Yuxarı

Tarixi dəyişdirən qadınlar

Tarixi dəyişdirən qadınlar

Tarixin bir çox dönəmində, elə günümüzdə də ictimai-siyasi proseslərdə qadınların fəaliyyətlərinə qoyulan məhdudiyyətlər, cəmiyyətlərdə onlara qarşı aşağılayıcı bir münasibət formalaşdırıb.Təzyiqçi baxışlar onlarla kölə kimi davranılmasına yol açdı.Hətta, bir sıra ölkələrdə ağır zorakılıqlara məruz qalan və bütün haqlardan məhrum edilmiş qadınlar fahişəliyə məcbur edilirdilər.Baş verənlər dünya miqyasında qadınlar arasında ayaqlanmalara yol açdı."Dünya kişinin evi, ev qadının dünyası olmalıdır”, mühakimələrinə qarşı Klara Setkin kimi qadınların öndərliyində inqilab başlamışdı.

Setkinin inqilabınadək dünyada hökm sürən kişi hegemoniyasının ağır şərtləri zərif cinsin nümayəndələri üçün dözülməz idi. Qadın birmənalı şəkildə evə zəncirlənmişdi.İbtidai düşüncələr qadınlara bu buxovu qırmağa heç bir imkan vermirdi.Ənənələr və dinlər də buxovu daha da sıxırdı.Qadına "Şeytanın qulluçqusu” damğası vurulmuşdu.Bununla qadına mühakiməsiz kişiyə itaət etmək günah donu geyindirilmişdi.Lakin Klara Setkinin inqilabı və bundan sonrakı dönəmlərdə qadınların dünyanın ayrı-ayrı ölkələrində baş verən ictimai-siyasi proseslərin mərkəzlərində oynadıqları həlledici rollar da vardı ki, uzun müddət bu faktlar tarixin arxivlərində gizli saxlanıldı.Məsələn, inqilablardan danışılanda daha çox çe Gevara, Fidel Kastro, Lenin və digərlərinin adları çəkilir.Lakin bir çox qadın da var ki, bunlar yeni ideologiyaların çiçəklənməsində, inqilabın qalibiyyət kürsüsünə çıxarılmasında müstəsna əhəmiyyətə malikdirlər.Tarix boyunca inqilablara qatılmış və bu proseslərdə həyati rolları üzərlərinə götürmüş qadınların sayı kifayət qədərdir.Zərif cinsin bu nümayəndələri inqilabların ən qaynar nöqtələrində mübarizə aparıblar."Cümhuriyət” qəzeti tarixin istiqamətini dəyişən inqilabların qadın iştirakçılarını təqdim edir.

Konstansa Markeviç: Konstansa Markeviç (əsl adı Qor Bats) Sinn Feyn və Fianna Fayl hərəkatlarında siyasi fəaliyyəti ilə öz həmcinsləri arasında seçilən inqilabçı, millətçi, eyni zamanda sosialist və irland əsilli ingilis qrafinyası idi. Liderlərindən biri olduğu Paskal qiyamı da daxil olmaqla, İrlandiyanın müstəqilliyi uğrunda bütün mübarizələrin içində yer alıb.Qiyamda təslim olmaq məcburiyyətində qalanda ingilis hərbçini yaralamışdı.Qiyamdan sonra həbsxanada təkkameralı otağa salınan 72 nəfər arasında yeganə qadın o idi.Edam cəzasına məhkum edildi, lakin qadın olduğu üçün əfv olundu. Məhkəmədə dövlət ittihamçısı Konstansa haqqında "Mən zavallı qadınam, bir qadını öldürə bilməzsiniz”, iddiasını irəli sürərək, onun bağışlanması üçün yalvardığını dedi. Lakin arxivdən çıxarılan əsl ifadəsi "Kaş ki, siz məni vura biləcək qədər ədalətli olaydınız”, şəklindədir.Konstansa dünyanın ilk qadın nazirlərindən biri olub.1919-1922-ci illərdə İrlandiyanın məşğulluq naziri postunu tutub. O, eyni zamanda, İngiltərənin İctimai Palatasına üzv seçilən ilk qadındır. Lakin 1918-ci ildə Sinn Feyn Təşkilatının seçdiyi xəttə uyğun olaraq bu postdan imtina etdi.

Petra Errera: Meksika inqilabında "soldaderas” adlandırılan qadın hərbçilər tez-tez cinsi zorakılığa məruz qalmalarına baxmayaraq, kişilərlə birlikdə döyüşlərə qatılırdılar. Ən tanınmış "soldaderas”lardən biri olan Petra Errera cinsiyyətini gizlədərək, Pedro Errera adıyla döyüşüb.Bu adla (bir neçə körpü partlatmışdı) liderlik səviyyəsinə yüksəldikdən sonra cinsiyyətini açıqlamışdı. 1914-cü ilin may ayının 30-da 400 qadınla birlikdə İkinci Torren döyüşlərinə qatılaraq, öz adı ətrafında geniş müzakirələr açmışdı. Lakin Panço Villa qalibiyyətinin qadınların adına yazılmasını istəmirdi və Erreranın fəaliyyətini lazımınca qiymətləndirmədi. Petra buna etiraz olaraq, Villa ordusundan imtina etdi, ancaq qadınlardan ibarət hərbi birləşmə quraraq mübarizəyə davam edib.

Nyanyeruva: İqbo qəbiləsindən olan nigeriyalı Nyanyeruva müstəmləkəçilik dönəmində Qərbi Afrikadakı ingilislərin müstəmləkəçi rejiminə qarşı ilk mübarizə kimi tarixə düşmüş döyüşləri başladan qadındır. 1929-cu ilin noyabr ayının 18-də Nyanyeruva dövlət məmuru Mark Emereva ona "”Keçilərini, qoyunlarını və insanları say”, deyəndə buna qarşı çıxdı. Bu, dövlətin ondan vergi alacağı mənasını verirdi.Həmin dönəmin adətlərinə görə qadınlardan vergi alınmırdı.Nyanyeruva məsələni digər qadınlarla müzakirəyə çıxardı.Nəticədə iki ay davam edən və tarixə Qadınların Müharibəsi adı ilə yazılmış etiraz aksiyaları başladı.25 min qadın bu nümayişlərə qatıldı.Yeni ortaya çıxmış vergilərə və ingilislər tərəfindən təyin edilən hökumətə etiraz edildi.Beləliklə, hökumət qadınlara güzəştə getməyə məcbur oldu, ingilislər vergi planlarını geri çəkdilər, yüksək vəzifəli hökumət adamları istefaya göndərildi.

Lakşmi Şeqal: Xalq arasında "Komandan Lakşmi” kimi tanınan Lakşmi Şeqal Hindistan müstəqillik hərəkatının inqilabçılarından biri olub. Hindistan Xalq Ordusunun hərbçilərindən biri olan Lakşmi, eyni zamanda, Hindistan Qadın Nazirliyinin başçısı postunu tutub.1940-cı illərdə Hindistanda ingilislər tərəfindən qurulmuş müstəmləkəçi hökuməti devirmək üçün qurulmuş qadınlardan ibarət "Yansi Kraliçası” adlı alayın komandanı idi."Yansi Kraliçası” İkinci Dünya Müharibəsinə qatılan hərbi birləşmələr içində yalnız qadınlardan qurulmuş azsaylı bölmələrdən biri idi. O, özünə "Lakşmi” adını Hindistan tarixində məşhur olan digər qadın inqilabçı, 1857-ci il üsyanının öndə gələn adlarından biri olan Rani Lakşmidən götürmüşdü.

Nadejda Krupskaya: Əksəriyyət insan Nadejda Krupskayanı yalnız Bolşevik inqilabının lideri Vladimir Leninin həyat yoldaşı kimi tanıyır. Lakin Nadejda, eyni zamanda, bolşevik inqilabçı və siyasətçi idi. 1929-1939-cu illər tarixində SSRİ-nin təhsil naziri postundan tutmuş, bu sahədə bir çox yüksək vəzifələri icra edib.İnqilabdan əvvəl qitə miqyasında əksəriyyəti şifrəylə yazılan məktubların paylanılması işini həyata keçirən "İskra” qrupunda katibə kimi fəaliyyət göstərib.İnqilabdan sonra həyatını yeni kitabxanaların qurulması və təhsil işlərinə həsr etdi.

Blanka Kanalez: Blanka Kanalez Puerto-Riko Millətçi Partiyasının qadın qolu olan Azadlığın Qızları Təşkilatının qurucularından biri olan millətçi idi. Yayuya qiyamı kimi tanınan, ABŞ-a qarşı başlamış üsyana liderlik edən bir neçə qadının arasında o da vardı.1948-ci ildə "Tıxac Qanunu”, yaxud, "53 nömrəli Qanun” adlı, dönəmin bütün qanunlarına qadağa qoya biləcək qanun imzalandı.Qanun hökumətə qarşı olan bütün fəaliyyətlər, mətbuatda tənqidi materialların dərc olunmasını, satışını, nümayişini qadağan edirdi və bu, qanunu pozanlara ağır cəzanın verilməsini də tələb edirdi. Millətçi qruplar hökumətin bu qərarına qarşı inqilaba başlamaq qərarı verdi. 1950-ci ilin oktyabr ayının 30-da Blanka və yoldaşları onun evindəki silahları götürərək Yayuya şəhərinə girdilər və polis idarəsini ələ keçirdilər.Qanuna etiraz olaraq, poçtu yandırdılar, telefon xətlərini kəsdilər və hər yerə Puerto-Rikonun bayraqlarını asdılar.Lakin ABŞ prezidenti bu ölkədə komendant saatı elan edərək, hava hücumlarına başladı. Millətçilər yalnız 3 gün tab gətirə bildilər, ələ keçirilən qiyamçılar ömürlük həbs cəzasına məhkum edildilər. Yayuya şəhərinə ağır zərər dəydi və ABŞ hökumətinin bu hadisəni gizlətmək səylərinə baxmayaraq, bir sıra media qurumları baş verənləri dünyaya çatdırdılar.Hətta, Amerika prezidenti də bunun üsyan yox, Puerto-Riko cəmiyyəti daxilində yaranmış problem olduğunu iddia etdi.

