Yuxarı

Ölüm anı: İnsanlar ölməkdən niyə qorxur?

Ölüm anı: İnsanlar ölməkdən niyə qorxur?

Ölüm qorxusu insan üçün təbiidir. Hər kəs həyatnın müəyyən dövründə ölüm və ölümdən sonrakı həyat qorxusuyla yaşayır. O, artıq başqa söhbətin mövzusudur ki, kimi bu hisləri büruzə verir, kimlərsə gizlədir. Ancaq hamı üçün ortaq olan bir məqam var- insanlar ölümün təkcə özündən yox, hətta onun barəsində hansısa fikirlərdən belə qorxurlar. 

İnsanlar ölümdən niyə qorxur?

"Cümhuriyət” qəzeti bildirir ki, ABŞ-ın Şimali Korolina Universitetinin mütəxəssislərinin ölümlə bağlı apardıqları araşdırmanın maraqlı nəticələri üzə çıxıb. Araşdırma nəticələrinin yer aldığı hesabatda bildirilir ki, insan üçün təhlükənin gözləntisi bir çox hallarda təhlükənin özündən daha qorxulu olur. Başqa sözlə desək, insanı ölüm özü yox, ölüm qorxusu narahat edir. Ölümə yaxın olan insanlar onu daha asan və rahat qəbul edir, hətta bir çoxlarımız "Filankəs sanki öləcəyini bilirdi, hazırlaşırdı” sözlərini tez-tez eşidirik.Elmi araşdırmalar da sübut edib ki, ölümü uzaq perspektivdə gözləyən insanlar onu ölümə daha yaxın olanlardan çətin qəbul edir. Ölümə yaxın olanlar isə onu daha sakit və həyəcansız qəbul edir, hətta bəzən özlərinə də bəlli olmayan səbəbdən buna pozitiv yanaşırlar. 

Ölümcül xəstələr son günlərini necə yaşayır?

Kurt Grey adlı mütəxəssisin rəhbərliyi ilə aparılan araşdırmada 25 ölümcül xəstə və 50 sağlam adamın emosiyaları qarşılaşdırılıb. Məlum olub ki, insanları qorxudan ölüm yox, onun yaxınlaşmasıdır. Mütəxəssislər internetdə xərçəng və ya digər ölümcül xəstəliyə tutulanların bloqlarına nəzarət edib. Uzun müddət davam edən nəzarət zamanı həmin xəstələrin özlərini necə apardıqları, davranışları, düşüncələri öyrənilib.

Söhbət sağalmaq imkanı və ümidi olmayan xəstələrdən gedir. Xərçəng xəstəsi olan şəxslər ona görə seçilib ki, bu xəstəliyin hətta ən ağır formasında da xəstələr adətən, psixi funksiyalarını sona qədər qoruyub saxlaya bilirlər. İnternetdə nəzarətə götürülən 25 belə bloqda 2600-dən artıq rəy öyrənilib. Bundan sonra mütəxəssislər 50 sağlam adama müraciət edərək onların düşüncələrini öyrənmək istəyiblər. Sağlam adamlara tapşırılıb ki, sağalmaz xərçəng xəstəliyinə tutulduqlarını düşünüb düşüncələrini təsvir etsinlər. Beləliklə iki qrup- həqiqi xəstələrlə xəstə olduqlarını xəyal edənlərin fikirləri qarşılaşdırılıb. Məlum olub ki, ölümcül xəstələrin yazdıqıları daha çox müsbət emosiyalarla köklənib. Xəstəlik inkişaf etdikcə, bu xəstələrin yazdıqları daha pozitiv xarakter daşımağa başlayıb. Məlum olub ki, ölməyə "namizəd” olanlar ölümü daha sakit qarşılayır və ona hazır olduqlarını hər cümlələri ilə hiss etdirilər. Araşdırma zamanı 150 nəfər sorğuya cəlb edilib və "Həyatnızın son günlərini yaşadığınızı güman edib düşüncələrini necə açıqlayardınız?” sualı ilə onlara müraciət olunub. Bu şəxslərin də son sözləri xəstə olduqlarını xəyal edib düşüncələrini bölüşən şəxslərlə təqribən eyni olub.

"Ölən adamı yox, ətrafını ölümə hazırlamaq lazımdır”

Həmçinin həmin sözlər ölüm kamerasında son saatlarını gözləyən məhbusların son sözləri ilə tutuşdurulub. Məlum olub ki, edama hazırlanan məhbuslar ölümü daha sakit qəbul edir, həyatlarının son saatlarını yaşadıqlarına baxmayaraq, sakitliklərini qoruyur və hətta ölümə hazırlıqlı olurlar. Araşdırmanın rəhbəri Kurt Qreyin sözlərinə görə, bəzən həkimlərin ölümcül xəstəni xilas etməyə yönəlik səyləri həmin xəstənin özünə yox, onun qohum-əqrəbasına lazım olur. Yəni, ölüm ölümə hazırlaşan şəxsin özü üçün yox, onun qohum -əqrabası üçün daha qorxulu olur. Onlar həyatı sevdikləri adamsız təsəvvür edə bilmirlər. Baxmayaraq ki, həmin adam özü həyatının son dönəmlərində artıq ölümə hazırlıqlı olur və onu yaşamağa davam edəcək şəxslərdən daha sakit qarşılayır. Mütəxəssis belə halda ölməyə hazırlaşan şəxsi yox, onun ətrafında bu ölümü dəhşət kimi qəbul edənləri ölümə hazırlamağa vacib hesab edir. Başqa sözlə desək, ölümü çatan adamı sakit buraxmaq üçün ətrafdakıları hazır olmağa çağırır.

Ölümdən sonrakı həyat

Mütəxəssislər bildirir ki, insanlar ölümdən ona görə qorxurlar ki, sonra onları nə gözlədiyini bilmirlər. İnsanları qorxudan məhz bu qeyri-müəyyənlik olur. Ölümdən sonrakı həyat insanı ən çox düşündürən cavabsız suallardan birdir. Dini-fəlsəfi baxışlar bu baxımdan bir-birindən fərqlənsə də, müxtəlif dinlərin daşıyıcıları üçün ölümdən sonrakı həyat barədə təsəvvürlər həm oxşar , həm də fərqlidir. İnanclı insanların bir çoxu ölümdən sonrakı həyata inanır və bunu ölümün heç də qorxulu olmayan tərəfi kimi qəbul edir. Ölümdən sonrakı həyatla bağlı ən çox yayılan fikirlər aşağıdakılardır:

* Ölülərin dirilməsi-İnsanlar Tanrı tərəfindən dirildilərək mükafatlandırılacaq. 

* Reinkarnasiya- İnsan yeni formada dünyaya qayıdacaq, hansısa bitki və ya heyvan kimi həyatına yeni formada davam edəcək.

* İnsanın öldükdən sonra mükafatlandırılması və ya cəzalandırılması. İnsan bu dünyadakı əməllərinə görə o biri dünyada cənnət və ya cəhənnəmlə mükafatlandırılacaq. 

Qeyri-adi hadisə: Öldükdən sonra beyni yaşadı

Kanadada xəstəxanalardan birində reanimasiya həkimləri olduqca maraqlı hadisənin şahidi olub. Onlar 4 terminal mərhələdə (orqanizmin yaşaması ilə ölümü arasında keçid mərhələ) olan pasiyentin dəstək sistemini ayırıb. Onlardan 3-də beyin özünü normal qaydada aparıb və sistem ayrıldıqdan dərhal sonra beynin fəaliyyəti dayanıb. Dördüncü xəstədə isə bunun tam əksi baş verib. Beyin daha 10 dəqiqə 38 saniyə işləyib. Sanki onun beyni dərin yuxuda olub, baxmayaraq ki, bədənində heç bir həyat əlaməti olmayıb. 

Nə təzyiqi olub, nə işığa reaksiya verib, nə döyüntü eşidilib. Buna baxmayaraq beyni reaksiya verib və daha bir neçə dəqiqə belə davam edib. Bundan əvvəl isə sıçanlar üzərində aparılan bu sınaq eyni nəticəni ortaya qoyub. Şərqi  Ontario Universitetinin mütəxəssislərinin həmin hadisələri öyrənərək gəldiyi ümumi qənaətə görə, hər bir şəxsin ölümü unikaldır. Ancaq sözügedən 4 xəstənin ölümdən yarım saat əvvəl və ölümdən 5 dəqiqə sonra çəkilən elektroensefaloqramları oxşar cəhətləri ortaya qoyub. Bu, ölümü adi qaydada gerçəkləşən 3 xəstə ilə bağlı eyni olub. Beyni sistemdən ayrılandan sonra daha 10 dəqiqə 38 saniyə işləyən pasiyentə gəlincə, mütəxəssislər əvvəlcə aparatlaırn doğru işləmədiyini düşünüblər. Ancaq yoxlama zamanı heç bir nasazlıq müəyyən edilməyib. Həkimlərin bildirdiyinə görə, sistemdən ayrıldıqdan sonra beynin yaşadığı 10 dəqiqəni hələ ki, ölümdən sonrakı həyatın sübutu hesab etmək doğru olmazdı. Ancaq bu, nəyinsə əlamətidir və yekun qərar vermək üçün bir neçə bunabənzər hadisənin baş verməsi və öyrənilməsi lazımdır. 

Ölüm anında gördüyümüz "kino” 

Bəzi düşüncələrə görə, ölümdən əvvəl insanın bütün həyatı lent kimi gözləri önündən keçir. Bu nədir? Yaxşı əzbərlənmiş və heç bir təsdiqi olmayan (ölülər danışmır- müəllif) söz, Hollivud filmlərindəki səhnə, yoxsa az öyrənilən fizioloji qabiliyyət? Bu məsələni aydınlaşdırmaq üçün İsrail alimləri xeyli zəhmət çəkib. Haddas Universitetinin bir qrup alimi bu məsələni araşdırmaq qərarına gəlib. Qrup az qala "o biri dünyadan qayıdan” bir neçə nəfər üzərində uzunmüddətli araşdırma aparıb. 200-ə yaxın belə adam seçilib və onlara ayrı-ayrılıqda, bir-birinin varlığından xəbərsiz verilən sualların cavabları tutuşdurulub. Ortaya olduqca maraqlı nəticələr çıxıb. 
(Ardı var)

Sevil Ağazadə






Həftənin ən çox oxunanları