Yuxarı

Nefti təkcə virus ucuzlaşdırmır: Digər səbəblər də var...

Nefti təkcə virus ucuzlaşdırmır: Digər səbəblər də var...

Nefti təkcə virus ucuzlaşdırmır: Digər səbəblər də var...
OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsinin (JTC) mütəxəssisləri dünən Vyanada toplaşıb koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə edib, məsləhətləşmələr bu gün də davam edəcək.

OPEC mənbələrinə görə, Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq verərsə, komitə "OPEC+” iclasının daha tez keçirilməsini tövsiyə edə bilər. Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.

"Cümhuriyət”ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Vyanada növbədənkənar toplantı keçirib neft hasilatının daha da azaldılmasını müzakirə etmək OPEC və Rusiyanın qiymətlərə siyasi müdaxiləsini artırmaqla əlaqəlidir:

"OPEC və Rusiya, artıq neçənci dəfədir ki, süni şəkildə qiymətləri qaldırmaq üçün hasilatın azaldılması yolunu tutub. Bu da dünyada birmənalı qarşılanmır və doğru hesab edilmir. Bu da orta və uzaq perspektivdə neft qiymətlərinin kəskin ucuzlaşması ilə nəticələnə bilər. Çünki OPEC-in bazarda neftin hasilatını azaltması və öz payını geri çəkməsi nəticəsində yaranan boşluq qeyri-OPEC ölkələrinin istehsalının artması ilə dolur. OPEC öz bazar payını itirməklə məşğuldur. Son 4 ildə OPEC-in bazar payı ən az 6% azalıb. Bu doğru yol deyil, inzibati və suni yollarla qiymətləri qaldırmaq cəhdidir. Bir rəqəmi qeyd edim ki, 2016-cı ildə OPEC hasilatın azaldılması ilə bağlı ilk qərarını verdi. O gün hasilatın azalması 1.8 milyon barel nəzərdə tutulurdu. OPEC və qeyri-OPEC ölkələri gündəlik 1.4 milyon barel, Rusiya və onun ətrafında ölkələr 400 min barel azaltmalı idi. Azərbaycana da hasilatın 30 min barel azaldılması ilə bağlı kvota qoyulmuşdu. Amma həmin vaxt Amerikanın günlük neft hasilatı 8.6 milyon barel idi. Bu gün isə ABŞ günlük neft hasilatında 13 milyon barelə yaxınlaşır. Yəni son 4 il ərzində Amerikanın neft hasilatı təxminən 4.5 milyon barel artıb. Amma OPEC-in hasilatının 1.8 milyon barel azalması Birləşmiş Ştatlar tərəfindən az qala 2 dəfə kompensasiya olunub. OPEC-in və Rusiyanın bazara süni təsir göstərməklə apardığı qiymət siyasəti iqtisadi faktorlara əsaslanan qiymət siyasəti deyil. Koronavirusa gəldikdə isə, Çində istehsalın, ixracatın və turizm səfərlərinin azalması neftə olan tələbatı da aşağı salıb. Buna görə də son 10 gündə neftdə kəskin ucuzlaşmanı müşahidə etdik”.

Ekspert neftin ucuzlaşmasına təsir edən digər səbəbləri də izah edib:

"Neftin ucuzlaşmasının bir obyektiv səbəbi də var. Çünki dünyada neft hasilatı kifayət qədər yüksək səviyyədədir. OPEC-ə daxil olmayan ölkələr, o cümlədən Amerika, Kanada, Avstraliya neft hasilatını artırır. Onlar hasilatı artırdıqca OPEC və Rusiya bazar payını itirir. OPEC belə rəqabətə uzun zaman davam gətirə bilməyəcək. Ona görə də mart görüşünə qədər proses izlənəcək. Hazırkı təklif odur ki, neft hasilatı əlavə olaraq 500 min barel azaldılsın. Bu da qiymət artımına səbəb olsun. Amma qərar verilmədi və mart ayına kimi gözləmək qərara alındı. Çox güman ki, martda kvotalara yenidən baxılacaq. Amma düşünürəm ki, OPEC-in bu siyasəti, yəni davamlı şəkildə kvotaların artırılması və hasilatın azaldılması yolu ilə neftin qiymətini yüksək səviyyəyə qaldırmaq cəhdləri davam etsə əksinə olaraq neft kəskin ucuzlaşacaq. Ya bu il, ya da gələn il OPEC-in sözlü və siyasi müdaxilələri bazarda kifayət qədər neqativ qarşılanacaq. Bəzi OPEC ölkələri və istehsalçı ölkələr artıq bu qərardan narazıdırlar. Yəni həmin ölkələr getdikcə hasilatı azaldaraq bazardan öz paylarını geri çəkmək istəmirlər. Amma hələ ki, sözlü müdaxilələr bazara təsir edir. Məsələn, dünən OPEC-in Vyanada toplantısı xəbəri yayıldı və bu gün neftin qiyməti təqribən 1% yuxarı çəkilib. Amma hasilatın azaldılması ilə bağlı heç bir rəsmi qərar verilməyib. Sadəcə, bəyanatların, xəbərin, sözlü müdaxilənin özü neftin qiymətini yuxarı çəkir. Bu isə qeyri sağlam bazar münasibətlərinə gətirib çıxarır. Amerikanın özü də bundan narazıdır. Tramp dəfələrlə bununla bağlı publik çıxışlarında bildirib ki, OPEC bazara süni təsirlər etməməlidir. Bu il ABŞ-da prezident seçkilərinin olacağını da nəzərə alsaq, neftin qiyməti daha da ucuzlaşa və xeyli müddət belə qala bilər. Çünki amerikalı seçicilərin ən çox önəm verdiyi məsələ benzinin qiymətləridir. Çünki Amerika maşın ölkəsidir. Ona görə də bu il koronavirusdan asılı olmayaraq neftin qiymətində ciddi dalğalanmalar müşahidə edəcəyik. Qiymətin ucuzlaşması baş verə bilər. OPEC ölkələri koronavirus məsələsindən istifadə edərək ajataj yaratmağa çalışırlar. Burada çox sadə bir hesablama var. OPEC ölkələrinin gündəlik neft hasilatı ümumilikdə təqribən 40 milyon bareldir. Əgər sözlü müdaxilələrlə qiyməti 1 dollar qaldıra bilsələr, bu OPEC ölkələri üçün gündə 40 milyon gəlir əldə etməyə imkan verir. Buna görə də onlar sözlü müdaxilələrlə məşğul olurlar”.

Əli Bədir