Hövsandakı dəhşətli qətlin törədildiyi evdən reportaj10 yaşlı qızı Zəhra: “Ana bilirsən bu gün yeməyə çörək tapmadım, ac yatdım”Çox kiçik qəsəbə olduğu üçün burada hamı bir-birini tanıyır. Son vaxtlar bu qəsəbədə qəribə, dəhşətli və ağılasığmaz olaylar yaşanır. Elə bizimlə həmsöhbət olan ev sahibinin dediyi kimi “qəribədir, son vaxtlar Hövsan kriminal zona olub...”. Söhbət bir neçə gün əvvəl bu qəsəbədə 25 yaşlı sevgilisi tərəfindən qətlə yetirilən 45 yaşlı Zülfiyyə Rəhimovadan gedir. Hamını düşündürən də elə bu fikirdir... Görən bu qadın niyə öldürüldü və məhz sevgilisi tərəfindən...? Bu sualların izi ilə qəsəbəyə, Zülfiyyə Rəhimovanın yaşadığı evi soraqlamağa çıxdıq. Təxmini hara gedəcəyimizi bilirdik. Qarşımıza çıxan hər kəsdən qadının harada yaşadığı ilə maraqlandıq. Hər kəs “bilmirəm, tanımıram, heç nə deyə bilmərəm” deyə ürkək baxışlarla bizi süzməyə davam edirdi. Nəhayət, bir nəfərlə söhbətimiz baş tutdu...Təxminən 30-35 yaşlarında olan kişi qadının adını eşidər-eşitməz sözə başladı: “Hə, o çox yaxşı, sakit, öz işində olan insan idi. Heç kimə dəyib dolaşmırdı. Əvvəllər bizim qonşuluqdakı evlərdən birində kirayə yaşayırdı. Yanına özündən yaşca çox kiçik oğlan gəlirdi. Hamı elə bilirdi ki, xalası oğludur. Çünki özü qonşulara elə demişdi. Bəlkə də sevgilisi olduğundan utanırdı. Nə deyim, amma biz ondan heç bir pis hərəkət görməmişik. Həyatdır da, yəqin taleyi belə imiş... Uşağı yazıq oldu, onun nə günahı var idi ki?..”Deyir düşmən ocaq başındaymış....Həmsöhbət olduğumuz gənc sanki bizimlə danışmaq üçün həvəslənmişdi. Sual vermədən bildiklərini ifadə edirdi: “O xalası oğlu dediyi oğlanı da tanıyırdıq. Paytaxtda tikinti şirkətlərinin birində fəhlə işləyirdi. Sakit adam idi. Ara-sıra qadının evinə gəldiyini görürdük. Amma bu günə kimi hər ikisi ilə bağlı hər hansı problem yaranmayıb. Qadının məhz o oğlan tərəfindən öldürüldüyü üzə çıxanda çox təəccübləndik. Səbəbini anlaya bilmirik. Bəli, qadın yaxınlıqdakı kafedə işləyirdi. Həmişə işində, gücündə olan qadın kimi tanımışıq”. Söhbət zamanı bir qədər uzaqda 55-60 yaşlarında bir qadının evindən çıxıb darvazasını bağlaması diqqətimizi cəlb etdi. Bu an “Bəs Zülfiyyə xanımın qaldığı ev hansı idi?” deyə sualımıza, gənc “baxın, o qadından soruşun, o sizə evini göstərəcək” deyə bayaqdan diqqət mərkəzində qalan qadını işarələdi. Amma artıq qadın evinin qarşısından harasa yox olmuşdu... Sağollaşıb yolumuza davam etdik. Küçədə heç kim görünmürdü. Hamı evinə çəkilmişdi, sanki qapanmaq, gizlənmək, susmaq üçün sözləşmişdilər. Sanki cinayəti özləri törədibmiş kimi baxışlardan, səs-küylərdən qeybə çəkilmişdilər... Tək-tək darvazaları döydük... Yenə də açılan qapılarda qorxu dolu ürkək baxışlar, susqun ifadələr, “bilmirəm”, “tanımıram” kəlmələri...Nəzərimiz iki qaranlıq, vahimə saçan pəncərələrə sataşdı. Bir anlıq o tayda kimlərdənsə yardım diləyən, nəfəsinə susayandan qurtulmaq üçün çabalayan Zülfiyyənin ah-naləsi gəldi qulaqlarımıza... Sanki 10 yaşlı qızın fəryadı “anamı burax” deyə göyləri bürümüşdü... İlahi bu nə mənzərədir belə? Bu an “sizə nə lazımdır?”