Yuxarı

Kəndliyə yeni imkan: Yeni qurum bolluq yaradacaq?

Kəndliyə yeni imkan: Yeni qurum bolluq yaradacaq?

Kəndliyə yeni imkan: Yeni qurum bolluq yaradacaq?

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb.

İlk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti - "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, "Aqrar sığorta haqqında" qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Müştərək şirkətin təsisçiləri - "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Sığorta" ASC, "AZSIĞORTA" ASC, "Bakı Sığorta" ASC şirkətləridir. "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub. Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına yekun müraciət ediləcək. Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan digər şirkətlər də "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin fəaliyyətində iştirak edə bilər. Məlumdur ki, ölkəmizdə bir sıra sahələrdə sığorta sistemi özünü geniş formada doğrultmayıb. İcbari sığortalar istisna olmaqla vətəndaşlar bu məsələyə o qədər də maraq göstərmirlər.

Bəs aqrar sığorta sisteminin yaradılması fermerlərə nə verəcək? Bu kənd təaərrüfatı məhsullarının bazar qiymətlərinə təsir edəcəkmi?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, müasir dövrdə dünyada iqtisadiyyatın riskli sahələrinin sığortalanması aktualdır:

"Lakin yaranan şirkətlər tərəfindən hər bir ölkənin spesifik xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Hesab edirəm ki, Azərbaycanda digər sahələrdə sığorta prosesi daha asan gedəcək, nəinki aqrar sahədə. Çünki ölkədə digər ölkələrlə müqayisədə kənd təsərrüfatı məhsulları bir qədər baha başa gəlir və sahibkarların mənfəət norması çox aşağı səviyyədədir. Buna da səbəb olan müxtəlif problemlər var. Makroiqtisadi səviyyədə kənd təsərrüfatı məhsullarının sığortalanması səmərəli görünürsə də, reallıqda fermer tərəfindən bu artıq xərc kimi qəbul edilir. Əgər bir fermerin 10 hektar sahəsi varsa və orda hər hansı məhsulu əkibsə, ona yaxınlaşıb məhsulu sığortalamaq təklif olunan zaman ən yaxşı halda tərəddüd edəcək”.

Akif Nəsirli hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta prosesinin işləməsi üçün bir sıra addımlar atılmalıdır: "Kənd təsərrüfatında elə bir sistem qurmalıyıq ki, fermerin mənfəət norması çoxalsın. Bu sahədə çalışan işçilərin fəaliyyətinin rentabelliyi təmin olunmalıdır. İlkin mərhələdə bu iş bütün dünyada hökumətin üzərinə düşür. Hökumət müəyyən mərhələyə qədər kənd təsərrüfatında çalışan fərdlərə və şirkətlərə yardım etməlidir. Müxtəlif variantlara dəstək verməlidir ki, onların mənfəətləri artsın ki, öz istehsal güclərini genişləndirsinlər. Mənfəət çoxalan zaman onlar artıq özləri ehtiyatla yanaşacaqlar ki, hansısa təbii fəlakət onların mənfəətini bütünlüklə əlindən ala bilməsin. Mənfəətləri yüksəldikcə, onlar sığorta məsələsinə maraqlı olacaqlar. Yəni, Azərbaycanda kənd təsərrüfatında sığortalanma prosesinin işləməsi üçün qarşıda Azərbaycan hökumətinin geniş miqyaslı işləri var. Onlar həyata keçirilməlidir ki, bu proses reallaşa bilsin”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları