Yuxarı

Belarusun şübhəli Qarabağ susqunluğu: Minski çəkindirən nədir?

Belarusun şübhəli Qarabağ susqunluğu: Minski çəkindirən nədir?

Belarusun şübhəli Qarabağ susqunluğu: Minski çəkindirən nədir?

Azərbaycanla Belarus arasında hər zaman yaxın dostluq munasibətləri olub.

Belarus Prezidenti Aleksandr Lukaşenko istər beynəlxalq təşkilatlar qarşısında, istərsə də Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatında(KTMT) Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycan da Belarusun çətin günlərində ona kömək əlini uzadıb. Aleksandr Lukaşenkonun öz təbirincə desək, heç kəs ona kredit verməyəndə, Azərbaycan ona 1 milyon faizsiz kredit verdi.

Lakin hazırda Azərbaycan işğal altında olan torpaqlarını azad edərkən Beelarus siyasətində ikili mövqe özünü büruzə verir. Belarusun bu mövqeyi isə heç də doğru hesab oluna bilməz.

Bəs Belarusu buna nə məcbur edir?

Politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Belarusun Azrbaycana qarşı hazırkı mövqeyi Moskvanın tələbi ilə baş verir:

"Hesab edirəm ki, bu Moskvanın göstərişidir. Çünki daxildə baş verən problemlər Lukaşenkonu məcbur edir ki, Putinə müraciət etsin. Putin də həm "ALFA” qrupunun üzvlərini, həm də ordunu Belarusun sərhəddinə yığmaqla əhalinin psixologiyasına xeyli dərəcədə təsir edib. Bu da Lukaşenkonun hakimiyyətdə xeyli dərəcədə möhkəmlənməsinə təsir göstərdi. Bu gün Belarusun mövqeyində şişirdiləcək dərəcədə dəyişiklik var. Məsələn, bir misal çəkəcəm: Kollektiv Təhlükəsizlik Müqaviləsinin(KTMT) Baş katibi general- mayor Stanislav Zas əslən belarusludur. O, 27 sentyabrdan bir müddət sonra bəyanat yayaraq Azərbaycan xalqının vicdanlı, tolerant, verdiyi sözə əməl edən olduğunu və bu baxımdan da atəşkəs barədə əldə edilmiş razılaşmanı pozmayacağına əminliyini bildirmişdi. Lakin onun bu bəyanatı Putinin xoşuna gəlməmişdi. Bu bəyanat nəşriyyatda dərc dildikdən sonra Lukaşenko dərhal Zası çağırıb, onunla söhbət etmişdi. Həmin söhbətdən bir gün keçməmiş Zas yeni bəyanat yaydı. Yəni iki bəyanat arasında heç 3 günlük zaman məsafəsi olmadı. General-mayor Zas yeni bəyanatında bildirir ki, Azərbaycan Ermənistanın hərbi obyektlərinə zərbə endirir, onları məhv edir. Bununla əlaqədar olaraq gedən proseslər KTMT-nin gündəmindədir. Yəni göründüyü kimi, proseslər Rusiyadan idarə edilir. Dirijor çubuğu Rusiyanın əlindədir. Kreml insanların müstəqil fikrinə imkan vermir”.

Ekspert hesab edir ki, əgər torpaqlarımız azad olunandan sonra növbəti proseslərdə Belarus hazırkı siyasətini davam etdirərsə, o zaman rəsmi Minsklə rəsmi Bakı arasında münasibətlər soyuya bilər:

"Hələ ki, hər iki tərəf də bunun Rusiyanın diktəsi ilə olduğunu anlayır. Biz Belarusa neft və neft məhsulları ixrac edirik. Belarus çətin durumda olanda, onlara 1 milyon faizsiz kredit vermişik. Yəni aramızda səmimi münasibətlər var. Bu səmimi münasibətlərin arasına girmək istəyənlər var. Hələ ki, torpaqlarımızı azad edirik.

Bütün torpaqlarımız azad edildikdən sonra növbəti proseslər başlanacaq. Bu proseslərdə Lukaşenkonun davranışlarına baxacağıq. Belarusda müxalifət ayağa qalxanda biz Lukaşenkonun mövqeyini birmənalı şəkildə dəstəklədik. Hər halda, yanılsaq da, məsələnin haradan qaynaqlandığını da yaxşı dərk edirik. Belarusla Azərbaycan arasındakı gələcək münasibətlərin hansı müstəvidə davam edəcəyini mövcud proseslərin gedişatı göstərəcək. Əgər bizə qarşı Belarusda xəyanət xarakterli, qərəzli siyasi mövqelər yaranarsa, onda münasibətlərdə bir soyuqluq yarana bilər”.

Əli Bədir





Həftənin ən çox oxunanları