Yuxarı

Büdcə neft asılılığından necə qurtula bilər? - Neftdən başqa qazandıran sahələr də var

Büdcə neft asılılığından necə qurtula bilər? - Neftdən başqa qazandıran sahələr də var

Büdcə neft asılılığından necə qurtula bilər? - Neftdən başqa qazandıran sahələr də var

Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında həmin ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılıb.

Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Bu da o deməkdir ki, Azərbaycan 2021-ci ildə də neft gəlirlərindən asılı olacaq. Digər tərəfdən 2021-ci ilin büdcə parametrlərinə əsasən gələn ilin büdcəsində neftin qiyməti 35 dollardan götürülüb. Enerji sektorunda digər məhsullar əldə edilsə də onlar neft gəlirləri ilə eyni səviyyədə deyil.

Maraqlıdır, gəlirlərinə görə, hansı sahələr nefti qismən əvəzləyə bilər?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət”ə açıqlamasında enerji sektorunda xam neftdən başqa gəlir gətirən sahələrdən danışıb:

"Yalnız Azərbaycan deyil, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Mərkəzi Asiyada Türkmənistan, Qazaxıstan kimi dövlətlərin dövlət büdcəsinin formalaşmasında neft sektoru müstəsna rol oynayır. Artıq 2005- ci ildən bu yana Dövlət Neft Şirkətinin və Azərbaycan hökumətinin enerji siyasəti şaxələnmiş strategiyaya hesablanıb. 2005- ci ildən başlayaraq, neftdən gələn gəlirlərin xam neft ixracı üzərində qurulmasından imtina etmişik. Nəticədə gəlir portfelimizdə kifayət qədər şaxələnmə prinsipinə getmişik. Beləliklə də, Gürcüstanda, Rumıniyada, və digər ölkələrdə Dövlət Neft Şirkətinin xaricdəki strukturları həm pərakəndə, həm də topdansatış seqmentində neft məhsullarının satışı ilə məşğul olurlar. Eyni zamanda biz ölkədən kənarda neft emalına investisiyalar qoymuşuq. Məsələn, Türkiyədə Türkiyənin İzmir şəhərində Star neft emalı zavodunun fəaliyyətə başlaması və o bazarda müəyyən paya sahib olmamız buna nümunədir. Eyni zamanda biz neft- kimya sektorunda kifayət qədər ambisiyalı layihələr həyata keçiririk. Dövlət Neft Şirkəti tərəfindən Türkiyənin "Petkim” neft-kimya kompleksini alması da layihələrdəndir. Bu da Türkiyənin neft- kimya məhsullarına olan tələbatın 40 faizə qədərini qarşılayan nəhəng bir istehsal sahəsidir. Yəni Dövlət Neft Şirkətinin portfelində xam neftdənkənar kifayət qədər gəlir gətirən sahələr var. Eyni zamanda ölkə daxilində "Azərkimya”da yenidənqurma işləri aparılır, Neft Emalı Zavodunda modernləşdirmə işləri aparılır və emal gücü artırılır. Bunlardan başqa, emala cəlb olunan xam neftdən alınan neft məhsullarının keyfiyyətinin və çeşidinin artırılması baxımından layihələr həyata keçirilir. Bu da imkan verəcək ki, 2023- cü ildən sonra Dövlət Neft Şirkəti tabeliyində olan emal gücləri vasitəsiylə həm daxili tələbatı yüksək keyfiyyətli neft məhsulları ilə təmin etsin, həm də ixraca böyük həcmlərdə neft məhsulları yönəldiləcək. Bu da yeni gəlir mənbələrinin formalaşmasına təkan verir. Digər tərəfdən gəlir gətirən sahə Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodudur ki, onun da illik emal gücü 700 min tondur. 2019- cu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid” zavodu da gəlir gətirən sahələr sırasındadır.

Bu regionda ilk tikilən karbamit zavodudur. Onun kifayət qədər gəlir gətirmək imkanları var. Dövlət Neft Şirkəti ölkədən kənarda axtarış kəşfiyyat işlərinin aparılmasında da fəaliyyət göstərir. Abşeronun qazma tresti Türkiyədə Duzlugöl yeraltı qaz anbarlarının hazırlanması üçün bütün quyuların qazılmasında iştirak edir. Yəni bu sahədə kifayət qədər işlər görülür”.

Ekspert hesab edir ki, hökumət görülən işlərlə bərabər, iqtisadiyyatın şaxələnməsinə diqqət yetirməlidir:

"Görülən bütün bu işlərlə paralel olaraq, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələnməsinə kifayət qədər diqqət yetirməlidir. Hesab edirəm ki, Azərbaycan büdcəsini neftdən asılı qoymaq düzgün deyil. Enerji sektorundan son 15 ildə müəyyən qədər işlər görülüb. İnkişaf etdirilən sahələr indiki qiymətlər fonunda gəlir gətirmək imkanına malik sahələrdir. Azərbaycanın axtarış kəşfiyyat işlərində ən çox qaz yataqları kəşf olunur. Məsələ burasındadır ki, dünyanın bir çox ölkələrində kifayət qədər açılmamış neft yataqları var. Xəzər regionu, Rusiyanın Qərbi Sibir bölgəsi, Latın Amerikası, Şimal dənizi ərazisi, Mərkəzi Asiya, Sakit Okean sahilləri geoloji kəşfiyyata kifayət qədər məruz qalmış sahələrdir. Amma Afrika ölkələrində kifayət qədər enerji qaynaqları var. Məsələn, Qanada, Namibiyada kifayət qədər böyük neft ehtiyatları var. Amma neftin indiki qiyməti ilə bu sahəyə investisiya qoymaq risklidir. Digər tərəfdən dünyanın bir çox ölkələri ənənəvi enerji ilə paralel sıfır (0) karbon siyasətinə, ekoloji cəhətdən daha təmiz yanacaq növlərinə ambisiyalı keçid edirlər. Bu sahədə Avropa İttifaqına üzv olan dövlətlər daha önəmli addımlar atırlar. Bu addımlar əvvəlki illərlə müqayisədə neft sektoruna investisiya qoyuluşunu əngəlləyir”.

Z. Vəliyev əlavə edib ki, yaxın illərdə təbii qaza tələbat artacaq:

"Hesab edirəm ki, yaxın illərdə təbii qaza tələbat artacaq. Çünki ənənəvi enerji mənbələrində bərpa olunan enerji mənbələrinə keçiddə təbii qaz ən vacib enerji mənbəyidir. Səbəb isə onun ətraf mühitə mənfi təsirinin neftlə müqayisədə az olmasıdır. Ona görə də keçid yanacağı olaraq təbii qaza tələbat da artacaq. Eyni zamanda qarşıdakı illərdə neft- kimya sənayesinin inkişafına müəyyən stimul yaranacaq. Yəni qarşıdakı illərdə neft- kimya məhsullarına olan tələbat neftə olan tələbatı bir neçə dəfə üstələyəcək.

Təbii qaza olan tələbat indiki səviyyədən bir neçə dəfə artıq olacaq. Amma bütün hallarda neftdən gələn gəlir qazdan gələn gəlirlə eyniləşdirilə bilməz. Eyni zamanda son 10 ildə kifayət qədər qaz yataqları aşkarlanıb. Əsasən də sıxılmış təbii qaz layihələrinə Amerikada, Kanadada, Avstraliyada, Qətərdə vəsaitlər qoyulub.

Hətta bu kimi ölkələrdə sızılmış təbii qaz layihələrinə o qədər vəsait qoyulub ki, bazarda profsit yaranıb. Yəni təklif tələbi üstələyib, tələbdən artıq təbii qaz həcmləri mövcuddur. Ona görə də hesab edirəm ki, qarşıdakı bir neçə ildə təbii qazın da qiymətində elə güclü sıçrayışlar olmayacaq. Amma bu enerji resursu bərpaolunan enerjiyə keçiddə perspektivli hesab olunur”.

Əli Bədir





Həftənin ən çox oxunanları