Yuxarı

Dövlətdən vətəndaşa dəstək: Sahibkarlığı dirçəldəcək?

Dövlətdən vətəndaşa dəstək: Sahibkarlığı dirçəldəcək?

Dövlətdən vətəndaşa dəstək: Sahibkarlığı dirçəldəcək?

Koronavirus pandemiyası ölkə iqtisadiyyatına ciddi zərbələr vurmağa davam edir.

Onun təsirindən kənarda qalan hansısa sahənin adını çəkmək mümkünsüzdür. Yaranmış durum bir sıra sahibkarlıq subyektlərini ümumiyyətlə çıxılmaz vəziyyətə salır. Belə bir durumda özəl sektora dövlət dəstəyinin göstərilməsi onların sıradan çıxmaması üçün ən vacib şərtə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyev "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı bu məsələlərə də toxunub:

"Beləliklə, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir”.

Bununla belə İlham Əliyev iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artımın qeydə alındığını bildirib:

"Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”.

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölkə başçısının tapşırığı ilə üç paket hazırlanıb:

"Bu paketlər pandemiyanın sahibkarlara, eləcə də adi vətəndaşlara təsirini minumuma endirmək məqsədi daşıyır. Sözsüz ki, strateji paketlərdən biri iqtisadi paketdir. İqtisadi paket həm muzdlu işləyən vətəndaşlarımıza, həm fərdi sahibkarlıqla məşğul olanlara ünvanlanıb, həm də təşviq paketinin təqdim olunmasını nəzərdə tutur. Muzdla çalışan vətəndaşlarımıza dəstək məqsədilə 250 milyon manat vəsaitin ayrılması təsdiq olunub və artıq həyata keçirilir, fərdi sahibkarlar üçün 80 milyon manatlıq paket nəzərdə tutulmuşdu və bu da artıq həyata keçirilir. Nəzərə alsaq ki, pandemiya 20 fəaliyyət sahəsinə təsir edib, xüsusilə də aprel ayında həmin sahələrin 11-də fəaliyyəti tamamilə dayandı, 9-da qismən məhdudlaşdırıldı, demək olar ki, həm pandemiya, həm də post-pandemiya dövründə sahibkarların dəstəklənməsi davam etdiriləcək”.

İqtisadçı deputat bildirir ki, bununla bağlı həm parlament, həm də ölkə Prezidenti tərəfindən vergi güzəştləri paketi tətbiq olunur:

"Həm pandemiya, həm post-pandemiya dövründə sahibkarlar vergi güzəştlərindən istifadə edə biləcəklər. Paket xüsusən fərdi sahibkarlıqla məşğul olan vətəndaşlarımızın vergi və sosial haqlarının təxminən 2 dəfə azaldılmasını nəzərdə tutur. Eyni zamanda pandemiyanın təsirlərinə məruz qalan sektorlarda torpaq və əmlak vergisi sıfırlanıb. İcarə vergisi 2 dəfə azaldılıb - 14 faizdən 7 faizə salınıb. Sadələşdirilmiş vergi subyektləri üçün vergi faizi 2 faizdən 1 faizə endirilib. Praktiki olaraq biz vergi güzəştləri paketi çərçivəsində kifayət qədər geniş miqyaslı vergi güzəştlərinin təklif olunmasını müşahidə edirik”.

Vüqar Bayramovun sözlərinə görə, pandemiyanın təsir etdiyi sahələrə yardım üzrə digər istiqamət güzəştli kreditlərlə bağlıdır:

"1 milyard manata yaxın kredit portfelinə 10 faizlik subsidiya tətbiq olunur. Burada da məqsəd sahibkarların cəlb etdiyi kreditlər üzrə xərcin azalmasına nail olmaqdan ibarətdir. Bundan başqa sahibkarlar üçün yarım milyard manatlıq güzəştli kredit portfeli təklif olunacaq ki, onun da 60 faizdən çoxuna dövlət tərəfindən zəmanət veriləcək”.

Millət vəkili deyir ki, beləliklə, təqdim olunan paketlər çərçivəsində sahibkarlar artıq birbaşa dövlət yardımından istifadə edə bilir, vergi güzəştləri hüququ qazanır və güzəştli kreditlərin həcmində artımlar müşahidə olunub:

"Məqsəd ondan ibarətdir ki, post-pandemiya dövründə həmin sektorlarda çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərinin daha qısa zamanda tam bərpasına nail olmaq mümkün olsun”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları