Yuxarı

"Qara qızıl” sevindirəcək? - Neft bazarı ilə bağlı ümidverici proqnoz

OPEC+ Qrupunun Ortaq Nazirlər Monitorinq Komitəsinin (JMMC) yığıncağından sonra verilən açıqlamada, qlobal neft təklifi və tələbi arasındakı fərqin azalması kimi bazar şərtlərinin gedərək yaxşılaşdığına dair bəzi işarələr olduğu bildirilib.

Koronavirusa yoluxanların artması səbəbilə bazardakı yaxşılaşmanın daha yavaş reallaşdığı qeyd edilən açıqlamada, neft bazarında kövrəklik və tələblə əlaqədar qeyri-müəyyənliklər olduğu vurğulanıb.

Qeyd olunub ki, gündəlik xam neft istehsalının azaldılması miqdarı 1 iyul -31 dekabr arasındakı 6 ay ərzində 7,7 milyon barel, 1 yanvar 2020-30 aprel 2022 arasındakı 16 ay ərzində isə 5,8 milyon barel olacaq. Digər tərəfdən pandemiyanın ikinci dalğasının da ola biləcəyi ehtimalları var. Belə olan təqdirdə neft qiymətlərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması bir az da zaman alacaq. Yəni 2021- ci ilədək bu mümkün görünmür.

Maraqlıdır, nə zaman neft qiymətləri pandemiyadan öncəki vəziyyətinə dönə bilər?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət”ə açıqlamasında bildirib ki, bundan sonra çalışıb neft qiymətlərini hazırkı səviyyədə sabit tutmaq lazımdır: "Neftin qiyməti hələ qarşıdakı aylarda da müəyyən təhdid altında olacaq. Çünki əsas faktor pandemiyanın doğurduğu fəsadlardır. Karantin tədbirləri dünyanın 200-dən artıq dövlətində tətbiq olunub. Karantin tədbirləri dövlət nəzarəti altında həyata keçirildiyi üçün onun nə vaxt bitəcəyi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Bu isə birbaşa həm ticari əlaqələrə, həm də yükdaşımaya mənfi təsir göstərir. Eyni zamanda tətbiq olunan karantin tədbirləri ölkənin daxilində yanacağa və digər enerji daşıyıcılarına olan tələbatı aşağı salır. Digər tərəfdən neftin indiki qiymətləri hazırkı bazar şərtlərinə uyğundur. Qarşıdakı aylarda "Brent” neftinin qiyməti 42 dollardan aşağı olmayacağı gözlənilir. Hazırkı qiymətlər normaldır. OPEC və OPEC üzvü olmayan dövlətlərin may ayından başlayaraq bu günədək bazarla əlaqəli kəsintilərlə bağlı ciddi addımlar atması neft bazarlarında fundamental vəziyyəti mart- aprel ayları ilə müqayisədə canlandırıb. Qarşıdakı aylarda da bu qiymətlərin sabitliyini qoruyub saxlamaq lazımdır”.

Ekspert əlavə edib ki, növbəti illərdə dünyanın enerji portfelində çox ciddi dəyişiklərlə üzbəüz qalacağıq: "Bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol da açıqlamasında bildirdi ki, əgər pandemiyanın ikinci dalğası gələrsə, bu bazarda ciddi fəsadlara yol açacaq. Nəticədə isə neftin qiyməti ciddi təhdid altında olacaq. Lakin mən hesab edirəm ki, OPEC və OPEC üzvü olmayan dövlətlərin hal- hazırdakı Vyana formatı növbəti aylarda da uğurla davam etdirərsə, neftin qiymətinin təhlükəli həddə düşməsi ilə üzləşməyəcəyik. Necə ki, biz bunu aprel ayında da müşahidə etdik. Vyana formatı 2022-ci ilin aprel ayınadək məhdudlaşmamalıdır. Çünki növbəti illərdə də neftin qiymətini təhdid altına alan digər faktorlarla da üzləşə bilərik. Ola bilər ki, bu ilin sonunadək pandemiyanın fəsadları aradan qaldırılsın. Lakin növbəti illərdə dünyanın enerji portfelində çox ciddi dəyişiklərlə üzbəüz qalacağıq. Bu qlobal istiləşmə və eyni zamanda ətraf mühitin qorunması ilə bağlı ayrı- ayrı enerji şirkətlərinin, yaxud fərqli dövlətlərin öz enerji portfelində bərpa olunan enerji mənbələrinə daha çox üstünlük verməsi ilə bağlıdır. Bu addımların fonunda neftə tələbat azalacaq və onun qiyməti təhdid altına düşəcək. Ona görə də hesab edirəm ki, OPEC və OPEC üzvü olmayan dövlətlərin Vyana formatının 2022- ci ilin aprelinədək məhdudlaşmamasını söyləyirəm. Yəni növbəti illərdə də bu əməkdaşlıq formatı davam etdirilməlidir”.

Z. Vəliyev hesab edir ki, OPEC və OPEC üzvü olmayan dövlətlər bazar vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qarşılarına qoyduqları məqsədə xeyli nail olublar: "OPEC və OPEC üzvü olmayan dövlətlər birinci növbədə bazarda tələbatdan artıq neft həcmlərini yığışdırmağı hədəf götürmüşdülər və buna nail olublar. İkinci, həm stasionar, həm də üzən neft tankerlərində tələbatdan artıq neft həcmlərini kənarlaşdırmağı hədəf götürmüşdülər və buna da qismən nail olublar. Yəni hal- hazırda dəniz nəqliyyatında neft daşınmaları ilə bağlı tankerlərin frakt dərəcələri kifayət qədər aşağı düşüb. Bu da birbaşa ixraca yönələn neft həcmlərinin aşağı düşməsi ilə bağlıdır. Hazırda elə də çox neft daşınmalarına ehtiyac yoxdur.

Çünki OPEC və OPEC üzvü olmayan dövlətlər özlərinin ixrac həcmlərini tənzimləyirlər. Bazarda da elə bir ciddi profsit, yəni tələbatdan artıq neft həcmləri yoxdur. Növbəti illərdə OPEC və müttəfiq dövlətlər özlərinin enerji siyasətində də müəyyən dəyişikliyə getməlidirlər. Yəni indiyədək enerji şirkətləri, yaxud neft hasil edən dövlətlər, neft ehtiyyatı ilə hasilatı idarə edirdilər. Bundan sonra isə ixracı idarə etməlidirlər. Bütün cəhdlər və addımlar ixrac həcmlərinə yönəldilməlidir. Çünki bazarda neftin qiymətini ixrac həcmləri müəyyən edir. Düşünürəm ki, belə davam edəcəyi təqdirdə 2022-ci ilədək neft qiymətləri təhlükəli həddə düşməyəcək. Çünki bazar artıq tam nəzarət altındadır”.

Ekspert hesab edir ki, post-pandemiya dövründə neftə tələbat 2019-cu il göstəricilərinə qayıda biləcək: "Neft qiymətlərinin post-pandemiya dövründə koronavirusdan öncəki vəziyyətinə qayıdacağı haqqında iki fikir mövcuddur. Birinci fikrin tərəfarları bəyan edirlər ki, post-pandemiya dövründə neftə olan tələbat 2019-cu il səviyyəsinə çatmayacaq. İkinci fikir tərəfdarları isə bu tələbatın 2019- cu ildəki həddə çatacağını iddia edirlər. İkinci məsələ isə qiymətlərlə bağlıdır. Bir qrup bazar iştirakçıları bəyan edirlər ki, post- pandemiya dövründə neftin qiyməti 2019- cu ilki səviyyəyə çatmayacaq və bir neçə il 55 dollar diapozonunda dəyişəcək. Digər iştirakçılar isə bunu tam əksini iddia edirlər. Mənsə düşünürəm ki, post- pandemiya dövründə dünyanın siyasi və iqtisadi mənzərəsində dəyişiklik olacaq. Amma bütün hallarda aprel ayından iyulun sonunadək neft bazarlarında neftə olan tələbatda sürətli artım müşahidə olundu. Ona görə də post- pandemiya dövründə neftə olan tələbatın 2019- cu ildəki səviyyəyə çatmayacağını söyləyənlərin fikrini qəbul etmirəm. Çünki dünyanın iqtisadi inkişafı neftə olan tələbatı artırır. Digər məsələ isə neft və neft məhsulların alternativ olan ikinci bir ciddi enerji mənbəyi yoxdur və yaxın beş ildə də görünmür. Müxtəlif enerji mənbələri mövcuddur ki, onların da çatışmayan cəhəti var. Ona görə də dünyanın iqtisadi inkişafına adekvat olaraq neftə olan tələbat artacaq, qiymətləri isə bazar müəyyən edəcək. Bazar dəqiq proqnoz altında olmadığı üçün qiymətlər haqqında qəti fikir söyləmək çətindir. Neft qiymətləri pandemiyadan və dünyanın iqtisadi inkişaf tempindən asılı olacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları