Yuxarı

“Qara bazar” da çökdü

“Qara bazar” da çökdü

Devalvasiyadan sonra xarici valyutanın daha çox axtarıldığı və satıldığı "Qara bazar"da bayram günlərində, necə deyərlər, "çiçəklənmə dövrü" yaşanır. Çünki bu ərəfədə həm ölkəyə xeyli sayda turist gəlir, həm də qeyri-iş günü olduğu üçün banklar fəaliyyət göstərmir. Bunun nəticəsi olaraq həm milli valyuta əldə etmək istəyən turistlər, həm də xarici valyutaya ehtiyacı olan vətəndaşlar “Qara bazar”a üz tutmağa məcbur olur. Təbii ki, "Qara bazar"ın da öz yazılmamış qanunları var və bu da bütün hallarda həm xarici qonaqları, həm də elə yerli vətəndaşları narazı salır.

Cebhe.info əməkdaşı  bayram günlərinin davam etdiyini nəzərə alıb vəziyyətin nə yerdə olduğunu müşahidə etmək üçün “Qara bazar”a üz tutub.

Hər zaman olduğu kimi, yenə də “28 May” metrostansiyasının ətrafında “Qara bazar” aktiv fəaliyyətini davam etdirir. İlk baxışdan təəccüblü bir halla qarşılaşırıq. Hər zaman “Qara bazar” nümayəndələri müştərini sözün əsl mənasında elə metronun çıxışında qarşılayırdı. Bu dəfə isə metrodan çıxanda potensial müştəriləri ilk olaraq polislər qarşılayır. “Qara bazar” nümayəndələrindən heç kim gözə dəyməir.

Düzü, bu hal bizi xeyli təəccübləndirdi. Ancaq bu təəccüb cəmi 30-40 saniyə çəkdi. Metrodan çıxan kimi sola dönüb 40-50 addım atmışdım ki, axtardığımız "mənzərə" ilə qarşılaşırıq.

İlk yaxınlaşan “Qara bazar” nümayəndəsi ilə söbətləşirik.İlk olaraq diqqətimizi dolların kursuna yönəldirik:

-Dolların kursu neçəyədir?

-1.56-ya alırıq, 1,59-ya satırıq.

İlk baxışdan qiymətlər cazibəli görünür. Çünki hələ bayram günləri başlamamışdan, yəni banklar normal fəaliyyət göstərəndə 1 dolların kursu 1.61-1.65 AZN arası dəyişirdi.

Həmsöhbətim bildirir ki, əgər 1000 dollardan yuxarı pul dəyişsək,  1 dollar=1.57 AZN ilə də etmək mümkündür.

Bayram günlərində turistlərin ölkəmizə səfərini nəzərə alaraq, onların “Qara bazar”la münasibətini elə həmsöhbətimizdən soruşuruq.

-Turistlər sizə müraciət edirlərmi?

-Əlbəttə, edirlər. Ancaq bu proses demək olar ki, dünəndən tam dayanıb. Novruz Bayramı günlərində müraciətlər daha çox olurdu.

-Həmin günlərdə nə qədər dollar və ya manat sata bildiniz?

-Demək olar ki, heç nə qədər. 3 gün ərzində cəmi 400 dollar xırdalamışam.

-Niyə? Bəs deyirdiniz müraciət edən turistlərin sayı çox olub?

-Düzdür, müraciət edənlər çox idi, ancaq qiymətlərə görə pullarını xırdalamaqdan imtina edirdilər.

-Bayram günlərində dolları neçəyə alırdınız ki?

-Biz 3 gün ərzində dolları 1.45, 1.46 məzənnə ilə alırdıq.

-Bəs neçəyə satırdınız?

-Elə bugünki kimi, 1.58 və ya 1.59

-Bu qiymətlərlə dollar xırdalayan olurdumu?

-Kimə vacib pul lazım idi, ancaq onlar xırdalayırdı. Başqaları nəinki pul xırdalamaq, heç "sağ ol" da demədən burdan uzaqlaşırdı.

-Polislərlə münasibətiniz necədir? Sizi incitmirlər ki?

-Yox, onlar artıq bizi tanıyırlar, biz də onları. Yaxşı yola gedirik. Hamımız müsəlmanıq, bir tikə çörək pulu qazanırq. Bir-birimizi yola verməliyik.

Bunu dedikdən sonra həmsöhbətimiz bizimlə sağollaşaraq işinin başına döndü. Yeni müştərilər axtarmağa...

“Qara bazar”la bağlı davamlı olaraq çoxlu material hazırlasaq da, ancaq bugünkü təəssüratlarımız tamam başqa cür oldu. İlk növbədə “Qara bazar” nümayəndələrinin bu əməliyyatları məhz polislərin yanında apardıqları və polislərinsə buna çox sakit, sanki leqal bir proses kimi qarşılamaları idi. “Qara bazar”ı ilk dəfə görən bir şəxs bunun hansısa komersiya bankının sanki “səyyar küçə filialı” olduğu qənaətinə gələr. Bu gün gördüklərimizdən, az qala, özümüz də buna inanmağa başlamışdıq...

Mühafizəçi polislər, əməliyyat aparan “mütəxəsislər” məhz bank filialı görüntüsü yaradırdı. Hələ vəsait çox olanda “kassaya” gedib pul gətirən nümayəndələri demirəm. Bir sözlə, komersiya bankının “səyyar küçə filialı”, “Qara bazar” bu gündə adəti üzrə tam fəaliyyətində idi.

Bu növ qara ticarət ölkəyə təbii ki, baha başa gəlir. İlk növbədə, ən çox Novruz Bayramında gördüyümüz turistləri bir daha görə bilməyəcəyik. İkincisi isə, ölkəmizi gəzməyə gələn turistlərin narazı halda öz vətənlərinə qayıtması... Təbii ki, bunun ən böyük problemini isə elə biz özümüz yaşayacağıq. Ölkəyə gələn turistlərin sayının azalması, birbaşa olaraq ölkə iqtisadiyyaatına zərbədir.

Halbuki bu problemləri Mərkəzi Bank və hökumət əvvəlcədən görməli və qabaqlayıcı tədbirlər görməli idi. Ancaq çox təəssüf ki, yenə də bu qurum öz fəliyyətsizliyi ilə seçildi. Yalnız 24 martda  Mərkəzi Bank fəaliyyət göstərən bankların siyahısını açıqladı. Ancaq bu bankların necə fəaliyyət göstərdiyi yenə də sirr olaraq qaldı.

Bayram günləri adətən “Qara bazar”ın çiçəkləndiyi vaxt olur. Ancaq bu “çiçəklər” xarici qonaqların və vətəndaşların heç də ürəyincə olmur.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları