Yuxarı

Postneft dövrünə hazırlıq: Azərbaycanın "xilas modeli” varmı?

Postneft dövrünə hazırlıq: Azərbaycanın

Postneft dövrünə hazırlıq: Azərbaycanın

2021-ci il dövlət və icmal büdcəsinə dair proqnozlarda neftin bir barel qiymətinin 35 dollardan götürülməsi, gələn il də neft qiymətlərinin yüksələcəyinə ümidlərin olmadığını göstərir.

Belə olan təqdirdə, neftdən asılı olan bir ölkə olaraq qeyri-neft sektorunun inkişafı, kölgə iqtisadiyyatının aradan qaldırılması vacib faktora çevrilir.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektoru üzrə daha potensiallı sahə aqrar sahə hesab olunur. Bu sahənin inkişafı üçün strateji yol xəritələri, dövlət proqramları hazırlansa da, mövcud durum bunların yetərli olmadığını göstərir.

Beləliklə, aqrar sektorun inkişafı və kölgə iqtisadiyyatının aradan qaldırılması, başqa sözlə ifadə olunarsa, Azərbaycan iqtisadiyyatının xilası üçün yeni dövlət proqramlarının hazırlanmasına ehtiyac varmı?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dövlət büdcəsində neftin qiymətinin 35 dollardan götürülməsi son 10 ildə ən real yanaşmadır:

"İndiyədək neftin qiyməti 50-55 və bəzən hətta 60 dollar civarında götürülürdü. Bu da bəzən ilin sonunda büdcənin icrası ilə bağlı hesabatların uyğunsuzluğunu ortaya çıxardırdı. Ehtimal olunur ki, 2021-ci ildə də dünya bazarında neftin qiyməti yüksəlməyəcək. Neftin qiymətinin aşağı olması Azərbaycan kimi neftdən asılı olan ölkələri alternativ gəlir mənbələri haqqında ciddi şəkildə düşünməyə vadar edir. Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı bir sıra dövlət proqramları icra edilib, subsidiyaların həcmi yüksəldilib. Bu istiqamətdə müəyyən addımlar atılsa da, bunlar yetərli olmayıb. Hazırda aqrar sektorun inkişafı üçün vacib olan ən mühüm şərt infrastrukturun yaradılmasıdır. Çox təəssüf ki, aqrar sektor üçün çox vacib olan su təhcizatı ilə bağlı fundamental addımlar atılmayıb, əkin sahələrinin suvarma mexanizmlərinin optimallaşdırılması həyata keçirilməyib. Bununla bağlı dövlət vəsaitləri ünvanı üzrə istifadə edilmədiyinə görə, torpaqların lazımi qaydada suvarılmaması məhsuldarlığa əngəl yaradıb. Bununla bağlı dövlət başçısı da öz çıxışında əlaqədar qurumlara öz iradlarını bildirdi”.

Razi Abbasbəyli deyir ki, qarşıdakı illərdə strateji layihələrin həyata keçirilməsi üçün daha çox xarakterik olan və dünyada ehtiyac duyulan məhsulların istehsalı önə çıxarılmalıdır:

"Azərbaycanda böyük torpaq sahələrinin pambıq plantasiyalarına çevrilməsi doğru qərar deyildi. Bu dəfələrlə deyilib. Müxtəlif bölgələrdə öz iqlim şərtlərinə uyğun olaraq aqrar sektor spesifik qaydada təşkil olunmalıdır. Buna uyğun olaraq, əkin-biçin, tədarük proqramları həyata keçirilməlidir. Mərkəzi Aran, Aran, Şimal və Cənub ərazilərində atmosferə və relyefə uyğun daha strateji proqramlar həyata keçirilməlidir ki, məhsuldarlıq artsın. Təəssüf ki, biz bunu nə tütünçülükdə, nə maldarlıqda, nə arıçılıqda, nə də digər sahələrdə görürük”. İqtisadçı deyir ki, cari ilin birinci yarısının gömrük statistikasına diqqət edildikdə, Azərbaycana tütün, çay və mal əti idxallarının 2 dəfə artdığı müşahidə olunur: "Bu da onu göstərir ki, indiyədək nəzərdə tutulan proqramlar doğru-düzgün hesablanmamış addımlarla həyata keçirilir. Ona görə də ortada gözlənilən nəticələr yoxdur. Düşünürəm ki, Azərbaycan kimi neftdən asılı ölkələr növbəti illərdə daha real, spesifik sahələr üçün ayrı-ayrılıqda proqramlar həyata keçirəcək”.

Neftdən asılılığın azaldılması istiqamətində digər vacib amil olan kölgə iqtisadiyyatının aradan qaldırılmasına gəldikdə isə, Razi Abbasbəyli bu problemin bütün dünya ölkələrində ciddi bəla olduğunu bildirir:

"Dünya ölkələri bununla mübarizə aparırlar. Azərbaycanda da kölgə iqtisadiyyatının - ikili mühasibatlığın, qaçaqmalçılığın aradan qaldırılması, real iqtisadi gəlirlərin ortada olması istiqamətində müəyyən çağırışlar var, addımlar atılıb. Təəssüf ki, biz Azərbaycanda bu istiqamətdə Avropa ölkələrində, digər inkişaf etmiş ölkələrdə aparılan mübarizənin tərsinə inkişaf etdiyini görürük. Bunun üçün ilk növbədə bank islahatlarına gedilməli, nağdsız ödənişlərin daha kütləvi hal almasını təmin etmək lazımdır. Azərbaycan bankçılığı faktiki olaraq iflic durumundadır. Ayrı-ayrı məmurların, oliqarxların təsiri altında fəaliyyət göstərir, sağlam rəqabət mühiti yoxdur. Xüsusilə də bankların vətəndaşlara göstərdikləri xidmətlər primitiv və ləngdir. Nağdsız ödənişlərin həyata keçirilməsi ilə real dövriyyəni müəyyən etmək olur. Amma Azərbaycan bankları o qədər ləng və primitiv qaydada işləyir ki, bu sahədə addımlar atılmır. Düşünürəm ki, kölgə iqtisadiyyatını aradan qaldırılması üçün ilkin növbədə bank sektorunda sağlam rəqabət mühiti yaradılmalı, investisiya mühiti sağlamlaşdırılmalı, bankların xidmət imkanlarını və real dövriyyəni müəyyən etmək üçün alətlərini daha işlək formaya gətirməsinə çalışmaq lazımdır”.

Xatirə Nəsirova