabit qalsa da, ölkəyə gətirilən mal və məhsulların rəsmiləşdirilməsində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən büdcəyə 1 milyard manata yaxın əlavə vəsait daxil olub. Bunu müsbət hal kimi də qiymətləndirmək olar.

Doğrudan da büdcə daxilolmalarının artması müsbət məsələdir. Amma burada maraqlı təzad da yaranır. Çünki gömrükdə rəsmiləşdirmə artdıca, iş adamlarının xərcləri də artır. Ödənişlər artdıca da, xərclər malların üzərinə gəlir. Bu da inflyasiya yaradacaq səbəbə çevrilir. Nə qədər qəribə səslənsə də, iqtisadiyyatın "ağarması” inflyasiyanın artmasına səbəb olur. Bu isə ona görə baş verir ki, gömrük siyasəti ilə bağlı gömrüyün fəlsəfəsinə uyğun addımlar atılmadı. Yəni rəsmiləşdirmənin artması müsbət haldır, amma rüsumlarla bağlı yeni qərarlar da qəbul olunmalıdır. Ölkə ərazisində istehsal edilməyən sosial yönümlü məhsulların rüsumlarının endirilməsinə gedilməli idi ki, bu da qiymətlərə müsbət təsir etsin. Təəssüf ki, biz bunu görmədik. Gələn il də bu siyasət, yanaşma davam edərsə, 2020-ci ildə hökumət proqnozlarına görə 4.6 faiz inflyasiya gözlənilirsə, real inflyasiyanın ondan ən az 2 dəfə çox olması ehtimalı yüksəkdir”.

Vilayət Muxtar