Yuxarı

Virus Azərbaycan mallarına bazar açır

Virus Azərbaycan mallarına bazar açır

Virus Azərbaycan mallarına bazar açır

Rusiya Çinlə sərhədlərini bağladığı üçün Vladivostok mağazalarında xiyar və pomidor yoxa çıxıb.

Məlumata görə, regionda əsas riteyler şirkəti "Samberi"nin şəbəkəsində badımcan, xiyar və pomidor yoxdur. Hərçənd sərhədlərin bağlanmasından əvvəl gətirilən Çin soğanı və çuğunduru hələ satışda var.

"Samberi" mağazasının inzibatçısı deyib ki, satışda tərəvəzlər yoxdur, çünki Çin təchizatı dayandırıb. Primorye istehsalçıları isə xiyar və pomidorun qiymətini hər kiloqrama görə 550-600 rubla qədər qaldırıblar. Müqayisə üçün qeyd olunur ki, koronovirus epidemiyasına görə sərhədlərin bağlanmasından əvvəl mağazalarda Çin xiyarı və pomidoru cəmi 100-160 rubla satılırdı. Onun bildirdiyinə görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Azərbaycan pomidoru Vladivostokda kiloqramı 550 rubldan (təqribən 9 ABŞ dolları) satılır.

"Cümhuriyət”ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli yaranmış vəziyyətə uyğun olaraq Azərbaycanın Rusiya bazarlarına çıxara biləcəyi məhsulların adlarını sadalayıb:

"Rusiya bazarı dünyanın ən böyük bazarlarındandır. Dünyanın çox ölkələri bu bazara məhsul ixrac edirlər. Rusiya bazarında qida və kənd təsərrüfatı məhsulları sektorunda çox ciddi rəqabət var. Çin də bu ölkələrdən biri idi. Çin Rusiyaya yalnız qida və qeyri-qida məhsulları ixrac etməklə qalmırdı. Eyni zamanda Çin Rusiyanın əmək bazarını formalaşdırırdı. Çin Rusiyanın xüsusən ona yaxın bölgələrində demək olar ki, əmək bazarı, investisiya mühiti və qida məhsullarının istehsalında çox mühüm rol oynayırdı. Çindən gətirilən mallara mövcud vəziyyətlə bağlı qadağa qoyulması bizim üçün əlverişli şərait yaradır. Biz Rusiya bazarına tərəvəz məhsulları ixrac edə bilərik. Bu məhsullarımız Rusiyada etibar qazanıb. Digər tərəfdən xüsusi təhlilə ehtiyac var. Yəni müəyyən edilsin ki, Çindən Rusiyaya, əsasən, hansı məhsullar gətirilirdi. Rusiya Çindən, əsasən, meyvə-tərəvəz məhsulları və texnologiyalar alırdı. Texnologiya məhsullarını özümüz də xaricdən alırıq. Amma meyvə- tərəvəz məhsulları üçün Rusiyada çox əlverişli şərait yaranıb. Xüsusən faraş tərəvəzçiliklə çox gəlir əldə etmək olar. Bizdəki torpaq, iqlim şəraiti də faraş tərəvəzçilik üçün əlverişlidir və bu tərəvəzlər 20-25 günə yetişir. Xüsusən pomidor ixracındakı artımı qarşıdakı aylarda müşahidə edəcəyik. Azərbaycan xurması da Rusiya bazarında yaxşı satılır”.

Ekspert hesab edir ki, ixrac daxili bazarda qiymətlərə təsir etməməlidir:

"Burada bir həssas məsələ var. Bu məhsulların Rusiya bazarlarına çıxarılması zamanı ölkədaxili bazarlarımızda balans elə qorunmalıdır ki, ixrac ölkənin bazar qiymətlərinə və bazarda yaranmış stabilliyə təsir etməməlidir. Burada çox ciddi bir yanaşma olmalıdır. Yəni biz öz əlimizdəki məhsulları xaricdə satıb, sonra da həmin məhsulları xarici bazardan baha qiymətə almağa məcbur qalmamalıyıq. Xatırladım ki, biz Rusiya bazarına keçən il 7000 ton soğan göndərdik və son nəticə bu bizim bazardakı qiymətlərə ciddi təsir etdi. Hökmən aidiyyatı qurumlar bu sahədə hesablamalar aparmalıdır ki, biz aprel ayında faraş tərəvəzçiliyə başlayırıq, əlimizdə nə qədər ehtiyat var, nə qədər ölkədə tələb var və nə qədərini xaricə ixrac edə bilərik? Burada mühafizəkar təhlilə söykənən siyasətin olması çox vacibdir. Əgər ixrac nəticəsində öz bazarlarımızda tələb-təklif tarazlığı pozulsa, biz onun zərərlərini çəkəcəyik”.

Nicat Nəsirli Rusiya bazarına çıxarıla biləcək çuğundur məhsulundan da danışıb:

"Çuğundur əkini fevralın axırları başlayacaq. Bir sıra məhsullar var ki, onların əkini fevralın sonu, martın əvvəli olur. Bu amillər informasiya olaraq istehsalçılara ötürülməlidir ki, bu məhsulların əkin sahəsi genişləndirilsin. Bizim torpaq, iqlim şəraiti imkan verir ki, qırmızı çuğundurun əkin sahəsini dəfələrlə genişləndirək. Bu məhsul yerli istehlakda xüsusi yer tutmasa da, Rusiyaya ixrac etmək baxımından əlverişlidir. Hətta bu məhsulun toxumunu xarici ölkələrdən alıb əmtəə görünüşü daha çox cəlbedici olan çuğundur istehsal edə bilərik. Eyni zamanda xiyar, kələm kimi Rusiyada daha çox tələbat olan məhsullar istehsal edə bilərik. Koronavirus problemi nə qədər qısa olsa da bir neçə ayı əhatə edəcək. Bizdə də faraş tərəvəz mövsümü aprelin əvvəlləri başlayır. Yəni burada təxminən 3 aylıq zaman var ki, o da bizə Rusiya bazarına kifayət qədər böyük həcmdə məhsul göndərməyə və həmin bazarda mövqelərimizi bərpa etmək üçün kifayət edəcək. Çünki koronavirusla mübarizə tədbirləri 2-3 ay ilə məhdudlaşa bilməz. Rusiyada, təxminən 2020-ci ilin ikinci yarısına qədər belə əlverişli bazar mühiti olacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları