Yuxarı

Kreditlər yenidən problemə çevrilir: "Bu il, gələn il olacaq, amma...”

Kreditlər yenidən problemə çevrilir:

Kreditlər yenidən problemə çevrilir:

Azərbaycanda problemli kreditlər yenidən arta və manatın məzənnəsi təzyiq altına düşə bilər.

Bu nəticəyə "S&P Global Ratings" agentliyi gəlib. Bu ilin sentyabrın sonlarında Qarabağ münaqişənin eskalasiyası Azərbaycanın maliyyə göstəriciləri, xarici balans və makro-maliyyə sabitliyi üçün riskləri artırıb. Bu barədə agentliyinin açıqlamasında deyilir. "S&P" mütəxəssisləri bildirir ki, aşağı neft qiymətləri Azərbaycanın iqtisadi inkişaf perspektivlərini daha da çətinləşdirir və bu da, öz növbəsində, potensial valyuta ucuzlaşmasına qarşı yüksək həssaslıqla birlikdə bank sektorunu yüksək iqtisadi tarazsızlıqlara məruz qoyur və aktivlərin keyfiyyətinə təzyiqi artırır.

Açıqlamada deyilir ki, bəzi banklar öz xərclərini çətinliklə ödəyəcək və bu ili çətinliklə itkisiz başa vuracaq. Səbəb olaraq, problemli kreditlərin 2020-ci ildə ikiqat artacağı və gəlirliliyin azalacağı göstərilir. Bu il kreditləşmədə artım gözləməyən agentlik, gələn il bu göstəricinin 8% artacağını proqnozlaşdırır.

Ötən il artım 14,9% təşkil edib.

"Bu il Azərbaycanda banklar tərəfindən yeni kreditlərin verilməsinin yavaşlayacağını gözləyirik. Bundan başqa, kreditlərin dəyərinin ortalama kredit portfelinə nisbəti 2015-2019 illərdə qeydə alınan 3,2%-dən 4%-dək artacaq", - agentliyin açıqlamasında deyilir.

Agentlik 2020-ci ildə Azərbaycanda problemli kreditlərin ümumi portfeldə payının ötənilki 8,3%-dən 14,8%-dək, 2021-ci ildə isə 12,3%-dək azalacağını ehtimal edir. Lakin agentlik onu da bildirir ki, problemli kreditlərin həcminin artmasının pik nöqtəsi və aktivlərin böyük hissəsinin keyfiyyətinin pisləşməsi 2021-ci ildə dayana bilər. "S&P"yə görə, manatın məzənnəsi volatil olan makroiqtisadi mühitdə təzyiq altında qalır və paritet qaydalarına uyğun olmayan düzəlişlər makroiqtisadi mühitin sabitliyini poza və bank sektorunda kredit risklərini artıra bilər: "Lakin biz başa düşürük ki, indiyədək yerli rezident əmanətləri yuxarı məzənnə ilə xarici valyutaya konvertasiya edilməyib və bank sistemindən birbaşa əsaslı depozit axını olmayıb".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bank sektorunun durumunun ağırlaşacağı ilə bağlı proqnozla razıdır: "Bu vəziyyət iki amillə bağlıdır. Birinci amil yalnız Azərbaycan üçün xarakterik deyil. Pandemiya bütün dünyada iqtisadi geriləməyə, o cümlədən də bank sektorunda geriləməyə səbəb olub. İlk növbədə banklarda əmanətlər azalıb - çünki əmanətçilərin gəlirləri düşüb və əmanətlərindən istifadə edirlər və ya belə bir çətin dövrdə banklara etibar etmirlər. Mərkəzi Bank da banklara kifayət qədər kredit vermir ki, həmin kreditlər valyuta bazarına axaraq, milli valyutamıza təzyiqi artırmasın. Digər tərəfdən isə bankların problemli kreditləri artıb - bu da anlaşılandır ki, pandemiya dövründə kreditlərini vaxtı vaxtında ödəyənlərin sayı azalıb. Mərkəzi Bank da hələ aprel ayından banklara tövsiyyə edib ki, kreditlər üzrə gecikmələr gecikmə sayılmasın. Həmin moratoriumun müddəti gələn ilin əvvəlindək uzadılıb. Buna görə də borclar vaxtında ödənilmir ki, bu da təbii ki, banklar üçün itgidir”.

Ekspert deyir ki, ikinci Qarabağ müharibəsinin də duruma təsirləri danılmazdır: "Doğrudur, ikinci Qarabağ müharibəsi hərbi-siyasi, diplomatik nöqteyi nəzərdən bizim üçün uğurludur. Amma təbii ki, müharibə xeyli maliyyə vəsaiti tələb edir və 44 gün ərzində Azərbaycan dövləti xeyli vəsait sərf edib və bundan sonra da həm işaldan azad olunmuş ərazilərimizin, həm də müharibədən zərər çəkmiş ərazilərimizin - Tərtər, Bərdə, Gəncənin bərpası xeyli vəsait tələb edir. Əlbəttə ki, Azərbaycanın xeyli valyuta ehtiyatı var, amma onlar da tükənməz deyil. Ölkəmizin iqtisadi yükü artıb, bu il, gələn il müəyyən problemlərinin olacağı gözlənilir. Amma ortamüddətli dövr - yəni 3,5 ildən sonra Azərbaycan iqtisadiyyatında inkişaf gözləyirəm. Əlbəttə ki, beynəlxalq agentlik qısamüddətli proqnoz verdikləri üçün bunu açıqlamır. Qalib ölkədə iqtisadi inkişaf olacaq. İnsanların iqtisadi aktivliyi artacaq, o cümlədən bu işğaldan azad edilmiş bölgələrdə baş verəcək. Ölkəyə pul axını artacaq. İnsanlarda ruh yüksəkliyi, gələcəyə ümid var ki, bu da çox vacib amillərdir. İqtisadi inkişaf daha çox insanların gələcəyə ümidindən asılıdır”.

Beynəlxalq agentliyin manatın məzənnəsinin təzyiq altına düşməsi ilə bağlı proqnozuna gəldikdə isə, Əkrəm Həsənov deyir ki, əslində milli valyuta pandemiya başlanandan təzyiq altındadır: "İqtisadi inkişaf ölkəyə pul axınını şərtləndirir. Bu həmçinin manatın məzənnəsinin bazar qanunları ilə müəyyənləşməsini tələb edir. Əgər bu baş verərsə, manatın ucuzlaşması baş verə bilər. Amma bunun yaxın zamanlarda baş verəcəyini düşünmürəm. Hər bir halda bu, 2015-ci ildə olduğu kimi ağır olmayacaq. Çünki sahibkarların, həm də digər vətəndaşların banklara borcları milli valyutadadır. 2015-ci ildə baş verən devolvasiya ona görə ağır nəticə verdi ki, borcların böyük hissəsi dollarla idi. Devolvasiya baş versə, bunun təbii ki, iqtisadiyyata mənfi təsirləri olacaq, amma biz əgər iqtisadi inkişaf istəyiriksə, bazar iqtisadiyyatı qanunları ilə işləmək istəyiriksə, manatı sərbəst buraxmalıyıq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları