Yuxarı

Erməni məkri: Böyük enerji layihələri hədəfdə

Erməni məkri: Böyük enerji layihələri hədəfdə

Erməni məkri: Böyük enerji layihələri hədəfdə

Ermənistan öz xilası üçün müharibənin miqyasını genişləndirməyə, hamilərini proseslərə cəlb etməyə çalışır.

Buna görə də Azərbaycanın sivil yaşam ərazilərini, şəhərlərini bombardman edir. Xüsusən ölkənin strateji obyektləri olan Mingəçevir şəhərini, Bakı- Tbilisi- Ceyhan boru kəmərini hədəfə alan Ermənistan, Azərbaycanın da adekvat cavab addımı ataraq eyni cavabı verməsini istəyir. Məqsəd isə himayədarlarını hərbi əməliyyatlara cəlb edib xilas olmaq və işğalçılıq siyasətini davam etdirmək istəyidir.

Rusiya Prezidenti Vladimir Putin də "Rossia 24” kanalına müsahibəsində öz müttəfiqləri üzərində götürdükləri öhdəliklərə daim sadiq qaldıqlarını, lakin döyüşlərin Ermənistan ərazisində getmədiyini bildirmişdi. Bu o deməkdir ki, yəni Azərbaycan İrəvana cavab tədbiri olaraq Ermənistanın hər hansı bir şəhərini vursa, Rusiya KTMT yolu ilə prosesə müdaxilə edəcək. Yəni Ermənistanı qoruyacaq.

Lakin bundan cəsarətlənən ermənilər, təxribat miqyasını daha da genişləndirərək Bakı- Tbilisi- Ceyhan boru kəmərlərini hədəfə alırlar. Azərbaycan tərəfi bunu sübutlu şəkildə bəyan edib. Bu Avropanın enerji təhlükəsizliyinin açıq şəkildə təhdidi deməkdir. Digər tərəfdən NATO- nun nizamnaməsində Bakı- Tbilisi- Ceyhan boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması nəzərdə tutulur. Yəni sözügedən kəmərlərə hər hansı bir təhlükə yaranarsa, NATO dövlətləri məsələyə müdaxilə edib, təhlükəni yaradan tərəfi neytrallaşdıra bilər.

Politoloq Fikrət Sadıqov "Cümhuriyət”ə açıqlamasında bildirib ki, NATO dövlətləri Ermənistanın Bakı- Tbilisi- Ceyhan boru kəmərinə yaratdığı təhlükə ilə bağlı öz sözünü deməlidir:

"Ermənilər Azərbaycanın dinc şəhərlərini və strateji əhəmiyyətli obyektlərini çarəsizlikdən vurmurlar. Xüsusən Bakı- Tbilisi-Ceyhan boru kəmərini birmənalı şəkildə məqsədli hədəf alırlar. Onlar çalışırlar ki, bizə qarşı genişmiqyaslı müharibə cəbhəsi açılsın. Yəni onların bir sıra məqsədləri var. Burada birinci məqsəd Ermənistanın bizim dinc şəhərlərimizi və vətəndaşlarımızı hədəf seçdiyi kimi, bizim də adekvat cavab verməyimizi istəyirlər. Cavab tədbiri isə, belə çıxır ki, biz yalnız öz ərazimizdə deyil, guya Ermənistan ərazisində də müharibə aparıb, onlarla vuruşuruq. Ona görə də Ermənistan Rusiya və KTMT tərəfindən müdafiə olunmalıdır. Bu məsələnin birinci tərəfidir. İkinci, onlar sözügedən boru kəmərlərini hədəf seçiblər. Bunu öz bəyanatlarında da bildiriblər. Özləri Bakı-Tbilisi- Ceyhan boru kəmərini vuracaqlarını bildiriblər. Əlbəttə, NATO dövlətləri burada öz sözünü deməlidir. Ən azından birinci mərhələdə bəyanat verməlidir. Çünki biz onların enerji təhlükəsizliyini təmin edirik. Enerji mənbələrinin qıtlığı fonunda Azərbaycanın neft və qazı onlar üçün önəmlidir. Həm də bu Avropanın Rusiyadan enerji asılılığınının qismən azalması deməkdir”.

Ekspert hesab edir ki, NATO dövlətlərinin məsələyə diqqətini cəlb etmək üçün Azərbaycan da öz səylərini artırmalıdır:

"Digər tərəfdən NATO dövlətlərinin məsələyə reaksiya verməsi üçün gərək biz özümüz də onların diqqətini problemə cəlb edək. Biz artıq bunu edirik. Xaricdən diplomatik nümayəndələr də gəlir, biz həmin ərazilərə xarici jurnalistləri də cəlb etmişik və sair. Bu yaxşı bir haldır. Amma bunu daha geniş şəkildə davam etmək lazımdır. Biz çalışıb Bakı-Tbilisi- Ceyhan boru kəmərlərinin təhlükə altında qaldığını Avropa dövlətlərinin diqqətinə çatdırmalıyıq. Onlar bu məsələ üçün narahatlıq keçirməli və Ermənistana qarşı mövqe bildirməlidirlər. Axı bu kəmərlərin təhlükəsizliyi üçün onların götürdüyü öhtəlik var. Nədənsə Qərb sadəcə, hərbi əməliyyatların dayandırılması istiqamətində gurultulu bəyanatlarla çıxış edirlər. Sanki onlar qorunması üçün öhdəlik götürdükləri Bakı-Tbilisi-Ceyhan boru kəmərklərlərini deyil, işğalçı Ermənistanı qorumağa çalışırlar. Onların müharibənin dayandırılması və atəşkəsin elan olunması üçün səsləndirdikləri bəyanat Ermənistanın başına sığal çəkməkdir. Bu dövr artıq sona yetməlidir. Əgər əməliyyatların dayandırılmasını istəyirlərsə, Ermənistana deməlidirlər ki, Azərbaycan ərazilərini dərhal boşaltsın. Onlarsa, bunu etmirlər. Artıq Ermənistanın təxribatından yaranan təhlükə yalnız Azərbaycan üçün deyil, Avropa ölkələri üçün də reallaşır. Çünki sözügedən kəmərlərin vurulması Avropanın enerji təhlükəsizliyinə zərbə deməkdir. Ona görə də Avropa dövlətləri bu reallıqdan çıxış etməlidir. Biz də buna ciddi şəkildə təkan verməliyik. Bakı- Tbilisi- Ceyhan kəmərlərinin qorunması üçün Avropa dövlətləri tərəfindən müəyyən format tapıla bilər. Təzyiqin müxtəlif formaları var. Avropa ölkələri bu təzyiq mexanizmlərindən birini düşünüb Ermənistana qarşı tətbiq etməlidir. Əgər onlar mövcud təhlükəni dərk etmirlərsə, biz konkret faktlarla, rəqəmlərlə və müxtəlif televiziya şirkətləri ilə reallığı onların diqqətinə çatdırmalıyıq”.

Əli Bədir





Həftənin ən çox oxunanları