Yuxarı

"Bənövşə, bəndə düşə... Adı gözəl Bənövşə"

  benovseVirtual həyat sağlam gələcəyin təməlini laxladır İslam aləminin ən böyük alimlərindən biri hesab edilən Həzrəti Əli deyirdi ki, uşaqlar öz valideynlərindən çox, böyüdüyü zəmanəyə oxşayır.İndi övladlarımız hər gün yeni forması ixtira edilən mobil telefonlar, planşetlər, noutbooklardakı oyunlara o qədər aludə olurlar ki, bəzən düşünürük: “bu oyunlar olmasaydı uşaq nə ilə oynayardı?”. Aludəçiliyin günahkarı bəzən elə valideyn özü olur, çünki uşaqların küçədə oyun oynamasına bir çox valideyn qadağa qoyur. Ümumdünya Sağlamlıq Təşkilatına görə 5-17 yaş arasında olan uşaqların hər gün bir qayda olaraq idmana göndərilməsi, fiziki hərəkətə məcbur edilməsi vacibdir. Fiziki hərəkətə hər şey daxildir – rəqs etmək, kəndirdən atlanmaq, evdə təmizlik işləri görmək və yaxud sadəcə gəzmək.  Həkimlər deyir ki, uşaqlarınıza yaxşılıq edin, onları virtual həyatdan qoparıb küçə oyunlarına yönləndirin, uşaqlar tər içində qalanadək futbol oynasın, velosiped sürsün, yıxılıb dizləri qanayanadək yaşıdları ilə qaçdı-tutdu oynasın. Pediatr Pəri Həsənova deyir ki, sümük sağlamlığı insan həyatını qoruyan ən önəmli faktor olduğu üçün uşaqlarda lap körpə yaşlardan sümüklərin doğru inkişafına diqqət göstərmək vacibdir: “Sümüklər əvvəla orqanların qalxanıdır, onları qoruyur. Əzələləri saxlayan, bizi dik tutan, insan bədəni üçün vacib elementi – kalsiumu özündə cəmləşdirən də sümüklərdir. Sümük insanda 30 yaşınadək inkişafda olur. 30 yaşdan sonra sümüklərdə hər hansı bir problemin olması da o yaşadək doğru inkişaf etmədiyinin, bədənə doğru qulluq edilmədiyinin göstəricisidir. Sümüklərin körpə yaşdan D vitamini ilə qidalandırılması vacib foktordur”. D vitaminin qidalar vasitəsi ilə qəbul edilməsi bir qədər az olduğu üçün alternativ yoldan istifadəni məsləhət görən müsahibimiz uşaqların valideynlərinə məsləhət görür ki, balacaların qidalanmasını düzgün tənzimləməklə və onların açıq havada böyüdülməsi ilə bəzi problemlərin qarşısını almaq olar: “Uşaqlar ən yaxşı D vitaminini balıqdan, yumurtadan, qaraciyərdən, ətdən ala bilər. Amma uşaqlara həddindən ziyadə ət, yumurta yedirtmək düzgün deyil, onlara həftədə 2-3 dəfə yumurta vermək olar. Uşaq orqanizmi hər gün ət qəbul edilməsinə də dözümlü deyil. Bu, həzm sistemində problem yarada bilir. Bəs belə olduğu halda D vitamini necə almalı? Əlbəttə ki, günəşdən.  Uşaqlar üçün günəş şüaları olduqca faydalıdır, təbii ki, qızmar yay günlərində şüaların çox olduğu 12-17 aralığını istisna etməklə”. Həkim deyir ki, hazırda payız fəslində olmağımızın bir üstünlüyü də var ki, bu fəslin günəşi uşaqlara daha çox D vitamini qəbul etməyə imkan yaradır: “Ona görə də övladlarınızı hər gün gəzintiyə çıxarın, şərt deyil harasa xüsusi olaraq hazırlaşasınız, yaşadığınız binanın həyəti də sizin övladınız üçün D vitamini qəbul etməyə kifayət edər. Uşaqların öz yaşıdları ilə qaçması, oyun oynaması, top qovalaması, velosiped sürməsi üçün imkan yaratmağınız onun sağlamlığına böyük bir töhfə verməyiniz deməkdir. Xüsusilə də qeyd edim ki, D vitamini azlığı daha çox 5 yaşınadək olan körpələrdə və 65 yaşdan yuxarı olan ahıllarda rast gəlinir, ona görə də həyət gəzintisinə körpənizi və evinizin yaşlı sakinini də çıxarmağınız məsləhətdir”. Digər müsahibimiz həkim-psixoloq Xatirə Səlimova isə deyir ki, uşaqları böyük şəhərlərin daş səkilərində böyütmək çətindir, amma bunun da bir çarəsi var: “Ola bilsin ona təbii kənd həyatını verə bilmirik, işimiz, həyatımız şəhərdə olduğu üçün onu təbii şəraitdə böyüdə bilmirik, amma uşaqları şəhərdə də təbii həyatla baş-başa qoymaq mümkündür. Düzdür, məkan o qədər də təbii deyil, amma uşaqlar öz yaşıdları ilə oyun oynayanda bu məkan öz əhəmiyyətini itirir, onlar bir-biri ilə uyğunlaşaraq oyunlara adaptasiya olurlar. Uşaqların psixoloji, fiziki inkişafı baxımından küçə oyunları vacibdir. Qoyun qaçsınlar, yıxılsınlar, lap bir yerləri qanaya bilər, təşvişə düşməyin. Siz özünüz fikirləşin, uşaq olanda necə oyunlar oynamısınız? O oyunları uşaqlara öyrədin”. Ümumiyyətlə, uşaqların qaçdı-tutdu, oynaması, ipdən atlaması, top dalınca qaçması onların həzm sisteminə, mədə-bağırsağın düzgün işləməsinə, qan dövranına, nəfəs almasına olduqca müsbət təsir edir. Həkim deyir ki, xüsusilə dərslərini hazırlamazdan və yatmazdan əvvəl uşaqların bu cür oyunlar oynaması daha qənaətbəxşdir: “Uşaqların qrup halında oynaması onların ünsiyyət qurmasına, daha humanist və paylaşan olmasına xidmət edir. Qaçmaq, harasa dırmanmaq, nəsə düzəltmək onların həm zehninə, həm də fiziki inkişafına kömək edir. Cəmiyyət içində necə davramağı da yoldaşları ilə oynayanda öyrənir, özünü ifadə etməyi bacarır”. Yeni nəsil virtual asılılığı davam etdirsə, gələcək böyük təhlükə altındadır. Həm psixoloji, həm də fizioloji olaraq deqradasiya gedəcək, cəmiyyətin sağlam təməli laxlayacaq. Uşaqları hovuz yerinə dənizə, gölə aparın, kompyuter oyunları əvəzinə küçədə beşdaş, çilingağac, bənövşə oynasın, evdə gizlənmək yerinə bayırda qaçıb-yıxılsın, mikroblarla tanış olsun, immun sistemi inkişaf etsin, süni kondisioner havası yerinə həyətdə təmiz havanı tənəffüs etsin, evdə valideynin çəkdiyi siqaretin passiv aludəçisi olmaq yerinə küçədə ağacların tozlarını udsun. Fiziki iş, oyunlar, hərəkət sağlamlıq deməkdir, uşaqlarınızı küçə oyunlarından məhrum etməyin, evdə kompyuter arxasında sağlamlığını itirən uşaqlarınızı küçəyə sağlamlığını bərpa etməyə göndərin. Uşaqlar küçədə fiziki inkişaflarını gücləndirən küçə oyunları oynamalıdır, bu onların gələcəyi üçün çox vacibdir. Elə cəmiyyətimzin gələcəyi üçün də böyük dəstəkdir. Kim istər ki, gələcək laxlayan dirəklər üstündə bərqərar olsun?   Lalə Mehralı





Həftənin ən çox oxunanları