- deyə soruşdular, elə bil yuxudaydıq, dik atıldıq. Qarşımızda bir az əvvəl uzaqda qapısını bağlayıb yox olan qadın dayanmışdı. Özümüzü təqdim etmişdik ki, qadın çoşdu. Bayaqdan fasiləsiz döydüyümüz və gözlərimizi zillədiyimiz bu vahiməli ev sən demə Zülfiyyənin yaşadığı və öldürüldüyü məkan imiş. Evi göstərib: “Bura mənim evimdir, Zülfiyyə də evimdə kirayədə yaşayırdı. Niyə soruşursuz, siz kimsiz? Hə, tutaq ki, bu evi çəkdiniz, göstərdiniz, sonra? Nə dəyişəcək? Mən bu barədə danışmayacağam, bu mənim haqqımdır”. Qadına Zülfiyyənin qətli ilə bağlı eşitdiklərimizdən bir neçə fakt qeyd etmişdik ki, ev sahibi dilə gəldi: “Vicdansız, Zülfiyyəni öldürən zaman əlimə keçsəydi, onu öldürərdim. Necə qıydı ona, necə susadı qanına? Zülfiyyə hündürboylu, sarışın qadın idi. O, elə bədbəxt idi ki...O cür hündür qadın cüssəsiz, cılız birinin qurbanı oldu... Necə ona güc gəlib? Hadisə baş verən gün mən evə gəlirdim, qarşıma çıxdı, nə bilim ki, gəlini öldürüb. Amma çox həyəcanlı və şübhəli görünürdü. Tez-tez addımlarla çıxıb getdi”.“Zülfiyyəni 8 aydır ki, tanıyıram. Onunla heç bir problemimiz olmayıb. Olduqca sakit, heç kimlə işi olmayan, zəhmətkeş gəlin idi. Həyatından danışanda uşaqlıqdan indiyədək nə qədər zülm çəkdiyini düşünürdüm. Tək qızının xiffətini çəkirdi. Yemirdi, geymirdi, balasına yedirdirdi, geydirirdi... Həmişə deyirdi ki, Zəhra qızım, istəmirəm ki, həyatda mənim kimi çətinlik çəkəsən, ancaq oxumalısan. Qızının bütün ehtiyacları üçün çalışırdı. Kafedə xidmətçi işləyirdi. Gününə 7 manat verirdilər, onunla da ana-bala birtəhər dolanırdı. Deyirdi ki, bir neçə aydan sonra qız 4-cü sinfi bitirəcək. Ondan sonra qızını da götürüb, Əhmədlidə yaşayan bacısının yanına köçəcək. Orada işləyib, qızı ilə qalacaq. Mən ondan bir pislik görməmişəm. Hələ də dəhşət içindəyəm”.Qatil, “xalaoğlu”, sevgili, ya Paşa Cəbrayılov...Qeyd edək ki, qəsəbədə eşitdiklərimizdən biri də o idi ki, guya Zülfiyyə Rəhimova yüngül həyat tərzi keçiribmiş. Hətta onun qətlinə bir növ sevinənlər də olmuşdu. Ev sahibinin sözlərinə görə, Zülfiyyə Rəhimovanın haqqında deyilənlər heç də həqiqət deyil. “O, yüngül həyat tərzi keçirən qadın olmayıb. Sadəcə ilk evliliyi Türkiyə vətəndaşı ilə olub. Türkiyəli gəncin ailəsi Zülfiyyə ilə evlənməsi xəbərini heç də xoş qarşılamayıb və razılıq olmadığı üçün kişi öz vətəninə qayıtmalı olub. Amma cütlüyün Zəhra adlı qızı dünyaya gəlib. Ana min bir əziyyətlə qızını 10 yaşına çatdırıb: “O qədər qızına bağlı idi ki, onun hər istəyini yerinə yetirmək üçün can atırdı. Bu yaxınlarda Zəhranın 10 yaşı tamam oldu.Zülfiyyə qızının ad gününü bacılarının köməyi ilə çalışdığı kafedə qeyd etdi. Hətta gəlib mənə də danışdı ki, 40 manat xərcim çıxdı, 20 manat bacım verdi, qalanını isə kafe sahibinə dedim ki, hissə-hissə maaşımdan çıxarsız. Belə anaya qara yaxırlar, məgər kafedə çalışmaq günahdır? İnsanı bu qədər ləkələmək olar? Neynəməli idi?Təhsili, peşəsi yoxdur, kafedə işləmək pozğunluq sayılır? Paşanı mən ara-sıra görürdüm. Açığı əvvəllər elə bilirdim ki, xalası oğludur. Sonra mənə danışdı ki, oğlan ondan əl çəkmir, nə qədər edirsə, onu özündən kənarlaşdıra bilmir. Yazığın qazandığı bir şey deyildi. Onu da oğlan gəlib əlindən alıb gedirdi. Qadını saxlayan kişi onu təmin edər, ehtiyaclarını ödəyər, daha ondan isitifadə etməz. Qətldən sonra qızı dedi ki, hadisədən bir gün əvvəl gecə Paşa onlara gəlib və pul istəyib. Deyir qapını nə qədər döydü, anam açmadı. Səhəri gün Zülfiyyə Zəhranı dərsə aparıb. Adətən, qızı məktəbə qoyandan sonra evə gəlib əl gəzdirirdi, sonra işə gedirdi. Yəqin ki, o ərəfədə oğlan evə gəlib. Əclaf... Özü də avtomobildə olan remenlə qızı boğub. Demək ki, hazırlıqlı gəlib...”O saatda siz evinizdə idiniz?- Bəli, evdə idim.Bəs heç nə eşitmədiz, səs-küy, qışqırıq, kömək-filan?- Yox, heç səs gəlməyib.“İkimizi də bir yerdə basdırın...”Hadisə baş verəndən bir neçə saat sonra Zəhraının sinif rəhbəri anasının gəlmədiyini görüb, birlikdə onların evinə yollanıb. Ev sahibi deyir ki, əvvəlcə Zəhra, dalınca isə müəllimə ilə özü evə girib. Sadəcə, müəllimə döşəmədə qanı görən kimi uşağı çölə çıxarıb: “Vəziyyəti o dədiqə başa düşüb, evdən çıxdıq. Müəllimə Zəhranı götürüb məktəbə direktorun yanına qayıtdı. Mən də dərhal polisə xəbər verdim”.Qadının dediyinə görə, əslində evdə gördükləri qan izləri Zülfiyyəyə aid olmayıb. Sən demə Paşa Cəbrayılov Zülfiyyəni qətlə yetirməmişdən öncə öz biləyini kəsib. Sözdə o da ölmək istəyib. Hətta hadisədən sonra oğlanın məktubu da tapılıb- “İkimizi də bir yerdə basdırın...” Ev sahibi: “Heç bilmirəm o evə necə girəcəm. Düşünəndə dəli oluram. Üstəlik, mətbuatda yazılıb ki, guya qatil özü gedib polis bölməsinə, təslim olub. Yalandır, polislər onu Sabirabadda tutublar. Vicdansıza bax, mənlə qarşı-qarşıya gəldi, salamlaşıb keçdi. Nə biləydim axı... ”Bu arada Zülfiyyənin qətlə yetirildiyi evdə Zəhranın yazdığı məktubların da çıxdığı deyilir. Zülfiyyə bəzi gecələr evdə olmayanda Zəhra ac qalırmış. Ac yatdığını isə vərəqə köçürürmüş. “Ana, bilirsən, bu gün yeməyə çörək tapmadım, ac yatdım”. Ev sahibi bunu təkzib etsə də, hadisə şahidləri iddia edirlər ki, uşağın belə məktubları həqiqətən də olub.Onu da öyrəndik ki, Zülfiyyənin iki bacısından başqa həyatda heç kimi yoxdu. Olaydan sonra Zülfiyyənin azyaşlı qızını xalalarının evinə aparıblar. Gözüyaşlı, talesiz və kimsəsiz qızcığaz ana həsrəti ilə illərini vərəqləyəcək. Balaca qızını nakam tərk etmiş ana isə beləcə, Zəhranın aqibətindən nigaran qalacaq... Çox uzaqlarda Zəhra üçün döyünən ürək, coşan qanı var. Görən, bu ruh dilə gələcəkmi?Alçina Amilqızı
- Ana səhifə
- Kriminal
- Sevgilisi tərəfindən öldürülən qadının acı hekayəti
Sevgilisi tərəfindən öldürülən qadının acı hekayəti
Bu bölmədən digər xəbərlər
- 305 vəzifəli şəxsə cinayət işi Tarix 18 Yanvar, 11:05
- "Oğru”lar niyə Türkiyəyə toplaşır? Tarix 4 Noyabr, 20:17
- Cinayət və cəza Tarix 27 Oktyabr, 19:26
- Telman İsmayılov bazar üçün adam öldürtdürüb Tarix 30 Sentyabr, 19:08
- Bazar "razborka”sından ailə dramına Tarix 2 Avqust, 19:18
- Rövşən Lənkəranskinin sərvəti Lotu Quliyə qaldı Tarix 5 Noyabr, 19:34
- Azərbaycan uşaqlarının şok cinayətləri Tarix 16 Oktyabr, 21:30
- Azərbaycanlı “qanuni oğru”ların düşməni cinayət aləminin lideri elan edildi Tarix 14 Oktyabr, 19:35
- Qaxda 58 nəfər dindar saxlanıldı Tarix 30 Mart, 20:51
- Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 80 nəfər yaralanıb Tarix 29 Mart, 21:31
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi