Yuxarı

Pandemiya dövrünün riskləri: Pulu necə saxlamaq sərfəlidir?

Pandemiya dövrünün riskləri: Pulu necə saxlamaq sərfəlidir?

Pandemiya dövrünün riskləri: Pulu necə saxlamaq sərfəlidir?


Hazırda pandemiyanın yaratdığı mürəkkəb iqtisadi şərait investorların öz vəsaitlərini hansı formada saxlamasını müəyyənləşdirmələrini də çətinləşdirib.

Bir çox investorlar mürəkkəb iqtisadi vəziyyətin şərtlərinə uyğun olaraq qızıla yatırım edir.Qeyd edək ki, dünya bazarında qızıl getdikcə bahalaşır. Əgər ötən il bu vaxt əmtəə birjalarında qiymətli metalın 1 unsiyası 1 200 - 1 300 ABŞ dollarına alınıb-satılırdısa, artıq qiymət 1 800 ABŞ dollarına çatıb. Amma bu da son olmaya bilər.

Bu günlərdə İsveçrənin UBS investisiya bankı cari ilin II yarısında qızılın qiyməti ilə bağlı proqnozunu 100 ABŞ dolları artıraraq 1 900 ABŞ dollarına çatdırıb. Bankın qlobal aktivlərin idarəetmə bölməsinin hesabatında mümkün qiymət artımına əsas kimi ABŞ-dakı seçkiləri, ABŞ-Çin gərginliyini, koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi böhranı, səhm və istiqraz bazarlarındakı ucuzlaşmaları göstərilir.

Odur ki, əksər investorlar qızıla yönəlib.Söhbət təkcə fərdi investorlardan getmir.Qızıla pul yatıranlar həm də dünyadakı mərkəzi banklar, hedc fondlarıdır.

Azərbaycanda pandemiyanın yaratdığı mövcud iqtisadi şəraitdə hansı sahələlərə yatırım edilməsi daha sərfəlidir?

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda, adətən, əhali qızılı zinət əşyası formasında alır:

"Zinət əşyası formasında alınan qızıl müəyyən müddətdən sonra dəyərini itirir. Hətta müddət keçməsə belə, alınan zinət əşyası geri satılarkən külçə qiymətinə satılır.Bu zaman təxminən 1 qram qızılda 15-30 manat fərq olur ki, bu da kifayət qədər böyük məbləğdir.Məsələyə bu aspektdən yanaşdıqda zinət əşyası formasındakı qızılın yatırım vasitəsi olaraq saxlanılması sərfəli deyil. Bəzi banklar külçə formasında qızılın satışını həyata keçirirlər, buna da çox az adamın çıxışı var. İndiki halda bundan istifadə etmək olar. Amma bir məsələni nəzərə almaq lazımdır ki, baxmayaraq ki, müəyyən qurumlar qızılın qiymətinin artacağını proqnozlaşdırırlar, amma indiki qiyməti kulminasiya hesab etmək olar.Bundan sonra qiymətin azalma ehtimalı daha çoxdur.Çünki artıq iqtisadiyyatlar açılmağa başlayır və bu müəyyən qədər investorların öz vəsaitlərini "təhlükəsiz liman”-lardan daha çox mənfəət vəd edən istiqmətlərə yönəltmələrinə gətirib çıxaracaq.Çox güman ki, yaxın həftələrə qızıla qoyulan inestitsiyaların azalmasının şahidi olacağıq ki, bu da qiymətlərin azalan istiqamətə yönəldəcək”.

İqtisadçı deyir ki, mövcud durumda yatırımın hansı istiqamətdə yönəldilməsinin daha sərfəli olması həm də onun uzun və ya qısamüddətli dövr üçün nəzərdə tutulmasından asılıdır:

"İndiki halda uzunmüddət üçün nəzərdə tutulan vəsaitlərin daşınmaz əmlak bazarına yatırılması məqsədəuyğundur. Doğrudur, ölkəmizdə daşınmaz əmlak qiymətlərində o qədər də fərq hiss olunmur, amma qonşu ölkələrdə, eləcə də Avropa ölkələrində qiymətlər aşağı düşüb, iqtisadiyyatın bərpa prosesində isə yenidən qiymətlərin korreksiyası gedəcək.İnvestorlar bunu müəyyən qədər avantaja çevirə bilərlər.

Bundan başqa səhm bazarına çıxışı olan invesorlar mövcud durumdan asılı olaraq bir çox şirkətlərin səhmlərinin dəyərsizləşdirilməsindən istifadə edərək, ucuz səhmləri alıb, post-pandemiya dövründə bahalaşmasından istifadə edə bilərlər.İndiki halda neftin də qiymətinin artan istiqamətdə olması gözləniləndir.Bu baxımdan da birjalarda iştirak edən vətəndaşlar neft alətində də öz vəsaitlərini yerləşdirə bilərlər”.

İqtisadçı dolların nisbətən daha sabit yatırım vasitəsi olduğunu deyir:

"Bundan daha çox vəsaitlərini risklərdən qoruyan investorlar istifadə edə bilərlər. Avro son üç ayda artım istiqamətində dinamika nümayiş etdirir, amma indiki halda Avropa iqtisadiyyatı ilə bağlı vəziyyət tam aydın deyil. Bununla belə investiorlar öz vəsaitlərinin müəyyən bir qismini risklərdən qorumaq üçün avroda da yerləşdirə bilərlər”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları