Yuxarı

Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir?

Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir?

Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir?

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avropa ölkələrinə investisiyaları azalıb, Asiya-Sakit Okean ölkələrinə isə artıb.

Neft Fondunun 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,37 faizi Avropa təşkil edib. İlin əvvəlinə olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 33,8 faizi Avropa təşkil edirdi.

Beləliklə də, ilin ötən dövründə Neft Fondu Avropa ölkələrinə investisiyalarını 4,43 faiz azaldıb. Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları isə artıb. Belə ki, üçüncü rübünün sonuna Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalarla bağlı göstərici ilin əvvəli ilə müqayisə 33,76 faizdən 35,53 faizə yüksəlib.

Bu müddətdə fondun Şimali Amerikaya investisiyaları üzrə göstərici 24,91 faizdən 26,62 faizə yüksəlib, Avstraliya-Yeni Zelandiya üzrə göstərici isə 2,04 faizdən 1,09 faizə enib.

Azərbaycan investitsiya bazarını dəyişirmi? Dövlət Neft Fondunun Avropa ölkələrinə yatırımlarını azaldaraq, Asiya - Sakit ölkələrinə artırmasının səbəbləri nədir?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında xatırladıb ki, ilin əvvəlindən başlayaraq Avropa və Amerika ölkələri "COVID-19” pandemiyasının əsas ocaqlarına çevirilib:

"Bu ölkələr daha çox neft məhsulları alan ölkələr idi. Faktiki olaraq bu ölkələrdə tətbiq edilən məhdudiyyətlər nəticəsində fəaliyyətsizlik, iqtisadi durğunluq yaşanmağa başlandı. Nəticə etibarı ilə də Azərbaycanın proqnozlaşdırılan valyuta gəlirlərində 2 faizədək azalma baş verdi. Hələlik, Avropada pandemiyanın nə qədər sürəcəyi məlum deyil, nə zaman əvvəlki iqtisadi göstəricilərə doğru irəliləyişin baş verəcəyi bilinmir. Yəni, Avropada qeyri-müəyyənlik var. Azərbaycan valyuta ehtiyatlarının və investisiya istiqamətlərini şaxələndirməklə risk faktorlarını aşağı salmağa çalışır. Bu da normal yanaşmadır”.

Razi Abbasbəyli qeyd edib ki, həm Orta Asiya, həm də Qərbi Asiya ölkələrində zəngin metal yataqları mövcuddur:

"Bu ölkələr dünya bazarına daha çox metal çıxarmaq, Asiya birjalarında metal satışını təşkil etməklə öz mövqelərini qoruyub saxlayırlar. İlin əvvəllərindən neftin bahalaşması fonunda daha çox metal - xüsusilə də qızıl, mis, əlvan metal, filizin qiymətinin yüksəldiyi müşahidə olunur.

Buna görə də Azərbaycanın invenstisiyaların şaxələndirilməsi baxımından Asiya regionuna maraq göstərməsi həm də gələcək perspektivdə ölkəmizin əldə etdiyi neft gəlirlərinin və valyuta ehtiyatlarımızın sığortalanması məqsədilə atılmış bir addım kimi xarakterizə edilə bilər. Azərbaycan hökumətinin həm bu ilin sonları, həm də növbəti il üçün nəzərdə tutulan strateji investisiya idarəetmə proqramları uğurludur.

Avropada pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişəcəksə təbii ki, strateji proqramlarda, investisiya yatırımlarında yenidən korektələr edilə bilər. Lakin indiki qeyri-müəyyənlik, iqtisadi durğunluq şəraitində Avropadan əldə ediləcək gəlirlərin gözləntiləri doğrultmaması daha realdır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları