Yuxarı

Qazilər üçün güzəşt paketi: Banklar hansı qərarı verəcək?

Qazilər üçün güzəşt paketi: Banklar hansı qərarı verəcək?

Qazilər üçün güzəşt paketi: Banklar hansı qərarı verəcək?

Onlar Vətən üçün canlarından, sağlamlıqlarından keçdiər, həyatlarına riskə atdılar.

İndi növbə dövlətin və ayrı-ayrı vətəndaşların onların sosial təminatı ilə bağlı güzəştlər tətbiq etməsinə gəlib çatıb. Bir sıra bankların, iri ticarət şəbəkələrinin, eləcə də kiçik ticarət obyektlərinin şəhid ailələri və müharibə iştirakçıları üçün fərdi qaydada güzəştlər tətbiq etməsinin şahidi olduq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə "Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi qərar qəbul edib. Burada şəhid olmuş hərbiçilərimizin, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi nəzərdə tutulur.

Eləcə də Assosasiyaya daxil olan banklar hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabrdan etibarən tam dayandırıb. Qərarda Assosasiyaya daxil olan bankların döyüşlərdə iştirak edən əməkdaşları üçün də bir sıra güzəştlər nəzərdə tutulur.

Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən bütün banklar müharibədə şəhid olanların ailələri və müharibə iştirakçıları olan şəxslər üçün ayrıca kredit paketləri tətbiq edilə bilərmi?

İqtisadçı Pərviz Heydərov "Cümhuriyət” qəzetinə açıqlamasında sözügedən şəxslərə güzəştlərin tətbiqinin çox vacib olduğunu deyib:

"30 ilə yaxın müddət ərzində məcburi köçkünlər, qaçqınlar üçün dövlət bir sıra güzəştlər tətbiq edib. Dövlət Neft Fonduna yığılan vəsaitlərdən bu neçə il ərzində dövlət ancaq qaçqın və məcburi köçkünlər üçün müvafiq şəraitin yaradılması üçün böyük məbləğlərdə vəsaitlər xərclədi və xərcləməkdə də davam edir. İndi isə dövlətin qaçqın və məcburi köçkünlər üçün olan siyasəti indiki və daha əvvəlki döyüşlər zamanı, torpaqların geri qaytarılmasında rolu olan şəxslər və onlar ailələrinin sosial qayğılarının yüksək səviyyədə təmin olunması istiqamətinə yönəldilməlidir. Şəhid statusu alanların ailələrinin, yaralananların, eləcə də digər müharibə iştirakçılarının sosial təminatı ilə bağlı dövlət proqramı hazırlanmalıdır. Banklar tərəfindən də tətbiq oluna bilən güzəştlər həmin proqrama daxil edilməlidir. Həmin şəxslərin indiyədək banklara olan borcları sıfırlanmalıdır. Onların banklardan kredit əldə etməsinə digər şəxslərdən fərqli yanaşılmalıdır-faiz məsələsində güzəşt tətbiq olunmalı, kreditlər digər güzəştli şərtlərlə verilməlidir. Bu həm istehlak, həm ipoteka kreditlərinə şamil olunmalıdır. Həmin vətəndaşlarımızın sosial qayğıları yüksək formada təmin olunmalıdır”.

Pərviz Heydərov ölkədə bazar iqtisadiyyatı sisteminin olduğunu qeyd edərək, bildiridi ki, ayrı-ayrı sahibkarların da həmin vətəndaşlara xüsusi həssaslıqla yanaşmasına dair dövlət tərəfindən sərəncam verilməlidir:

"Yəni bu cür yanaşma məcburi olmalıdır. Dövlət proqramının daxilində sahibkarlara inzibati qaydada tapşırıq verilməlidir ki, vətəndaşların həmin qrupuna xüsusi güzəştli şərtlərlə yanaşılsın. Bu o demək deyil ki, onlar digər vətəndaşlar daha ucuz mal alsınlar. Məsələn, həmin məhsulun əlavə dəyər vergisi ilə bağlı müharibə iştirakçılarına güzəştlər tətbiq oluna bilər. O cümlədən də 18 yaşına qədər olan şəhid övladları üçün bu cür qaydalar tətbiq oluna bilər”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları