Son zamanlar avtoritetlər məskunlaşmaq, biznes qurmaq üçün Türkiyəni seçirlər. Əvvəllər isə kriminal avtoritetlər məskən olaraq Rusiya, Ukrayna və Dubaya üstünlük verirdilər. Bəllidir ki, kriminal avtoritetlər fərqli prinsiplərlə yaşayan və bu prinsiplər uğrunda mübarizə aparan insanlardır. Cinayət aləmində "qanuni oğru” və "lotu” statusu daşıyan adamlar cinayət aləmini nəzarətdə saxlayırlar. Sirr deyil ki, kriminal aləm və onların liderləri sadə insanlar tərəfindən maraq doğurur. Ekspertlərin fikrincə, bunun səbəbi ədalət axtarışıdır.
Avtoritetlər Türkiyəyə niyə axışır?
Son zamanlar Türkiyədə xeyli sayda kriminal avtoritetlərin yerləşməsinə dair məlumatlar dolaşır. Bu aləmin "qəhrəman”ları qardaş ölkədə geniş sferada biznes quraraq, məskən kimi də bu ölkəni seçirlər. Amma niyə bu ölkə, bəlli deyil. Kriminalist və hüquqşünas Mahmud Hacıyev "Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyədə də, Rusiyada da, Dubayda da kifayət sayda kriminal avtoritetlər var:
"Sadəcə, Dubayda qanunlar elədir ki, nəzarət güclüdür. Avtoritetlər orada az müddətə qalırlar. Qafqaza yaxın ölkələr Rusiya və Türkiyədir. Hər iki ölkədə də kifayət qədər kriminal avtoritetlər məskunlaşıb. Son vaxtlar olaylar Türkiyədə baş verir. Rövşən Lənkəranski də Türkiyədə qətlə yetirildi. Ona görə də fikirlər Türkiyəyə cəmləndi. Amma buna əsaslanıb demək olmaz ki, avtoritetlərin çoxusu Türkiyədə məskunlaşıb. Onlar hər yerə yayılıblar. Qafqazın avtoritetləri, yəni azərbaycanlılar, gürcülər, ermənilər də yaxın ölkələr haradırsa, orada məskən salırlar. Rusiya böyük ölkədir. Bu başından o başına təyyarə bir sutkaya gedir. Xabarovskdan tutmuş Moskvaya, Sankt-Peterburqa qədər avtoritetlərlə doludur. Onlar məskən saldıqları ölkələrdə də bizneslərini qururlar”.
Kriminalist qeyd edib ki, kriminal avtoritetlər də vətəndaşdır və həbsdən sonra normal həyatlarına davam edirlər:
"Onlar məhbus həyatı yaşayıb çıxandan sonra hər birimiz kimi sıravi vətəndaş sayılırlar. Əməlində cinayət tərkibi yoxdur və axtarışda deyillər. Onlar biznes və fəaliyyətlərini müxtəlif istiqamətdə də qura bilərlər. Sadəcə olaraq onların başında "krişalar”ı və kifayət qədər imkanları olur, bəzi yerlərdən haqq alırlar. Ona görə də rahatlıqla biznes qura bilirlər. Həmin biznes, pay onundur, sadəcə, bunu öz adına deyil, başqasının adına qura bilir. Məmurlar da biznesi öz adlarına qurmurlar”. Ekspert bir sıra dövlətlərin kriminal avtoritetlərdən məqsədli istifadəsi məsələsinə də toxunub: "Kriminal aləmin özünün də çox güclü informasiya kanalları var. Avtoritetlərin hansısa biri hansısa dövlətə işləyirsə, bunun qarşısını alırlar. Avtoritetlər bəzən o qədər hörmət qazanırlar ki, hər yerə nüfuz etməyə çalışır və bəzən bunu bacarırlar. Hikmət postsovet məkanında bir nömrəli "qanuni oğru” idi”.
Bəzən yazılmamış qanunlar yazılmış qanunlardan üstün olur
Mahmud Hacıyev əlavə edib ki, kriminal aləmdə müxtəlif qruplaşmalar olur. Hər kriminal avtoritet qrupun özünün də rəhbəri olur:
"Onlar öz qruplaşmalarına rəhbərlik edirlər. Kriminal aləmin özünün yazılmamış qanunları var. Elə məqamlar olur ki, o yazılmamış qanunlar bizim yazılmış qanunlardan üstün olur. Yazılmamış qanunlarla onlar elə bir hərəkət edirlər ki, bunlar yazılmış qanunlarda yoxdur. Ömür boyu dünya həm yazılmış, həm də yazılmamış qanunlarla idarə olunur. Bundan sonra da belə davam edəcək”.
Alçina Amilqızı