Ayna Sultanova: Ayna Sultanova Azərbaycan tarixinin ilk qadın naziri, sosialist inqilabçı olub. Azərbaycan Xalq Cümhuriyyətini devirməyə çalışan bolşeviklərlə əməkdaşlıq edib.Azərbaycanda Sovet rejiminin qurulması üçün fəaliyyət göstərib.Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görür və SSRİ lideri Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya gedir, lakin vağzalda həbs olunur.Bakıya gətirilən Ayna Sultanova SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnmə cəzasına məhkum edilib.İstintaq zamanı ağır işgəncə və təhqirlərə məruz qalıb.1938-ci ildə qardaşı və həyat yoldaşı ilə birlikdə xalq düşməni kimi güllələnib.
Çeliya Sançez: Kuba inqilabı daha çox Fidel Kastro və Ernesto çe Gevaranın adı ilə tanınır, çox az adam Kamilo Senfueqos kimi Çeliya Sançezi də tanımır. Sançez Kuba inqilabının mərkəzində döyüşən qadındır.Bir sıra əhəmiyyətli qərarların onun tərəfindən verildiyi iddiası da var. 1952-ci ilin mart ayının 10-da dövlət çevrilişinə cəhddən sonra Batista hökumətinə qarşı başlayan mübarizəyə qatılıb.26 İyul Hərəkatının qurucusudur, inqilab boyunca bir çox döyüş birliklərinin lideri olub. Hətta, Batista rejiminin devrilməsi üçün həyata keçirilən Qranma döyüşlərinin ssenarisini o hazırlamış və Fidel Kastronun liderliyindəki 82 nəfərin Meksikadan Kubaya keçidini və bu döyüşlərə qatılmasını o təşkil etmişdi. Çeliya inqilabdan sonra da ölümünədək Kastronun yanında qaldı.

Katlin Nel Klaver: Nel Klaver 1966-cı ildə ABŞ-da qurulmuş marksist-leninist Qara Panter Partiyasının üzvü və bu təşkilatın qərarverici şəxslərindən biri olan ilk qadın idi. Partiyanın mətbuat katibi işini icra edib.Eyni zamanda, partiyanın həbsdəki rəsmilərindən biri Hey Nyutonun azad edilməsi üçün başladılmış kampaniyanın təşkilatçılarından biri idi.Qara Panterdə kişilərin üstün rola sahib olmaları iddiasının əksinə olaraq Klaver, Angela Devis kimi üzvlər və digər qadınlar partiyanın üçdə iki hissəsini təşkil edirdilər.

Əsma Məhfuz: Əsma Məhfuz dövrümüzün inqilabçısıdır. 2011-ci ilin yanvar ayında Təhrir Meydanındakı çıxışı ilə Misirdəki inqilabı qızışdıran müraciəti ilə tanınır.Misir inqilabının liderlərindən biri kimi qəbul edilən Əsma Məhfuz Misir İnqilabının Gənclik Koalisiyasının tanınmış üzvlərindən biridir.

Sofi Şoll: Alman inqilabçı Sofi Şoll anonim broşür və divar yazıları kampaniyaları ilə Hitler rejiminə qarşı aparılan mübarizələri dəstəkləyən, antifaşist qrupu "Ağ Gül”ün qurucusu idi. 1943-cü ilin fevral ayında Münhen Universitetində broşür paylamaq ittihamı ilə həbs edildi və edam cəzası aldı. Gilyotinlə başı kəsildi.Lakin "Münhen Tələbələrinin Manifesti” adlandırılan broşürlərin nüsxələri Almaniyadan kənara çıxarıldı. Həmin il müttəfiqlər Hitler Almaniyasına qarşı iri miqyaslı hücumlara başladılar.

Vilma Espin: Vilma Luçila Espin Gillis kubalı inqilabçı, feminist, kimya mühəndisi, hazırkı Kuba lideri Raul Kastronun həyat yoldaşı idi. Amerikada təhsil alan Vilma Havanaya qayıtdıqdan sonra inqilabçı Frank Paysla tanış olur və inqilaba qoşulur. Orint şəhərində baş verən qiyamın liderliyini o etmişdi.Həmin dönəmdə Meksikada olan Fidel Kastro ilə Kubadakı qruplar arasında rabitə əlaqəsini təmin edirdi. Raul Kastro ilə də Meksikada tanış olub. 26 İyul Hərəkatı Meksikada olan inqilabçıların Kubaya girmələrini təşkil etdikdən sonra Sierra Maestra dağlarında partizan müharibəsinə qoşulub.İnqilabdakı qadın hərəkatının lideri olub. Kuba inqilabının qələbə qazanmasından bir il sonra - 1959-cu ildə Raul Kastro ilə evlənib. Vilma 1960-2007-ci illərdə Kuba Qadınlar Federasiyasının başçısı olub.Kuba Dövlət Şurası, Kuba Kommunist Partiyası və Siyasi Büronun üzvü idi.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları