Yuxarı

Lirə və lari ucuzlaşır: Manata hansı risklər var?

Lirə və lari ucuzlaşır: Manata hansı risklər var?

Lirə və lari ucuzlaşır: Manata hansı risklər var?

Region ölkələrində milli valyutaların dollar, eləcə də digər beynəlxalq qarşısında ucuzlaşması prosesi daha da sürətlənib.

Bu ölkələr arasında Azərbaycan sıx iqtisadi və ticarət əlaqələri olan Türkiyə və Gürcüstan da var. Qeyd edək ki, Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, son günlər larinin ucuzlaşması Gürcüstandakı siyasi gərginliklə əlaqəlidir. Onun sözlərinə görə, radikalizmlə xarakterizə olunan bugünkü siyasi proseslər milli valyutanın məzənnəsinə təsirsiz ötüşə bilməz.

Nazir hazırkı mərhələdə larinin məzənnəsinin tərəddüd etməsi üçün obyektiv şərtlərin mövcud olmadığını vurğulayıb. Qardaş Türkiyənin də milli valyutası sürətlə dəyər itirməkdədir. Bir neçə gün isə dolların Türkiyədə dəyəri tarixi maksimumu yeniləyərək 8,5 lirəni keçdi. Ölkənin milli valyutası avro və ingilis funt sterlinqi qarşısında da ucuzlaşıb.Türkiyədə avronun məzənnəsi 9,9 lirəni, funt sterlinqin məzənnəsi isə 11 lirəni keçib.

Lirənin ucuzlaşmasına səbəb kimi Türkiyə Statistika İdarəsinin oktyabr ayı üçün açıqlanan inflyasiya göstəricilərinin (aylıq 2,1%, illik 11,9%) yüksək olması, Türkiyə Mərkəzi Bankının svop faizini 1,5 faiz bəndi artıraraq 11,75%-dən 13,25%-ə çatdırması, ABŞ-da keçirilən preziden seçkilərinin investorların yatırım istəyini daha da aşağı salması göstərilir.

Region ölkələrinin milli valyutasını ucuzlaşdıran əsas amillər hansılardır və bunun Azərbaycan iqtisadiyyatına hansı təsirləri gözlənilir?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırkı durumda milli valyutaları ucuzlaşan ölkələr əsasən ixracaatçı ölkələrdir:

"Yüngül sənaye məhsullarının ixracı ilə məşğul olan Türkiyə kimi ölkələrin milli valyutalarının dəyərdən düşməsinə ticarət dövriyyələrində həmin ölkə məhsullarının həcminin azalması, aktiv ticarət münasibətlərinin olmaması və pandemiya səbəbindən məhdudlaşdırmaların tətbiq edilməsidir. Bunların nəticəsində həmin ölkələrin valyuta rezervlərində azalma baş verir və həmin azalma nəticə etibarı ilə milli valyutalara təsir edir. Bir sıra xarici ölkələrin milli valyutalara təsir edən amil təkcə karantin və məhdudiyyətlərin tətbiqi deyil. Bu həm də turizm sektorunda küllü miqdarda dövriyyənin dayanması ilə bağlıdır. Məlumdur ki, bu ilin əvvəlindən etibarən bir sıra ölkələr gediş-gəlişə məhdudiyyət tətbiq edib, bu da ən çox turizm sektoruna mənfi təsir edib”.

İqtisadçı deyir ki, həmin təsirlər ilin sonuna doğru özünü büruzə verməyə başlayıb:

"Hər il turizm sektorundan böyük vəsaitlər əldə edən ölkələr ilin sonuna doğru hesabat açıqlayırdılar. Bu vəsaitlər ümumi iqtisadi göstəricilərə öz təsirini göstərirdi. Bu il açıqlanan rəqəmlərə görə, turizm sektorunda 60-70 faiz, hətta bəzi ölkələrdə 80 faizə qədər kiçilmələr olub. Bu da həmin ölkələrin ümümi iqtisadi göstəricilərinin ciddi şəkildə azalmasına səbəb olub. Bu da həm psixoloji, həm də iqtisadi baza baxımından həmin ölkələrin milli valyutalarının ucuzlaşmasına səbəb olur”.

Qonşu ölkələrdə baş verən proseslərin, o cümlədən milli valyutaların ucuzlaşması prosesinin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, Razi Abbasbəyli bildirir ki, burada ölkəmiz üçün müsbət təsirlərdən söhbət gedə bilər:

"Azərbaycanın iqtisadi durumu həm valyuta ehtiyatları, həm də valyuta məzənnəsinin sabit olması baxımından əlverişlidir. Azərbaycan neft ixrac edən, əvəzində isə demək olar ki, bütün məhsulları idxal edən ölkədir. Əgər hazırda milli valyutamız öz dəyərini qoruyub saxlayır və ticarət əməkdaşlığı olan ölkələrin valyutalarının dəyər itirməsi baş verirsə, bu Azərbaycan üçün müəyyən mənada əlverişli iqtisadi ticarət münasibətlərinin yaranmasına səbəb ola bilər”.

Manat dollar məzənnəsi yaxın gələcəkdə də sabitliyini qoruya biləcəkmi?

İqtisadçı deyir ki, Mərkəzi Bankın gələn il üçün verdiyi proqnozlara əsasən, Azərbaycan manatının məzənnəsi sabit qalacaq:

"Lakin bunu 100 faiz iddia etmək də doğru deyil. Çünki manat daim xarici təsirlərdən asılı vəziyyətdədir. Əgər dünyada növbəti iqtisadi şoklar baş verməsə, növbəti 6 ay ərzində manatın məzənnəsinin sabit qalması ilə bağlı proqnoz vermək olar”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları