Yuxarı

ABŞ-da qalmaqallı seçki: İşə hərbçilər qarışa bilər

ABŞ-da qalmaqallı seçki: İşə hərbçilər qarışa bilər

ABŞ-da qalmaqallı seçki: İşə hərbçilər qarışa bilər

ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Cozef Bayden qələbəyə çox yaxındır.

Lakin onun respublikaçı namizədi, hazırkı prezident Donald Tramp məğlubiyyəti ilə barışmaq istəmir. Daha doğrusu, D.Tramp səsvermənin nəticələrini şübhə altına alır. Ona görə də Ağ Evin rəhbəri Ali Məhkəməyə müraciət edəcəyini bildirib. O, rəqibi Baydenin seçkiləri saxtalaşdırmaqda ittiham edir. Eyni zamanda, Tramp səslərin yenidən sayılmasını tələb edir. Bayden isə Trampın bu mövqeyini qeyri-ciddi sayaraq, seçkini siyasi düşmənçiliyə çevirməməyə, hamını Amerikanın maraqları naminə birləşməyə çağırıb. Buna baxmayaraq, seçkilərdə siyasi qütbləşmə özünü açıq göstərir. Bir tərəfdə Baydenin fəal kəsimini afroamerikalılar təşkil edən elektorat dayanırsa, Trampın düşərgəsini əsasən rasizmə və ultramühafizəkar baxışlara malik seçicilər təşkil edir. Bu isə ABŞ-da öncədən proqnozlaşdırıldığı kimi iğtişaşlara səbəb olub. Trampın hələ səsvermə prosesi başa çatmamış özünü qalib elan etməsi ölkədə kütləvi etirazların baş qaldırmasında qığılcım rolu oynadı. Portland, Vaşinqton, Nyu-York, Los-Anceles şəhərlərində, Filadelfiya ştatında polislə baş verən toqquşmalarda xeyli insan xəsarət alıb.

Etirazlar əsasən respublikaçılar və Tramp əleyhinə xarakter alıb. "The New York Times” qəzetinin yazdığına görə, Trampı dəstəkləyən bir kişi etirazçılardan birini döyüşə çağırıb.Trampın seçkilərin nəticələri qəbul etməməsi ölkədə siyasi qarşıdurmanın miqyasının böyüməsinə səbəb ola bilər. Əgər Tramp məğlubiyyəti qəbul edib Ağ Evi tərk etmək istəməsə ABŞ tarixində ilk dəfə olaraq ən böyük seçki böhranı yaşanacaq. Qeyd edək ki, ABŞ-da koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, ən böyük seçici fəallığı qeydə alınıb. 150 milyondan artıq insan səsvermədə iştirak edib. Bu, ölkədə seçki sonrası qarşıdurmanı körükləyən əsas amillərdən birini təşkil edir.

Yəni amerikalılar hansı namizədi dəstəkləməsindən asılı olmayaraq öz səslərinin müdafiəsi uğrunda etirazlara qalxıb. ABŞ-da prezidenti bir qayda olaraq, Nümayəndələr Kollegiyası seçdiyindən bundan əvvəlki seçkilərdə seçici passivliyi müşahidə olunurdu. Ancaq bu il müşahidə olunan seçici fəallığı nəticələrin mübahisələndirilməsi üçün namizədlərə şərait yaradır. Siyasi müşahidəçilərin fikrincə, etirazların baş verməsinin digər səbəbi Trampın nəticələrə şübhəli yanaşmasında deyil, daha çox ABŞ-ın seçki sistemindəki boşluqlarla bağlıdır. Bu problem isə son 20 ildə ABŞ-da özünün daha çox göstərir. Yəni Konqresə seçkilər birbaşa səsvermə yolu ilə keçirildiyindən səslərin itməsindən danışmaq mümkün deyil. Lakin prezidenti seçicilərin səs əsasında Nümayəndələr Kollegiyası seçir. Bu zaman namizədlərin topladığı bal seçicilərin verdiyi səslərin sayı ilə uyğun gəlmir. Yəni burada xüsusi əmsal sistemi təbiq olunur. Seçicilər isə "Bəs bizim verdiyimiz səslər sayılmadı?” sualını verirlər. Qeyd edilən problem özünü ilk dəfə 2000-ci ildə keçirilən prezident seçkilərində göstərib.

Respublikaçı Corc Buş demokrat Al Qora 387 səs fərqi ilə qalib gəlib. Həmin vaxt Al Qor seçki məntəqələrində daha çox səs toplasa da Nümayəndələr Kollegiyasında səs çoxluğunu oğul Buş qazanaraq prezident seçilmişdi. İkinci belə hadisə 2016-cı ilin prezident seçkilərində yaşandı. Demokratlar Partiyasının namizədi Hillari Klinton Donald Trampdan 3 milyon seçici səsi artıq qazanmasına baxmayaraq, Nümayəndələr Kollegiyasında 77 səs fərqi ilə məğlub oldu. Sadəcə, həmin vaxt Rusiyanın seçkilərə kibermüdaxilə cəhdləri demokratları məğlubiyyət amilini Putinlə bağlaması üçün tutarlı arqument yaratdı. İndi isə Tramp bir sıra ştatlarda cüzi fərqlə Co Baydendən geri qalır. 46 ştatda isə göstəricilər demək olar bərabərdir. Amma Nümayəndələr Kollegiyasında Bayden prezident seçilməsi üçün ona lazım olan 270 səsə çatdığı halda Tramp 214 balı keçə bilməyib. Əslində, ABŞ-ın seçki sistemini namizədlər özləri də yaxşı bilir. Ona görə də istər Rusiya faktoru, istərsə də Trampın Pensilvaniyada demokratların korrupsiya üsulu ilə seçkiləri saxtalaşdırması kimi ittihamlar daha çox daxili ictimai auditoriyaya hesablanır. Ancaq ölkənin seçki sistemində müəyyən islahatlara ehtiyac amerikalı ekspertlər də etiraf edir.

