Yuxarı

Gömrükdə vətəndaşa 300 dollarlıq sədd: Qərar ləğv olunacaq?

Gömrükdə vətəndaşa 300 dollarlıq sədd: Qərar ləğv olunacaq?

Gömrükdə vətəndaşa 300 dollarlıq sədd: Qərar ləğv olunacaq?

Nazirlər Kabinetinin qısa formada "gömrük qərarı” adlandırılan məlum qərarı etiraz doğurmaqda davam edir.

Milli Məclisin 5 deputatı 6 sıravi vətəndaşla birgə xaricdən mal sifariş ediblər. Bu barədə həmin deputatlardan biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, bunu etməkdə əsas məqsəd həmin sifarişlər gələn zaman ödəmədə və almaqda hansı əngəllərin olacağını öyrənməkdir:

"Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Həmin qərarda qoyulan həddən artıq mal gətiriləndə isə 36 faiz rüsum ödəniləcək. Biz deputatlar təklif edirik ki, orada göstərilən 36 faiz 15-ə endirilsin”.

O, mal sifariş verən digər deputatların adlarını açıqlamayıb. Xatirladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”-na dəyişikliklər edilib. Həmin dəyişiklərə görə, əgər bundan əvvəl fiziki şəxlər rüsum ödəmədən ölkənin gömrük ərazisinə ayda bir dəfə ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mal gətirə bilirdilərsə, bundan sonra rüsumsuz gətirilə biləcək malın ümumi dəyəri təxminən ikiqat azaldılaraq 800 ABŞ dollar ekvivalentinə bərabər edilib. Həmçinin, əgər bundan əvvəl beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində rüsum tutulmayan malların ümumi dəyəri 1000 ABŞ dolları idi isə, bundan sonra həmin hədd üç dəfədən də çox azaldılaraq 300 ABŞ dolları ekvivalentinə bərabər edilib. Onu da qeyd edək ki, qərar qüvvəyə minməzdən öncə də bəzi deputatların etirazı yerli mətbuatda dərc olunub.

Həm cəmiyyətdə, həm də parlamentdə etirazla qarşılanan qərar ləğv edilə bilərmi?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında qərarın ləğvini mümkün hesab etdiyini deyib:

"Nazirlər Kabinetinin qərarı Quran ayəsi deyil ki, bu qərar təcrübədə özünü doğrultmursa, o Prezident tərəfindən ləğv edilə, dəyişdirilə, ona moratorium qoyula bilər, parlamentin müdaxiləsi ola bilər. Pandemiyanın hökm sürdüyü indiki şəraitdə ölkə vətəndaşlarının istənilən təbəqəsinin xərclərnin artmasına yönələn addım yolverilməzdir. Nazirlər Kabinetinin məlum qərarı da məhz belə qərardır. Çünki ölkəyə baha idxal olunan malları onlayn sifarişlə 30-40, hətta 50 faiz daha ucuz almaq olur.

Hökumət vətəndaşın bu imkanlarını nəyə görə məhdudlaşdırmalıdır - Cəmiyyətdə belə bir sual var”.

Parlament üzvlərinin müdaxiləsini alqışladığını deyən iqtisadçı bu müdaxilənin bir qədər gecikdiyini deyir:

"Qanun qüvvəyə minməzdən öncə müdaxiləyə daha çox ehtiyac var idi ki, o qüvvəyə minməsin. Amma gec olması, olmamasından daha yaxşıdır. Hesab edirəm ki, qanun ləğvi mümkündür və vacibdir. Bunun üçün ölkə rəhbərliyinin siyasi iradəsi kifayyət edir, parlamentdən də dəstəyin gəlməsi daha da yaxşıdır”.

Akif Nəsirli deyir ki, sözügedən qərar mövcud vəziyyətə uyğun deyil:

"Bu o vaxt qəbul edilə bilər ki, Azərbaycanda büdcənin doldurulması üçün hər hansı addıma ehtiyac olsun. Bu qərarın bütün məhsullara şamil eilməsi də doğru deyil. Daxili bazarı qorumaq üçün ölkədə istehsal olunan məhsulların xaricdən sifarişinə belə ağır şərtlər qoymaq mümkündür”.

Xatirə Nəsirova