Yuxarı

XALÇALARDA mövcud olan SİRLİ ALƏM

XALÇALARDA mövcud olan SİRLİ ALƏM

  Xalca-Yun-Xovlu-1700-cu-ilXalçaçılıq sənətinin Neolit - Eneolit  dövrlərində formalaşdığını sübut kifayət qədər dəlillər var ki, bu da, bu incəsənət növünün ta qədimdən yüksək inkişaf yolu keçdiyini deməyə əsas verir. Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Çatal - Hüyük abidəsində qazıntılar apararkən kömürləşmiş xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində o, son eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalrının  naxışları ilə tam eyni olduğunu görüb təəccüblənmişdi. Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi. O, tapdığı Son Eneolit - Erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini  görüb son dərəcə heyrətlənmişdi. Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldığı “Qaraqum: Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır: “Eramızdan əvvəl  lll minilliyin ikinci yarısından etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu. Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır.” Sənətşünas alim Kübra Əliyeva yazır ki, hər bir xalqın naxış sənəti nüəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir: “Xalqın mədəniyyəinin əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oynayır. Naxış sənəti xalqın məişəti, ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı, onun fəlsəfi - dini və magik dünyagörüşünü də əks etdirir. Naxış motivləri təkrarlanaraq ritmlər yaradır. Təsadüfi deyil ki, ornament motivlərini ritmlər də adlandırırlar. Bu baxımdan Tunc dövrünə aid keramika məmulatlarının naxışlarının öyrənilməsi böyük önəm daşımaqdadır. Həmin dövrə aid Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları gözdən keçirməklə ornamentlərin xarakterini müəyyənləşdirmək mümkündür. Bu qabların üzərindəki naxışlar içərisində həndəsi fiqurlar: romblar, üçbucaqlılar, latın əlifbasının “S” hərfini və üç rəqəmini xatırladan spiralvari elementlər, spirala çevrilən düz xətlər və sairə geniş yayılmışdır.” Xalça sənətini Azərbaycan üçün əvəzsiz və tükənməz sərvət adlandıran Məmmədhüseyn Hüseynovun sözlərinə görə, tarixi mübarizələrlə dolu keçmişi olan bir xalq maddi-mədəni, mənəviyyat tarixini xalı-xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürüb yaşatmışdır. İbtidai halından tarixin bütün səhifələrində  iştirak edən xalça sənətimiz, oxunması gərək olan, səhifələrinin sayı bilinməyən bir kitabəyə çevrilmişdir:“Öz varlığını təbiətdən, insan zəkasından alan bu sənətin zaman-zaman, pillə-pillə inkişaf edərək böyük rəssamların, sənətkarların təffəkkür süzgəcindən keçib tarixin aynasında, özünü xalq sənətində yaşadaraq inkişaf etmişdir. Əlinə qələm alıb bir xalça əsəri yaratmaq istəyən rəssamın keçirdiyi hisslər, qarşısına qoyduğu ideyalar və toxunacaq xalça layihəsinin hazırlanması, çox böyük zəhmət, bilik və zövq tələb edir. Çünki, xalça sənətinin nəzəriyyəsi mədəniyyətin özünüifadə sistemi olan və nitq kimi struktur açılışa və mənimsənilməyə imkan verən təsvirçiliyin dili haqqında dolğun bir elmi bilikdir”. Alimin fikrincə, ritmik cəhəti qorunan, kanonlu xalça kompozisiyaları öz adını bərpa etməklə, işarəli elementlər və onların qarşılıqlı əlaqələri, rəngli forma təşkilinin, xüsusiyyətləri ilə tanınır. Azərbaycanın hər bir regionu kanonlu xalça kompozisiyalarının tanınan “işarəli elementlərin” müəyyən sayından istifadə edir. Azərbaycan Tunc dövründən təşəkkül tapmış mücərrəd, həndəsi formalı təsvirlərin məhz həmin üslub traktovkasında zəmanəmizədək qorunub saxlandığı məkanlardan biridir. Məhz bu baxımdan Azərbaycan xalçalarında həndəsi formalı ornamentlər özündə gərəkli və aşkar görüntülər yaradan rəmzlər daşımaqdadır. Mütəxəssislər xalça naxışlarının qədim pikoqrafiya və ideoqrafiya nümunələri kimi qiymətli mənbə olduğunu və qədim insanların dünyagörüşü barədə informasiya daşıyıcıları olduğunu qeyd edirlər. Belə hesab edilir ki, hər bir naxış müəyyən bir sözü ifadə edir və bu naxışlar əslində mənaları unudulmuş təsvirli yazılardır. Qədim Azərbaycan türk tarixinin ortaya qoyduğu soy mədəniyyətinin və törə qanunlarının, naxışlardakı gizli və ya aşkar formada görüntüləri yetərincədir. Sənətşünas alim Xədicə Əsədova yazır ki, uzaq keçmişdən bu günədək Azərbaycan dekorativ sənətində təsvir olunan bir çox rəsm və ornament vardır ki, hazırda onlar sırf bəzək xarakteri daşıyırlar. Xalqın həyat tərzi və məişətində xususi rol oynayan bu ornament motivləri əvvəllər rəmzi məna kəsb edirdi... Təsvir olunnmuş rəmzlərin, işarələrin semantik mənasına gəldikdə isə onlar əsasən zənginliyin, bolluğun, baharın, məhəbbətin, diriliyin, şərəfin, qəhrəmanlığın, qələbənin, güc–qüdrətin, odun, alovun, müqəddəsliyin, dini ayinlərin ifadəsidir. Xalça sənətində geniş yayılmış elementlərdən biri də “S”-vari motivlərdir. Bir sıra tədqiqatçılar bu elementin stilizə olunmuş əjdahanın təsviri olması fikrini irəli sürürlər. Digər tədqiqatçıların araşdırmalarında bu cür elementlərin damğa, işarə olması fikri irəli sürülür. Tuncer Gülensoy bu cür elemenitlərin qədim oğuz tayfalarının (Bayandur, İqdır, Kızık və s. boylarının) damğaları olduğunu yazır. Xalı naxışlarının bir zamanlar ideoqrafik yazı nümunələri kimi çıxış etdiyini “Şahla qız” adlı bir Azərbaycan nağılının məzmunu da təsdiq etməkdədir. Həmin nağılda şahın bir qıza aşiq olmasından, qızınsa ona şərt olaraq bir sənət öyrənəcəyi halda ərə gedə biləcəyini söyləməsindən, şahın da xalçaçılıq sənətini öyrənməsindən söz açılır. Bir gün şah əsir düşür. O, əsirlikdə bir xalça toxuyur. Arvadı həmin xalçanın naxışlarını oxuyaraq şahın başına gələnlərdən xəbərdar olur və onun əsir olduğu yeri başa düşür. Bundan sonra şahı əsirlikdən xilas edirlər.Tanınmış qumuq tədqiqatçısı Murad Aci yazır:“Praktik insanlar olan türklər, demə, öz qılınc, dəbilqə və zirehlərini, eləcə də at nəsnələrini bəzəmək xatirinə bəzəmirdilər. Naxış onun sahibinin bu və ya digər soy və ya boya mənsub olduğunu bildirirdi, yəni işarə rolunu oynayırdı. Beləcə soyun birliyi vurğulanmış olurdu. Türklərdə hətta ornamentlər standartlaşdırılırdı. Çünki naxışlar informasiya daşıyıcısı idilər. Bu informasiyanı çox istedadlı və diqqətli adam olan çuvaş alimi Trofimov orijinal yolla və çox uğurla deşifrə edə bilmişdir. O, əcdadlarımızın adətən ornamentlərin köməkliyi ilə söz və   kəlmələri ifadə etdiklərini təsbit etmişdir. Rəssamlar ustalıqla tamğalara naxış şəkli verirdilər. Ukraynalı, kazak və çuvaşların tikmələrini araşdıran Trofimov onları oxudu və gözlənilməz bir nəticəcəyə gəldi: Ən qədim dövrlərdə insanların vizit kartı rolunu məhz naxışlar oynayırdılar. Onlar sadəcə gözəlliyə xidmət etmirdilər, yalnız özünkülərin başa düşəcəyi gizli yazı kimi də çıxış edirdilər.”   Bəxtiyar Tuncay  





Həftənin ən çox oxunanları