Yuxarı

Duzunuzun yodlu olduğuna əminsinizmi?

Duzunuzun yodlu olduğuna əminsinizmi?

duz

Dünyanın 130 ölkəsində ciddi sağlamlıq problemi hesab edilən yod çatışmazlığı uşaqlarda inkişafı ləngidir, böyüklərdə isə zob və döş xərçənginə səbəb olur. Yod əksikliyi orqanizmdə erkən yaşlarda başlayaraq heç bir əlamət hiss etdirmədən inkişaf edir, zob və qalxanabənzər vəzin xəstəliklərinə səbəb olur.

Qeyd edək ki, başda beyin olmaqla, insan orqanizmi bütün orqanların qaydasında işləməsi, inkişaf etməsi üçün yoda ehtiyac duyur. Xüsusilə hormonların fəaliyyətində əvəzsiz hesab edilən yod orqanizmdə çatışmazsa, ciddi xəstəliklərə yol açır. İnsan orqanizmi yod istehsal edə bilmir, buna görə də kənardan qəbul etməsi vacibdir. Biz adətən yodu duzlardan və yodlu torpaqlarda yetişdirilmiş qidalardan qəbul edirik. Dəniz məhsullarının tərkibində də bol yod var. Orqanizm yod azlığını həzm yolu ilə aradan qaldırmalıdır.

Yod azlığı dünyanın bir çox ölkəsində  sosial və iqtisadi inkişaf üçün ciddi problemlər yaradır. Dünyada 1.5 milyard insan yod çatışmazlığının olduğu riskli bölgələrdə yaşayır. Ümumdünya Səhiyyə Təşkilatına görə orqanizmin gündəlik yod ehtiyacı yaşa görə dəyişir. 0-5 yaş arasında olan uşaqlarda gündəlik  90 mikroqram vacibdirsə, 6-12 yaş arasında bu rəqəm 120 mikroqramadək artır. Böyüklərdə gündəlik yod ehtiyacı 150 mikroqramdır. Həkimlər deyir ki, yod əksikliyi körpələrin inkişafında hələ ana bətnindəykən önəmli rola malikdir. Hazırda dünya əhalisinin 40 faizi yod çatışmazlığından əziyyət çəkir. Yod çatışmazlığını halsızlıq, dəri quruluğu, saç tökülməsi, dərinin sərtləşməsi, qəbzlik, soyuğa dözümsüzlük, menstural tsiklin pozulması, saç və dırnaqlarda qırılmalar, piylənmə, yaddaş problemləri, diqqət pozuqluğu, depressiya, isterik hərəkətlər, ürək və ağcıyər yetməzliyi kimi əlamətlərlə anlamaq olar. Xüsusilə, hamilə və laktasiya dövründəki analarda yod azlığı ciddi problemlərə yol aça bilər. Hamilələrdə yod ehtiyacı iki dəfə artıq olur, əgər anada ciddi yod çatışmazlığı varsa, bu yarımçıq hamiləliyə, erkən doğuşa, anormal uşaq doğmağa və doğulan uşaqda anadangəlmə qalxanabənzər vəzin xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, ana yod ehtiyacını lazımi qədər təmin edə bilməzsə, bətnindəki körpəsi zehni problemlərlə doğula bilər. Yaşının nəsilartırma mərhələsində olan qadınlarda yod çatışmazlığı hamiləliyin baş tutmamasına təkan verir. Hamilələrdə yod təlabatı döl 2-3 aylıq olarkən daha çox artır, bu aylarda bətndəki körpənin beyin inkişafı demək olar ki, tamamlanır.

Bu problemə uşaqlarda rast gəlinirsə, demək, onların yaddaş və əqli xüsusiyyətlərində hansısa mənfi cəhətlər meydana gəlmək ərəfəsindədir.

Yod təminatını daha çox yodlu duzlardan alırıq, bundan əlavə dəniz məhsulları, pendir və qatıq, yumurta, tərəvəzlər də yod mənbəyidir. Bir kasa qatıq gündəlik yod ehtiyacının təxminən  60%-ni , 1 stəkan süd 40%-ni , 1 yumurta 20%-ni təmin edir. Meyvələrin tərkibində az olan yod karolyokun (xurma) və çiyələyin tərkibində nisbətən çoxdur. İspanaq, soya paxlası, şalğam, pazı, balqabaq, quru paxla və sarımsaq kimi tərəvəzlərin yod nisbəti yüksəkdir. Bu tərəvəzləri eyni zamanda vitamin qaynağı və antioksidan olaraq istehlak edə bilərsiniz. Qidalardakı yod miqdarı yetişdikləri torpağın yod nisbətinin az və ya çox olması ilə əlaqədardır. Balıqlar (xüsusilə duzlu su balıqları ) yod baxımından olduqca zəngindir və yod qaynağı olaraq istehlak edilə bilər. Yüksək yod faizi olan yodlu balıqlar arasında ilk sıralarda ton balığı, vitinq, soyuq su və dərin dəniz balıqları yer alır. Krevet və digər qabıqlı dəniz canlıları da yod çatışmazlığının qarşısını almaq  üçün istifadə edilə bilər.

1 qram yodlu duzdakı yod miqdarı 70 mikroqramdır, yəni orqanizm hər gün 2 qram yodlu duz qəbul etsə, gündəlik yod ehtiyacını ödəmiş olur. Yodlu duz qəbul etdiyimiz müddət ərzində bədən tələbatını qarşılayır, amma yodlu əvəzində sadə duz istifadə etdiyimiz gündən etibarən bədən yenə yod çatışmazlığı yaşayacaq. Çünki orqanizm özü yod istehsal edə və depolaya bilmir, bu səbəbdən də gündəlik qəbul edilməsi vacibdir. Yodlu duz nəm olmayan sərin yerdə, şüşə qabda saxlanmalıdır. Bundan əlavə, yodun uçmaması üçün yeməyə duzu bişib qurtardıqdan sonra və ya süfrəyə verərkən əlavə edilməlidir. Yemək qaynayanda duzun tərkibindəki yod təsirini itirir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iddia edir ki, mağazalarda həmçinin yodlaşdırılmış duz adı ilə texniki duz satılır: “Ölkədə yodsuz duzun satışı qadağandır, hətta qanuna görə heyvanlara yem məqsədilə verilməsi də qadağandır. Lakin supermarketlərdə bu cür yodsuz duzlar satılır. Bu duzlar Şəki, Gəncə, Daşkəsəndə çox yayılıbdır. Əhali alarkən buraxılma tarixi və yaralılıq müddətinə diqqət yetirsin, əsl duzda bu yazılar döymə üsulu ilə vurulub, kustar üsullarla hazırlanan duzlarda isə adi yazı ilə yazılıb”.

Qeyd edək ki, tərkibində 99,8 faiz natrium-xlorid olan duz kefiyyətli sayılır. Bunlar ekstra duzlardır və beynəlxalq tələblərə cavab verir.  Ölkəmizdə 2001-ci ildə qəbul olunan “Duzun yodlaşdırılması haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və ölkəyə daxili qadağan olunub. Bu MDB məkanında yeganə qanundur və effektiv olacağı elə qəbul edildiyi zaman hiss edilirdi. Bu səbəbdəndir ki, qanunun qəbulundan sonra Azərbaycanda bu xəstəliklərin miqdarı dəfələrlə azalıb. Azərbaycanda yodlaşdırılmış duzdan istifadə edən əhalinin faiz göstəricisi 2001-ci ildə 41 faiz idisə 2007-ci ildə bu göstərici 77 faiz oldu.

Altay Bayramlı





Həftənin ən çox oxunanları