Yəni seçicilər verdikləri hər bir səsin tamamilə nəzərə alınması tələb edir. Nümayəndələr Kollegiyası isə əvvəlki seçki sisteminin dəyişməsini ABŞ-ın konstitusion quruluşuna zidd hesab edir. Belə hallarda ABŞ qanunvericiliyinə görə, mübahisəli məqamlar məhkəmə qaydasında həll olunmalıdır. Corc Buş və Al Qor arasındakı mübahisə ilə bağlı yekun qərarı məhkəmə vermişdi. Əgər prezidentin saxta yolla seçildiyi sonradan isbat olunarsa, Konqres ona qarşı impiçment elan edə bilər. Ancaq 2016-cı ildən etibarən yeni situasiya meydana çıxdı. Trampın prezident seçilməsinə etiraz edənlər kütləvi etiraz aksiyaları baş qaldırdı. Hətta etirazçılar Trampın inauqurasiyasından sonra yolu bağlayaraq Ağ Evə getməsinə mane olmağa çalışırdılar. Builki seçkilərdə isə etiraz aksiyalarının daha ciddi şəkil aldığını və ölkədə siyasi qütbləşməyə gətirib çıxartdığını görmək olar.

Bəzi ekspertlər hesab edir ki, bu yalnız seçki sistemindəki boşluqlarla deyil, Trampın hakimiyyəti dövründə ABŞ-da mühafizəkarlığın və rasizmin artması ilə bağlıdır. Bu isə artıq qlobalistlərlə ultramühafizəkarların toqquşması deməkdir. Bu baxımdan, Tramp son illər sayı artmaqda olan sabit elektoratına güvənir. Tramp hakimiyyətdən getsə belə, mühafizəkar respublikaçılardan daha radikal olan həmin elektorat növbəti seçkilərdə yeni liderlə çıxış edə bilər. Bu isə respublikaçıların elektoratı üçün potensial təhlükə deməkdir. Baydenin seçkilərdə qələbəsini təmin edən əsas amillərdən biri də məhz Trampın irqçi baxışlarını bəyənməyən respublikaçıların dəstəyini qazanması olub. Bu özünü 24 ildən sonra demokratların ilk dəfə Arizona ştatında qələbə çalmasında göstərib. Radiakalların geri çəkilmək istəməməsi və hətta Trampın səsləri yenidən saymaq təklifi ölkədə siyasi hərarəti artırır. ABŞ qanunvericiliyinə görə, namizədlərin topladığı səslər arasındakı fərq 1 faizdən az olduqda səslər yenidən sayıla bilər. Ancaq Trampın 150 milyon seçicinin səsləri yenidən saymaq təklifi təbii ki, Bayden tərəfdarlarının ayağa qalxmasına şərait yaratdı. Əslində, hər iki namizəd ABŞ-ın özünəməxsus, oturuşmuş seçki sisteminin qaydaları ilə barışmalı olacağını anlayır. Mübahisə uzanarsa, son qərarı məhkəmə verə bilər. Sadəcə olaraq, Tramp çox güman ki, ABŞ-ın seçki sisteminin zədələndiyini dilə gətirməklə çox güman ki, 2016-cı ildə Rusiyanın dəstəyi sayəsində prezident seçildiyinə dair şübhələri üzərindən qaldırmağa çalışır. ABŞ qanunlarına görə, məğlub olmuş namizədin Ağ Evi tərk etməmək və ya qalib kimi oraya daxil olmaq cəhdələri olarsa, bu zaman silahlı qüvvələri vəziyyətə müdaxilə edir. Yəni Tramp Baydenin qələbəsini tanımadığını bəyan edib Ağ Evi tərk etməsə, hərbçilər onu məcburi şəkildə oradan çıxarıb uzaqlaşdıra bilər. Bu baxımdan, etiraz aksiyaları yolu ilə nəticələri dəyişməyə ehtiyac qalmır. Lakin səsvermənin nəticələrin in şübhə altına alınması iğtişaşların bir müddət artan xətt üzrə getməsinə səbəb olacaq. Polisin nümayişə çıxan seçicilərə zor tətbiq etməsi isə Trampın hakimiyyətdə məcburən qalmaq istədiyi barədə Amerika cəmiyyətində təsəvvürləri gücləndirir. Bu isə Baydenlə rəqabətdə onun əleyhinə işləyən amildir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları